|
|
|
|

"DH-Hüquq Consulting" Şirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi
İlham Əliyev
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dönəmində, 1969-1982-ci illərdə respublika iqtisadiyyatının inkişaf etdirilməsilə bərabər, cəmiyyətdə düzgünlüyün, haqq-ədalətin qorunmasına da ciddi diqqət yetirilib. Korrupsiyanın tüğyan etdiyi o dövrdə hamı bu barədə sussa da, ümummilli lider mövcud problemin həllinə mühüm önəm verib. Çünki bu, Heydər Əliyev siyasətinin, idarəçiliyinin əsas prinsiplərindən biri idi. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumunda Heydər Əliyev qanunların aliliyinin və insan hüquqlarının yüksək səviyyədə təmin edilməsinin əhəmiyyətinə toxunaraq deyirdi: "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışlarında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bizim işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar".
Bundan neçə illər sonra-2000-ci il iyun ayının 22-də Azərbaycan mətbuatının 125 illiyi ilə bağlı keçirilən yubiley toplantısındakı çıxışında ulu öndər o dövrü xatırlayaraq deyirdi: "70-ci illərdə Hüquq fakültəsinə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, Hüquq fakültəsinə qəbul olunanların 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra oğlu, sonra da nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs o Hüquq fakültəsinə necə daxil olsun? O vaxt Hüquq, Tarix, Şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairədə çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhvali-ruhiyyə yaratdı. Mən bunu millətimizə görə etdim".
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dönəmində də qanunun aliliyinə mühüm önəm verdi. Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə respublikada hakimiyyətin səriştəsiz siyasəti nəticəsində anarxiya, özbaşınalıq, xaos hökm sürürdü, məhkəmə-hüquq sistemində qeyri-sağlam ab-hava vardı, haqq-ədalətin pozulması adi hal almışdı, iqtisadiyyatda ciddi böhran yaşanırdı. Belə mürəkkəb, ağır, acınacaqlı bir zamanda - 1993-cü ilin iyununda ulu öndər hakimiyyətə gəldikdən dərhal sonra ölkədə qanunçuluğun bərqərar olunması istiqamətində ciddi tədbirlər görülməyə başlandı.
Heydər Əliyevin rəhbərliyi altında geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya dövlət quruculuğunda köklü islahatlara yol açdı. Bu ali sənəddə müstəqil, şəffaf məhkəmə sisteminin fəaliyyətini müəyyənləşdirən əsas prinsip və normalar öz əksini tapdı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, eyni zamanda, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı. Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv edildi.
Heydər Əliyev hüquqi dövlət quruculuğunun, ədalətli cəmiyyət ideallarının Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edirdi: "Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ədaləti bərpa etmək lazımdır".
Azərbaycan Prezidentinin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı və 18 iyun 1998-ci il tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq olunması haqqında" sərəncamı da insan hüquq və azadlıqlarının qorunmasında mühüm önəm daşıyır.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ən ciddi qərarlardan biri də ölüm hökmünün ləğv edilməsi oldu. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirdi, bu tarixi bəyanatın zəruriliyini əsaslandırdı. Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəklədi və 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etdi. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar eyni zamanda Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq, sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlirdi. Həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı atmamışdılar. Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxardı.
Müasir dövrdə insan hüquq və azadlıqlarının təminatı sosial rifah, iqtisadi tərəqqi amilləri ilə sıx bağlıdır. Başqa sözlə, hər bir dövlətdə insan hüquq və azadlıqlarının qorunması üçün ilk növbədə insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Son 10 il ərzində milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması baxımından demokratik inkişafı olduqca vacib sayan cənab İlham Əliyev də insan hüquq və azadlıqlarının təminatına mühüm önəm verib.
Prezident İlham Əliyevin bu gün qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri bütün məmurların insanlara həssas münasibət, qayğı göstərməsidir. Məhz buna görə də dövlət başçısı xüsusi olaraq vurğulayır ki, bütün vəzifəli şəxslər, məmurlar vətəndaşlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməli, problemlərinin həlli istiqamətində müvafiq addımlar atmalıdırlar. Dövlət başçısının özü də fəaliyyətilə, atdığı addımlarla vəzifəli şəxslərə nümunə göstərir. Dövlət başçısı hər zaman xalqa arxalandığını, xalqdan güc aldığını böyük qürur hissi ilə bildirir və əsas missiyasını da xalqa xidmətdə görür. Eyni zamanda, əldə edilən sosial-iqtisadi uğurların əsasında xalqa arxalanmanın, xalqdan dəstək almanın dayandığını vurğulayır.
Dövlət başçısının ötən 10 ildə insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi, şübhəsiz ki, onun yüksək humanizminin bariz ifadəsidir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu bu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev sözügedən dövrdə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini reallaşdırıb. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə daim çalışır.
Hazırda respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın son 10 ildə qazandığı ən mühüm uğurlar sırasındadır. Bir az əvvəl qeyd etdiyimiz kimi, bu müddətdə cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirib, bu siyasi xətti özünün konkret addımları ilə mükəmməl elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırıb. Buna əyani misal kimi dövlət başçısının sözügedən dövrdə 22 əfv fərmanı imzalamasını və 4000-dən artıq məhkumu əfv etməsini vurğulamaq olar. Həmin fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara da şamil olunması Azərbaycanda kifayət qədər möhkəmlənmiş demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. Bu məqam, eyni zamanda, cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.
Yeri gəlmişkən, dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu qurumları bu gün cənab İlham Əliyevin insanpərvər, xalqa bağlı dövlət başçısı olduğuna tez-tez diqqət çəkirlər. Məhz ölkə Prezidentinin 2007-ci il 17 iyun tarixli fərmanı ilə Azərbaycanda hər il 18 iyun tarixinin "İnsan hüquqları Günü" kimi keçirilməsi möhtərəm dövlət başçısının insan hüquq və azadlıqlarının təminatına həssas münasibətin bariz təcəssümüdür.
Cənab İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk vaxtdan hüquqi dövlətin yaradılmasına, demokratikləşmə xəttinin daha da dərinləşdirilməsinə xidmət edən genişmiqyaslı islahatlar həyata keçirir. Ölkəmizdə qanunvericilik sisteminin liberallaşdırılması, siyasətdə insan və vətəndaş amilinin həssaslıqla önə çəkilməsi, hüquq və azadlıqların qorunması Azərbaycan Prezidentinin demokratik ruhlu lider olduğunu təsdiqləyir. Onu da xatırladaq ki, sözügedən sahədə islahatların ardıcıl şəkildə həyata keçirilməsi respublikada demokratikləşmə prosesinin daha da sürətlənməsinə, vətəndaş cəmiyyəti təsisatlarının gücləndirilməsi yolu ilə hakimiyyət üzərində ictimai nəzarətin təminatına xidmət edir.
Cənab İlham Əliyev prezident fəaliyyəti göstərdiyi ötən müddətdə insan hüquq və azadlıqlarının təmini istiqamətində bir sıra mühüm sənədlər imzalayıb. Bu baxımdan möhtərəm dövlət başçısının 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamı müstəsna əhəmiyyətə malikdir. Sərəncamda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, adı çəkilən Milli Fəaliyyət Planı insan hüquqlarının təmini üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olub.
Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı da respublikada insan hüquqlarının etibarlı təminatında və demokratikləşmə kursunun layiqincə davam etdirilməsində mühüm rol oynayıb. Xatırladaq ki, həmin proqram insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlib. Çoxşaxəliliyi ilə fərqlənən, mühüm və konseptual sənəd olan adı çəkilən proqramın hazırlanması prosesində müsbət beynəlxalq təcrübədən istifadə edilib. Bu sənəd hər bir dövlət orqanı qarşısında konkret vəzifələr qoymaqla yanaşı, həm də diqqəti qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin, miqrantların, qaçqın və məcburi köçkünlərin, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın hüquqlarının daha etibarlı qorunması, hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyənləşdirilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımların atılmasına yönəldir.
Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir. İnsanların mənəviyyatını korlayan, cəmiyyəti iflic edən bu bəla səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, iqtisadi inkişafı çətinləşdirir, qanunun aliliyinə, demokratiyaya, insan hüquqlarına, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır. Ona görə də dövlətimiz korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınmasını daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirir. Onların bir qisminə nəzər salaq. 2004-cü ilin mart ayından Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həmin ilin aprel ayından isə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Ölkə başçısının 28 iyul 2007-ci il tarixli sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" (2007-2011-ci illər) təsdiq edilib. 2011-ci ilin əvvəlində cənab İlham Əliyev Azərbaycanda dayanıqlı inkişafın təmin olunması məqsədilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini dövlət siyasətinin prioriteti elan edib.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti tərəfindən ölkədə korrupsiyanın qarşısının alınması üçün ildən-ilə hüquqi və iqtisadi sistemlər təkmilləşdirilir. Bu bəlanı yaradan hallar həm qanunvericilik, həm də müvafiq strukturlar və hüquq-mühafizə orqanları vasitəsilə aradan qaldırılır, əməli tədbirlər reallaşdırılır. Bütün bunlar isə respublikamızda şəffaflığın təmin olunduğunu və korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını təsdiqləyir.
"Prezident o vaxt sevinir ki, onun xalqı sevinir" - deyən cənab İlham Əliyevin bu sözləri dövlət başçısının xalqa münasibətinin ən bariz ifadəsi, insanlara diqqətlə, qayğıkeşliklə, həssaslıqla yanaşmasının göstəricisidir. Bu mənada Azərbaycanda əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşmasının, hüquq və azadlıqların etibarlı şəkildə qorunmasının, "hökmdar qanun deyil, qanun hökmdardır" prinsipinə dönmədən əməl edilməsinin əsasında Prezident-Xalq birliyi, bağlılığı, eyni zamanda, tərəflər arasında səmimiyyət dayanır və bu qarşılıqlı etimad, inam gələcək uğurların təməl prinsipinə çevrilir.



