Bütün ölkəni əhatə edən və öz-özünü idarə edən bir şəbəkə var - bələdiyyələr. Əslində, onların özünü idarə etməsi üçün öz-özünü maliyyələşdirməsi də lazımdır. Bu baxımdan, bələdiyyələrə kifayət qədər maliyyə mənbələri verilibmi?
Məmurlar bu mənbələri kifayət hesab edir. "Bələdiyyələrin maliyyə əsasları haqqında" Qanunda göstərilir ki, bələdiyyə büdcəsi ölkənin büdcə sisteminin tərkib hissəsi olmasına baxmayaraq, dövlət büdcəsinin tərkibinə daxil deyil, müstəqildir. Heç bir orqan mövcud maliyyədən necə istifadə etmək haqqında bələdiyyələrə göstəriş verə bilməz.
Bələdiyyənin özünü dolandırmasına gəlincə, son illər bu qurumlar yalnız yığdıqları 4 növ vergi hesabına fəaliyyət göstərirlər. Bunlar Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən aşağıdakı növ vergilərdir: fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, və nəhayət bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Bu vergilərin dərəcələri vergi qanunvericiliyi ilə təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Lakin qanuna görə, bələdiyyələr öz ərazilərində bəzi kateqoriya ödəyicilərini vergilərdən tam və ya qismən azad edə bilər. Yaxud da, istəyərlərsə, vergi dərəcələrini azalda da bilərlər.
Bələdiyyələr tərəfindən toplanmalı olan fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydaları Vergi Məcəlləsi ilə tənzimlənir. Belə ki, Məcəllənin 198-ci maddəsinə əsasən, fiziki şəxslərin mülkiyyətində olan binanın inventar dəyəri 5000 manata qədər olduqda vergi tutulmur, 5000 manatdan artıq məbləğdən isə 0.1% əmlak vergisi ödənməlidir. İndiki halda bələdiyyələr mənzillərin sahəsini və layihəsini əsas götürərək vergi hesablayır.
"Vergilər yığa bilmirik"
Lakin son illər bələdiyyələr maliyyə qıtlığından, xüsusilə də vergiləri yığa bilmədiklərindən daha çox gileylənirlər. Nəsimi rayon bələdiyyəsinin sədri Asif Qurbanov deyir ki, əhali onların maliyyə problemindən xəbərdar deyil, odur ki, müxtəlif xahişlərlə müraciət edirlər: "Bəzən bizim funksiyamıza aid olmayan məsələlərlə bağlı da müraciət edirlər, bu zaman aidiyyəti orqanlar qarşısında məsələ qaldırırıq. Bizə aid olan məsələlərdə isə imkan dairəsində kömək edirik. Amma büdcəmiz azdır. Əgər reklam vergisi, gündüz avtomobil dayanacaqlarına verilən ödənişlər bələdiyyənin büdcəsinə gəlsəydi, biz çox iş görə bilərdik".
Badamdar qəsəbə bələdiyyəsində vəziyyət təxminən eyni cürdür. Bələdiyyədən bildirirlər ki, onlar imkanları çatan qədər aztəminatlı ailələrə maddi yardım göstərir, dəfn mərasimlərinin təşkilinə kömək edirlər. Lakin vergi yığmaya gəlincə, bu məsələdə ciddi problemlər var. Məsələn, ərazidə qeydiyyatsız evlər olduğundan, torpaq vergisini yığmaq olmur. Evlərin isə inventar dəyərinin bəlli olmaması əmlak vergisinin yığımını çətinləşdirir.
Əlavə vergi növü verilməlidir
"Mülki Cəmiyyətə Doğru" İctimai Birliyinin sədri Abil Bayramov da deyir ki, bələdiyyələrin maliyyə resursları kifayət qədər məhduddur. Çünki qanunla bələdiyyələrə verilən 4 növ vergidən faydalanmaq praktikada mümkün olmur: "Yeganə fiziki şəxslərdən torpaq vergisidir ki, demək olar bələdiyyələrin hamısı bu vergini yığa bilir. Amma təkcə bu mənbədən daxil olan vəsaitlər bələdiyyə büdcəsinin formalaşdırılmasına kifayət etmir. Çox nadir hallarda bu verginin yığılmasına 100 faiz nail olmaq mümkündür".
A.Bayramov deyir ki, digər vergilərin yığımında vəziyyət ürəkaçan deyil. Məsələn, heç də hər bir bələdiyyənin ərazisində yerli əhəmiyyətli tikinti materialları olmur. Olsa belə, bu vergini yığmaq da çətindir, çünki vergini ödəməyənlərə qarşı bələdiyyələrin təsir imkanları kifayət qədər məhduddur. Digər - mənfəət vergisindən yığım da yox dərəcəsindədir. Eləcə də, qeyri-mülki maliyyə mənbələrindən də kifayət qədər faydalanmaq olmur. Məsələn, bələdiyyə yalnız öz torpaqları və mülkiyyətlərində olan ərazilərdə reklam pulunu toplaya bilər. Amma əksər hallarda bundan yararlanmaq olmur. Avtomobil dayanacağı kənd yerlərində aktual deyil, şəhər yerlərində isə bələdiyyəyə bu işi görməyə imkan vermirlər. Yaxud, heç də bütün bələdiyyə ərazilərində mehmanxana yoxdur və s.
Ekspertin sözlərinə görə, bələdiyyələr üçün ən əhəmiyyətli mənbələrdən biri də fiziki şəxslərdən əmlak vergisidir. Lakin bu məsələ də problemlərdən xali deyil. Əsas narahatlıq on dadır ki, bu vergi fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın inventar dəyərinə uyğun olmalıdır: "Amma əksər yerlərdə bu inventar dəyərin miqdarı bəlli olmadığına görə, həmin vergini toplamaq olmur. Düzdür, bəzi bələdiyyələr özlərinin müəyyənləşdirdiyi qaydada toplayırlar. Amma bu, çox az bələdiyyələr edə bilir".
Hüquqi şəxslərin əmlak vergisini də
bələdiyyə yığa bilər?
Bu baxımdan, ekspert hesab edir ki, bələdiyyələrin maliyyə potensialının artırılması, onlara dayanıqlı maliyyə mənbələrinin verilməsi istiqamətində ciddi qanunvericilik dəyişikliklərinə ehtiyac var: "Biz hüquqi şəxslərin əmlak vergisinin də bələdiyyə büdcəsinə verilməsini təklif edirik. Bu mənbə bələdiyyələrə verilsə, onların fəaliyyətinin müəyyən qədər genişləndirilməsinə şərait yaradıla bilər. Hazırda hüquqi şəxslərin əmlak vergisindən büdcəyə 150 milyon manatlıq vəsait daxil olur. Bu, ümumilikdə bələdiyyələrin məcmu gəlirlərindən bir neçə dəfə çoxdur. Bu mənbə özünüidarə orqanlarının işində əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər. Çünki maddi resursları zəif olduğundan, bələdiyyələr keyfiyyətli xidmət də göstərə bilmirlər".
Bu istiqamətdə digər təklif isə paylı vergi sistemi tətbiqi ilə bağlıdır. Bunun üçün müəyyən vergilərdən bələdiyyələrin büdcəsinə pay verilə bilər. A.Bayramov deyir ki, bu dəyişiklikləri tətbiq etmək üçün konstitusional islahatlara ehtiyac yoxdur. Sadəcə bir sıra qanunlara - Vergilər Məcəlləsi, "Bələdiyyələrin maliyyə əsasları haqqında" və s. qanunlara dəyişikliklər etmək kifayətdir. Qanunvericilikdə daha dəqiq vergitutma mexanizmi təsbit olunmalıdır.
Vergilər Nazirliyi bələdiyyələrlə bağlı böyük bir layihəni reallaşdırmağı planlaşdırır. Lakin bunlar əlavə vergi mənbələrinin verilməsi ilə əlaqədar deyil. Hələlik Vergilər Nazirliyi "Bələdiyyələrin elektron uçotu"nun qeydiyyata alınması üzərində çalışır.
Hələlik mümkün deyil
Millət vəkili, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bələdiyyələrə ayrı vergi növünün verilməsi yalnız qanunlara uyğun olmalıdır. "Qanun qəbul edilib və orada yalnız fiziki şəxslərdən əmlak vergisinin yığılması nəzərdə tutulub. Hüquqi şəxslərin əmlak vergisi tamamilə başqa subyektdir". Vahid Əhmədov hesab edir ki, bələdiyyələr öz səlahiyyətlərində olan vergi növlərini vaxtında yığa bilsələr, bu, elə kifayət qədər vəsait edər".
Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə isə etiraf edir ki, bələdiyyə ölkə həyatı üçün çox vacib bir struktur, vətəndaş cəmiyyətini formalaşdıran əsas amillərdən biridir. Lakin onların əksəriyyəti qanunla verilən imtiyazlardan tam istifadə edə bilmir: "Bu gün bələdiyyələrə torpaq sahəsi ayrılmayıb, müvafiq xəritə verilməyib, onlar normal vergi yığa bilmir, reklam ödənişlərini toplaya bilmirlər". Bununla belə, komitə sədri bələdiyyələrin özündən də müəyyən qədər aktivliyin olmasını vacib sayır: "Hüquqi şəxslərdən əmlak vergisinin toplanması çox ciddi fəaliyyətdir. Gələcəkdə, bələdiyyələr ölkənin siyasi həyatında daha yüksək səviyyəyə qalxa bilsələr, bəlkə də bu vergi növünün onlara verilməsi mümkün olar. Amma indiki halda, bu təklifin reallaşacağı o qədər də ağlabatan deyil".
F.SABİRQIZI



