
Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən RENEISSANSE-Aktau otelində dövlət qurumları, ziyalılar, diplomatik korpus nümayəndələri və diasporamızın iştirakı ilə Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir keçirilib
525.az-a daxil olan məlumata görə, tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin 20 illik fəaliyyəti ilə əlaqədar olaraq yubiley tədbiridə keçirilib.
İlk öncə qonaqları salamlayan Baş konsul R.Məmmədov həmrəylik günü münasibəti ilə tədbir iştirakçılarını salamlayaraq, həmrəylik gününün tarixi barədə ətraflı məlumat vermişdir. Baş konsul çıxışında ulu öndər Heydər Əliyev tərəfindən 1991-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zaman dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi və həmin dövrdən xalqımızın yaşadığı dünyanın bir çox ölkəsində bu bayramın qeyd edildiyini bildirdi.
Cari il ərzində Baş konsulluq tərəfindən həyata keçirilən fəaliyyətlə bağlı, o cümlədən, iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin işkişaf etdirilməsində, diasporamızın rastlaşdığı problemlərin həlli və digər məsələlərlə bağlı olaraq Manqistau vilayətinin akimi (qubernatoru) A.Aydarbayevə və Aktau ş. akimi (meri) E.Janbırşinə Baş konsulluq tərəfindən ünvanlanmış təşəkkür məktubları, digər hökumət üzvləri, kiv nümayəndələri və bir sıra ictimai qurumların rəhbərlərinə fəxri fərmanlar təqdim edildi. Ölkəmizin təbliğatı, diasporamızın fəaliyyəti, Qazaxıstanın qərb bölgələrində yaşayan azərbaycanlıların təşkilatlanması sahəsində və digər məsələlərdə əməyi olmuş diaporamızın bir sıra nümayəndələrinə də cari ildəki fəaliyyətlərinə görə Baş konsulluq tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.
Tədbir zamanı çıxış edən Aktau şəhər akimi (meri) E.Janbırşin bayram münasibəti ilə görüş iştirakçılarını təbrik edərək, iki xalq arasında münasibətlərin tarixindən, Qazaxıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı haqqında, Qazaxıstan dövləti tərəfindən ölkədə yaşayan digər xalqlarla bağlı aparılan dövlət siyasəti barədə məlumat vermişdir.
Baş konsul R.Məmmədov, həmçinin, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yubileyi ilə bağlı olaraq çıxış edərək görüş iştirakçılarına cəmiyyətin 20 illik fəaliyyəti barədə danışmış, cəmiyyətin prezidenti Eldar Günaydın tərəfindən bu illər ərzində görülmüş işlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Dostluq Cəmiyyyətinin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı olaraq, cəmiyyətin prezidenti E.Günaydın da Baş konsulluq tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yubileyi ilə əlaqədar, bir daha çıxış edən Aktau ş. akimi (meri) E.Janbırşin cəmiyyətin Azərbaycan Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində, iki ölkənin ictimai elitası arasında əlaqələrin genişləndirilməsində səmərəli fəaliyyətini vurğulayaraq, cəmiyyətin prezidenti Eldar Günaydına Qaxazstanın Manqistau vilayətinin 40 illik yubileyi ilə əlaqədar təsis olunmuş medalla təltif olunduğunu bildirərək, həmin medalı təqdim etmişdir.
Tədbir zamanı, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və iqtisadiyyatını əhatə edən kitab və jurnalların sərgisi keçirilmiş, ölkəmizin turizm potensialı və imkanlarını əhatə edən məlumat lövhəsi qurulmuş, broşürlar paylanılmış, Aktauda fəaliyyət göstərən “Qarabağ” ansamblının ifasında Azərbaycan musiqiləri, həmçinin “Əhval” Qazax rəqs qrupunun ifaları nümayiş olunmuşdur.



