Öncəgörmədən söz düşəndə, istər-istəməz fantastik yazıçılar ağla gəlir. Onların bir çoxlarının hipotezləri zamanla elmi reallığa çevrilib. Amma fantast yazıçılar alim olmayıblar axı... Bəs hansı şəkildə onlar gələcəyi görməyi bacarıblar? Doğrudanmı, nəyisə görmüş və ya təxmin etmişlər? Bu suallar çoxlarını düşündürür: ancaq buna nə ötən əsrin ədəbiyyatçıları, nə də müasir müəlliflər cavab verməyə hazırlaşmırlar.
1619-1655-ci illərdə yaşamış Erkyul Savinyen Sirano de Berjarak "Başqa dünya və ya Ay dövləti və imperiyası" kitabında elmi fantastika janrının ən görkəmli nümayəndəsi Jül Verndən 200 il qabaq kosmosa uçuşları təsvir etmişdi. Əgər Jül Vern qəhrəmanını Aya top mərmisində göndərirsə, onun sələfi Sirano de Berjarak müasir kosmonavtikanın banisi Konstantin Eduardoviç Siolkovskidən on qərinə öncə bəyan edir ki, "bunun üçün çoxpilləkənli raketlərdən istifadə olunacaq".
Öz qəhrəmanını Aya göndərmək üçün Sirano "Bir neçə sıra uçan raketlər bağlanmış maşın" ixtira edir. "Alov raketlərin bir sırasını bürüdükdə - onlar altı sıra idi - cərgənin sonunda yerləşmiş sığorta sayəsində digər sıralar da növbə ilə atəş alır..." İndi kosmik gəmilər məhz bu prinsiplə - mühərriklərin mərhələli olaraq ardıcıl işə salınması prinsipi ilə orbitə çıxarılır. Bundan başqa, Sirano de Berjerak öz dövrünə görə kainatın, təəccüblü dərəcədə, dəqiq təsvirini verib:
"Düşünürəm ki, planetlər - Günəşin ətrafına fırlanan dünyalardır, donuq ulduzlar da günəşdir - hansı ki, onların da ətrafında fırlanan planetləri var, uzaqlığından irəli gələn kiçik ölçülərinə görə biz görmürük, onların işıqları bizə çatmır". Belə bir dahiyanə öncəgörmə, onu dilə gətirmə, yazıya alma üçün böyük cəsarət lazım idi. Çünki bu hipotezin səsləndirilməsindən cəmi əlli il qabaq "çoxsaylı dünyalar və sonsuz kosmos" fikrinə görə Cordano Bruno tonqalda yandırılmışdı.
Fransız yazıçısı, elmi-fantastik janrın ən görkəmli nümayəndəsi Jül Qabriel Vern (1828-1905), YUNESKO-nun "İndex Translationum" siyahısında, dünyada kitablarının tərcüməsinə və tirajına görə Aqata Kristidən sonra ikinci yer tutur. Ədəbiyyatçılar arasında yazıldığı vaxtdan reallığa çevrilən öncəgörmələrin ən çox hissəsi onun payına düşür.
Yəqin ki, Jül Vern sevənlər mənimlə razılaşar ki, yazıçının ən heyrətamiz əsəri "Paris XX əsrdə" (1863) antiutopiyasıdır. Burada yazıçı videorabitə və televiziyanı, göydələnləri, insanların yüksəksürətli qatarlarda səyahət etməsini təsvir edir. Cinayətkarlar isə elektrik qoşulması ilə edam edilirlər. Diqqət: elektrik stulu ilə edam bu əsərin yazılmasından 27 il sonra ilk dəfə ABŞ-da istifadə olunmağa başlayır. Romanda banklarda hesab işlərini maşınlar həyata keçirir, bütün planet teleqrafın köməyi ilə idarə olunaraq qlobal informasiya şəbəkəsi yaradılır. Hesab edirəm ki, burada, xəyali olaraq, "teleqraf" yerinə, "internet" sözünü qoysaq, əsərdə müasir dünyamızın mənzərəsi açılar.
Ümumilikdə 66 romanın, 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifi Jül Vernin bir çox əsərlərində öncəgörmələri var. Maraqlı fakt kimi onu da əlavə edim ki, görkəmli yazıçının "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunub.
Dünya ədəbiyyatında yaradıcılığı öncəgörmələrlə zəngin sirli yazarlardan biri də çoxşaxəli istedada malik, Amerika ədəbiyyatında elmi-fantastik janra töhfələr vermiş mistik şair Edqar Allan Podur. Edqar Po, necə deyərlər, "peyğəmbərlər" və "pisliklər" anlayışının bir sifətdə təcəlla edən forması idi. Qumara və içkiyə qurşanmasına görə böyük borclara düşən, Virciniya Universitetini yarımçıq qoyan gənc Edqar, daha sonra intizamsızlıq səbəbi ilə hərbi akademiyadan da atılır. Bir qədər sonra içki düşkünlüyünə, narkotikaya aludəçilik də əlavə olunur. Əgər "pisliklər" hissəsini davam etdirsək, həyatı mümkün olduğundan daha kədərli bitir: o qədər spirtli içki qəbul edir ki, onu tanınmaz səfil bir halda şəhərətrafı xəndəkdə tapırlar. Xəstəxanaya qaldırılsa da, yazıçını xilas etmək olmur. Ən müxtəlif mənbələrdə ölmə səbəbi kimi beyin şişi, şəkər, sifilis, epilepsiya, meningit, quduzluq, o vaxtlar Filadelfiyada yayılmış xolera göstərilsə də, Edqar Ponun ölümü sirr olaraq qalır.
Düşünürəm ki, təqdimat üçün yazıçının "Quzğun", "Anabel-Li", "Qızıl böcək", "Morq küçəsində qətl", "Mari Rojenin sirri", "Oğurlamış məktub" kimi dünyaca məşhur əsərlərini sıralamağa elə də ehtiyac yoxdur. Həm də ona görə ki, onların bir çoxu ekranlaşdırılıb: oxucuya da, izləyiciyə də yaxşı tanışdır.
Ancaq bir az əvvəl "peyğəmbərlər" deyə ayırdığımız hissəyə nümunə olaraq "Nantaketli Artur Qordon Pimanın sərgüzəştləri haqqında povest" (1838) romanına qısa nəzər salaq. Çünki romanda təsvir olunan hadisə tamamilə məntiqə sığmır, hökmü sizə buraxıram: gəmidə baş verən iğtişaş zamanı dörd nəfər sağ qalır. Fırtına göyərtədən bütün yemək ehtiyatlarını yuyub aparır: nə bir tikə çörək, nə bir udum su var. Dənizçilər sağ qalmaq üçün içlərindən birini yeməyi qərara alırlar. Ən kiçik saman çöpünü yunqa Riçard Parker çəkir.
1884-cü il... Romanın yazılmasından 46 il keçir. İngiltərədən Avstraliyaya "Minonet" adlı gəmi yola çıxır. Güclü fırtınaya düşən gəmi batmağa başlayır və bütün komandadan cəmi dörd nəfər qayıqla xilas ola bilir. Amma onların nə suyu, nə yeməyi var idi. Açıq dənizdə üzdüklərinin 16-cı günü dənizçilər xilas edilir. Qayıqda üç komanda üzvü var idi...
Kəmsavad dənizçilər çətin ki, Edqar Ponu oxumuş və ya romanı haqqında eşitmişdilər... Amma onların sağ qalmaq üçün yedikləri, gücdən düşmüş dördüncü yoldaşları idi...
Və bu dənizçinin adı Riçard Parker idi... Onları xilas edən "Montesuma" gəmisinin bütün komandası qayıqda qanlı insan qalıqları görmüşdülər. Evə qayıdan dənizçilərin başına gələnləri "Tayms" qəzeti yazır, nəticədə onlar məhkəməyə verilir. Məhkəmə hesab edir ki, "madam heç bir püşkatma olmayıb, onlar ən zəif dənizçini yeməklə düşünülmüş cinayət işlətmişlər". Hakim çaşqınlıq içində qalır, "yüngülləşdirici şərtləri" nəzərə alaraq, sağ qalanlara 6 ay katorqa cəzası kəsir.
1848-ci ildə San-Fransisko ətrafında dəmiryol işçisi Fineas Qeyc dəhşətli zədə alır: metal çubuq başının bir tərəfindən girib, o biri tərəfindən çıxır. Möcüzə kimi adam sağ qalır. Həkimlər hər tərəfdən onun üstünə tökülür, amerikalı nevroloqların araşdırma qrupu yaradılır, Harvard Universitetinin həkimlər kollegiyası Fineası nəzarətə götürür: məlum olur ki, zədədən sonra Qeycin şəxsiyyəti tamamiə dəyişib, o, sadəcə başqa adama çevrilib. Bütün araşdırmalardan sonra həkimlər bu qənaətə gəlirlər ki, "şəxsiyyət" anlayışında, onun formalaşmasında beyin yarımkürəsinin (lat. lobus frontalis) rolu böyükdür.
Niyə bu hadisəyə nəzər saldıq?
Məsələ ondadır ki, hələ 1840-cı ildə Edqar Po "İşbaz" hekayəsində uşaqlıqda beyin yarımkürəsindən eyni şəkildə zədə almış adamdan bəhs etmiş, bu zədədən sonra insanın mərhələli şəkildə necə dəyişərək qəddar bir sosiopata çevrilməsindən yazmışdı. Bu hekayə məşhur nevroloq Erik Altşuleri (Kaliforniya universiteti) heyran etmişdir: "Onlarla simptom mövcuddur və Po onların hər birini bilirdi. Bu hekayədə hər şey təsvir edilib, çətin ki, biz yeni bir şey biləcəyik... Hər şey o qədər dəqiqdir ki, sadəcə qəribədir. Sanki onun zaman maşını varmış".
Müasir fantast yazıçılardan da "üfüqün kənarlarına baxanlar" var ki, onların da təsvirləri çox etibarlı, öncəgörmələri heyrətamizdir. Belə fantast-yazarlardan Robert Enson Haynlaynın (1907-1988), Ser Artur Çarlz Klarkın (1907-2008), Stanislav Lemin (1921-2006) adlarını çəkərək, Rusiyanın Smolensk vilayətində doğulan, Amerika fantast yazıçısı, bioximik Ayzek Azimova (1920-1992) nəzər salmaq istərdim.
Əsasən, elmi-fantastik, fentezi, detektiv janrlarda yazan, 500-dən artıq kitabın müəllifi, "Hyuqo" və "Nebyula" mükafatları laureatı Azimovun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olub. Məsələn, robotics (robotexnika), positronic (pozitron), psychohistory (psixotarix) və s. O, ingilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
11 yaşında yazmağa başlayan, 19 yaşında ilk yazısını çap etdirən Paul Frenç psevdonimli yazıçının "Sonsuzluğun sonu", "Mən robotam", "Detektiv Elaydj Beyli və robot Deniel Olivo", "Təməlçilər", "Kosmik axınlar", "Robotlar və İmperiya", "Günəşin Tanrıları", "Dəmir mağaralar" kimi əsərləri bütün dünyada məşhurdur.
Bəs, Ayzek Yudoviçin bizi təəccübləndirəcək hansı öncəgörmələri var?
1964-cü ildə Nyu-Yorkda insanlığın əldə etdiyi ən son nailiyyətləri göstərən Ümumdünya sərgisi keçirilir. "Nyu-York Tayms" qəzetinin jurnalistlərinin ağlına onunla belə bir layihə etmək ideyası gəlir: "Məşhur fantast yarıməsr sonra dünyanı necə təsəvvür edir?"
Bu gün bu zaman kəsiyini geridə qoyduğumuz üçün, 1964-cü ildə mümkünü az kimi görünən, o brifinq zamanı səsləndirilən fikirlərin nəticələrinə nəzər salmaq maraqlıdır:
- Telefonlar ekranlı, üstümüzdə gəzdiriləcək qədər kiçik olacaq, qitələr arasında əlaqə peyklərlə yaradılacaq;
- Siz zəng etdiyiniz insanları görə biləcəksiniz. Displeydən sənədlərin, şəkillərin baxılması, kitabdan parçalar oxunması üçün istifadə olunacaq (Müasir planşet və smartfonlar - G.S.Ş.)
- Yeşiyə oxşayan böyük televizorlar yerinə divardan asılan yastı ekranlar meydana çıxacaq.
- Məişət texnikaları naqillərdən azad olacaq, batareyalarla işləyəcək.
- Gediş biletləri plastik kredit kartları şəklində olacaq.
- Günəş batareyaları aktiv istifadə olunacaq.
Sizə də maraqlı deyilmi: o, bunları hansı "sehrli güzgü"də görürdü? Yoxsa zaman maşınında gələcəyə uçmuşdu?
Sonuncu olaraq, öncəgörmələrindən söz açmaq istədiyim on üç roman, dörd yüz hekayə, iyirmi bir pyes, iyirmi səkkiz ssenari, yüzlərlə məqalə müəllifi, dünya şöhrətli Amerika yazıçısı Rey Duqlas Bredberidir. R.Bredberinin 1955-ci ildə yazılmış məşhur "Farenheytlə 451°" əsərində qapı sahibinin barmaq izi ilə açılır. Bugünkü "qulaqcıqların" prototipi olan radioqəbuledicinin əlavəsi "balıqqulağı" təsvir olunur. Onu da qeyd edim ki, ilk qulaqcıq modeli bu romanın çapından 26 il sonra buraxılıb. Əsərdə, "divarlar" - böyük divarlar boyu insanların bir-birinə nəsə yazıb əlaqə qurmaları üçün super müasir televizorlar quraşdırılıb. Əgər fikir versəniz, Feysbuk yaradıcıları öz kommunikasiya tellərini məhz belə adlandırıblar. Bir-birinə xəbər yazmaq və ya göndərmək istəyənlərə bildiriş belədir: "Bu barədə dostunun divarında xəbər saxla". "Farenheytlə 451°"də müasir bankomatları xatırladan maşınlar da yer alır. Onların köməyi ilə insanlar gün ərzində öz maliyyə vəziyyətləri haqqında məlumat ala bilirlər.
Bəzən rastladığım maraqlı faktlardan götürdüyüm qeydləri, bəzən oxuduğum əsərlərdən çıxardığım çıxarışları cəmləyərək, fantastik öncəgörmələrdən bildiklərimin, duyduqlarımın bir hissəsini Azərbaycan oxucusu ilə paylaşmaq istədim. Kimsə çox müdrik biri deyib ki, "elə şeylər var ki, onları izah etmək mümkün deyil və heç lazım da deyil... Sadəcə, belə olmalıdır, vəssalam..."
Fikrimcə, öncəgörmələr də "belə olmalı" olan nəsnələrdəndir...