
Artıq 5 ildən çoxdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani 3068 küçəsində, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin binasının sakinləri öz mənzillərində bərbad həyat tərzi sürməyə məhkum olublar. Hələ bir neçə il bundan əvvəl tamamlanması nəzərdə tutulan inşaat və təmir işləri bu günə kimi yekunlaşmayıb. Bu binanın həyəti, qarajı, blok və hətta yolları da normal yaşayış şərtlərinə uyğun gəlmir.
Dekabrın 23-də kompleksin sakinləri yaşadıqları ünvanda etiraz aksiyası keçiriblər. Aksiyada 200 nəfərə yaxın iştirakçı olub. Sakinlər keçirilən tədbirdə öz problemlərindən mətbuat nümayəndələrinə danışıblar.
Sakinlər, ilk olaraq, kompleksin nə istirahətə, nə də gündəlik istifadəyə yararlı olan yöndəmsiz həyətindən və yollarından gileylənirlər. Tikinti ilə əlaqədar həyətin bərbad vəziyyətini görəndə dəhşətə gəlməmək mümkün deyil. İnşaat işlərinə görə kompleks sakinləri üçün nəzərdə tutulmuş qarajın bir hissəsini bağlayıblar. Qalan hissənin yarısını da mətbəə üçün ayırıblar. Qeyri-qanuni hörülmüş divarlar müxtəlif obyektlərin tikiləcəyindən xəbər verir. "Bəs onda kompleksin təsdiq olunmuş tikinti planında göstərilən qaraj harada olacaq?" - deyə sakinlər şikayətlənirlər.
Binanın sakini, respublikanın Xalq artisti Qəndab Quliyevanın dedikləri: "Binanın qarajında yerləşdiyi mətbəəyə tez-tez külli miqdarda müxtəlif çap məhsulları, kağız və kardon gətirilir. Orada bir balaca qığılcımdan yanğın baş versə, onun qarşısını almaq mümkün olmayacaq, çünki yanğına qarşı heç bir avadanlıq yoxdur. Hətta hər yağışdan sonra qaraj su ilə dolur. Buralar şəlaləyə oxşayır".
Sakinlər bu cür şəraitdə - çirkab, palçıq və tozun içində yaşamağa məcburdurlar. Kompleks sakinləri məktubda daha bir neçə maraqlı fakt barədə məlumat verirlər. Bu yaşayış kompleksinin inşası 2010-cu ildə başa çatmalı idi. Lakin bina Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. Mənzil-Tikinti Kooperativinin rəhbərliyi tez-tez dəyişdiyindən bu barədə kimsədən hesabat almaq mümkün deyil. "Artıq bir neçə ildir ki, MTK rəhbərliyi mənzillərə qazın veriləcəyini vəd edir. Amma deyilənlərə əməl edən yoxdur. Bakı şəhərindəki bütün evlərin qazlaşdırılması ilə bağlı müxtəlif dövlət məmurlarının tez-tez çıxış etmələrinə baxmayaraq, sözügedən binadakı mənzillər hələ də qazla təmin olunmayıb", - deyir Qəndab Quliyeva.
Qeyd etmək lazımdır ki, MTK rəhbərliyi baxmayaraq ki, kompleksin sakinləri artıq neçə ildir bu çətinlikdə yaşayır, həmin binanın 1-ci mərtəbəsində yerləşən Qafqaz İnkişaf Bankına qeyri-qanuni yolla qaz çəkdirib. "Özləri üçün çalışıblar, ancaq bizi sakinləri unudublar və bunda ən qorxulu odur ki, qanunla hündürmərtəbəli binaların birinci mərtəbələrinə qaz xəttini çəkdirmək qadağandır. MTK rəhbərliyi respublikanın qanunlarını gördüyümüz kimi saymır. Bundan da başqa, axı bu bizim - sakinlərin həyatımızı təhlükə altına qoyur. Televiziya və mətbuat orqanlarından biz tez-tez binalarda qaz partlayışı haqqında xəbərlərlə rastlaşırıq. Belə getsə biz özümüz də bu siyahıya düşərik" - bunu isə binanın sakini Əfqan Əliyev deyir.
Bütün bunları bildikləri halda niyə MTK rəhbərliyi və müvafiq dövlət qurumları problemi həll etməyə cəhd belə göstərmir və sakinlərin qaz problemini kənardan sakitcə müşahidə edir? Axı hamı bilir ki, qazsız evdə yaşamaq necə çətindir: mənzili elektriklə qızdırmaq sakinlərə çox baha başa gəlir, bəzən isə mümkün olmur.
Keçirilən aksiyada qeyd olunub ki, layihəyə görə uşaq meydançasının, istirahət üçün oturacaqların olması nəzərdə tutulmuş kompleksin həyəti anlaşılmaz tikililərlə doludur.
Yığıncaqda iştirak edən kompleks sakinləri bir neçə məsələyə toxunublar. "Yeni tikilən yaşayış binalarındakı nizam-intizama kim cavabdehdir? Nə səbəbdən MTK sahibindən inşa olunmuş binanın vaxtında təhvili tələb olunmur? Bizim binamıza qazın verilməsi nədən asılıdır, kim buna mane olur: MTK, yoxsa hansısa dövlət qurumu? Niyə aidiyyatı dövlət qurumları kompleksin qanuni inşasına nəzarət etmir (kompleksin planına əsasən onun həyətində qanunsuz tikililər deyil, uşaq meydançası olmalıdır)?"
İsgəndər QULİYEV



