
Yeni il münasibətilə keçirilən tədbirlərdə, xüsusən də Yeni il şənliklərində insanların kütləvi şəkildə toplaşmasını, bu tədbirlərdə məktəblilərin, azyaşlıların daha çox iştirak etməsini nəzərə alaraq yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi diqqət yetirilməlidir. Bəzən böyüklər tərəfindən yanğın təhlükəsizliyinə laqeyd münasibət, uşaqların nəzarətsiz qalması, yanğın təhlükəsizliyi qaydalarının müxtəlif formalarda pozulması bayram şənliklərinin xoşagəlməz hadisələrlə bitməsinə gətirib çıxarır. Buna görə də Yeni il şənliklərini təşkil edərkən yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsini bilmək, müvafiq maarifləndirmə işlərini aparmaq, yanğın təhlükəsizliyi qaydalarına azyaşlılar və məktəblilər tərəfindən əməl olunmasına nəzarət etmək vacibdir.
Mədəni-maarif ocaqlarında, tədris müəssisələrində, məktəblilərin, azyaşlıların çox toplaşdığı yerlərdə Şam ağacı xaricə iki sərbəst çıxış yolu olmaqla, ikinci mərtəbədən yuxarı olmayan, yanmayan arakəsmələri olan otaqlarda qurulmalıdır.
Yeni il şənlikləri keçirilən binalar yanğın təhlükəsizliyi ilə bağlı tikinti norma və qaydalarına tam cavab verməlidir.
Birinci mərtəbədəki ehtiyat çıxış yolu birbaşa küçəyə və yaxud ikinci mərtəbədən qısa dəhlizlə birbaşa pilləkən qəfəsinə çıxmalıdır. Şam ağacı qurulan binaların divarları, üst örtüyü və arakəsmələri odadavamlı olmalıdır. Yolka şənliyi keçirilən otaqların qapıları mütləq çölə açılmalıdır. Gündüz və axşam şənlikləri zamanı qapılar açıq saxlanılmalıdır. Ehtiyat çıxış qapıları üzərində yaşıl elektrik işığı ilə "çıxış" sözü yazılmış göstərici lövhə asılmalıdır. Şam ağacı qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyelərin və s. ehtiyat çıxış qapıları da bu cür işıqlandırıcı göstəricilərlə və tez açıla bilən cəftə ilə təmin olunmalıdır.
Şam ağacı qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Birinci növbədə şam ağacı yerə möhkəm bərkidilməli, bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın. Şam ağacını işıqlandırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalıdır. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Şam ağacına quraşdırılmış elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırma zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
Yolka işıqlandırılarkən istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik şitinə və yaxud razetkaya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə, presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır.
Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, şam ağacını - yolkanı işıqlandırarkən elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.
Unutmaq olmaz ki, Şam ağacı şamlarla işıqlandırmaq ciddi yanğın təhlükəsi yaradır. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək olmaz. Şam ağacının tezalışan materiallardan hazırlanmış oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi də olduqca təhlükəlidir. Bu səbəbdən də Şam ağacını oddanqoruyucu maye hopdurulmamış pambıqla bəzəmək, budaqlarından tezalışan materiallardan hazırlanmış oyuncaqlar asmaq, yolkaya bertole duzu səpmək qadağandır.
Yeni il şənlikləri zamanı pambıqdan, tənzifdən, kağızdan və digər tezalışan materiallardan tikilmiş paltarlar geymək olmaz.
Şam ağacının quraşdırıldığı otaqlarda atəşfəşanlıq düzəltmək, benqal şamları yandırmaq qadağandır.
Yeni il şənliklərinin keçirildiyi otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir.
Yeni il şənliklərinin keçirildiyi bütün yerlər dövlət yanğın nəzarəti qurumlarının nəzarətində olmalıdır. Şənliyin təşkilatçıları, onun hər bir iştirakçısı həmin qurumların əməkdaşlarının yaxın köməkçisi olmalı, Şam ağacı qurulan zaman yanğına qarşı qaydaların yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş halların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər.
Yeni il şənlikləri keçirilən yerlərdə texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində olmalı, onlar yanğın cəhətdən təhlükəsiz vəziyyətdə işləməlidirlər. Yeni il şənliklərindən əvvəl bütün təhlükəli nasazlıqlar və qəza halları aradan götürülməlidir. Şənliklər keçirilən hər bir yerdə baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.
Yeni il şənlikləri keçirilən müəssisələrdə yanğın təhlükəsizliyinə müəssisə rəhbərləri məsuliyyət daşıyırlar. Müəssisə rəhbərləri tərəfindən yeni il şənlikləri keçirilən yerlərin yanğın təhlükəsizliyinə məsul şəxs ayrılmalı, şənlik keçirilərkən sinif rəhbərləri, müəllimlər, tərbiyəçilər yanğın təhlükəsizliyi və yanğın zamanı təxliyə tədbirləri ilə əlaqədar təlimat almalıdırlar. Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Yeni il şənlikləri zamanı aşağıdakılar qadağan olunur:
- otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;
- atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;
- tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;
- oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;
- tamaşa vaxtı zalın işığının tam söndürülməsi;
- nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;
- yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.
Unutmaq olmaz ki, yalnız göstərilən qaydalara ciddi riayət etməklə Yeni il şənliklərini bədbəxt hadisələrsiz keçirmək olar.
Əzizə Lalayeva
Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin baş zabiti,
baş leytenant



