|
|
|
|
“Azərbaycan Prezidenti indi bu yolda heç bir sədd tanımır. Ona və Azərbaycana qarşı hər hansı sanksiya da tətbiq olunmur. Bütün bunların fonunda Azərbaycan Ordusunun hücumu davam edir. İlham Əliyev artıq sevinc hissilə bəyan etdi ki, Madagizdə üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Bizim üçün ən faciəvi cəhət isə budur ki, onun dediyi həqiqətdir”.
"525-ci qəzet" xəbər verir ki, bu fikirlər tanınmış erməni publisist, “ArmenianReport”un şərhçisi Qraçya Qalustyanın bu gecə yayımlanan son məqaləsindəndir.
Erməni şərhçinin yazısında Madagizin strateji önəmi qeyd edilib və müəllif oranı itirməyin onlar üçün faciəvi nəticələrini açıqlayıb:
“Biz başa düşməliyik ki, həmin ərazi erməni ordusunun 6-cı möhkəmləndirilmiş bölgəsi idi, orada hərbi hissə və onun qərargahı yerləşirdi. Mardakertin (Ağdərə-Tərtər) şimalına və ordumuzun 7-ci möhkəmləndirilmiş bölgəsinə ən vacib yollar həmin kənddən keçirdi. Madagizin əldən getməsi ilə onlar mühasirəyə düşmüş oldular. İndi oradakılar da öz məhvini gözləyir”.
Q.Qalustyan yazıb ki, dünyanın aparıcı ölkələri Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatını dayandırmaq istəmirlər, ya da buna gücləri çatmır:
“Heç şübhəsiz ki, hazırda başımıza gələnlərin əsas günahkarı Rusiyadır. Moskvanın Bakıya təsir üçün xeyli vasitələri olsa da, bunlardan istifadə etmir. Azərbaycan Prezidenti İlham Əliyevə Vladimir Putin tərəfindən təzyiq göstərilmir. Rusiya rəhbəri bu hadisələrlə bağlı İlham Əliyevə hələ heç zəng də vurmayıb. Əksinə, Kremlin fitvasıyla cürbəcür rus provakatorlar ortaya çıxaraq, baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırırlar”.
Qalustyan etiraf edir ki, Ermənistan hakimiyyəti bəzi davranışlarında həddini aşıb və siyasi təcrübə sarıdan korluq çəkir. Ancaq şərhçinin fikrincə, Rusiya heç nəyə baxmadan yenə də bu münaqişəyə əl qata bilərdi:
“Bu, Rusiyanın borcu idi, çünki aramızda strateji və tarixi müttəfiqlik var. Üstəlik, onun regionda yeganə hərbi bazası məhz bizim ərazidədir və Ermənistan KTMT-nin üzvüdür. Ancaq Kreml susur. İndiki hansısa silah-sursat yardımı da bizdə ona qarşı yaranan kəskin soyuqluğu aradan qaldıra bilməz. Çünki Rusiya ən faciəvi məqamda bizə arxa durmaq istəmədi. Biz faktiki olaraq umduğumuz yerdən almalı olduğumuz köməyi görmədik.
Dünya ağalığına iddialı olan ABŞ-ın da rəsmi Bakıya təsir etmək istəmədiyini vurğulayan Q.Qalustyan daha sonra Fransa rəhbəri Makronun cəhdlərinə və acizliyinə toxunub:
“Təəssüf ki, heç Fransa belə, bizə konkret köməklik göstərə bilmədi. Bəli, onun başçısı Makron xeyli cəhd etdi, amma Türkiyəyə arxalanan Azərbaycanla açıq münaqişəyə cürəti çatmadı. Nəticədə, Azərbaycan Prezidenti daha da irəli gedib hətta Fransa rəhbərinə açıq-aşkar sərt tonda cavab verdi!”.
Xatırladaq ki, Q. Qalustyan daha əvvəl 2016-cı ilin aprel döyüşlərini Azərbaycanın mühüm uğuru kimi etiraf edən nadir erməni müəlliflərdən biri olmuşdu.