ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla "El" hərəkatının rəhbəri Eldar Namazov arasında keçirilən görüş barədə artıq mətbuatda geniş məlumatlar yer alıb. Görüşdə müxalifətdaxili bir sara məsələlərin müzakirəsi ilə yanaşı ABŞ səfirinin E.Namazova xüsusi tapşırıqlar verdiyi bildirilir. Məlumata görə, R.Morninqstar "El" hərəkatının fəaliyyətini izlədiklərini və təşkilatın gələcək addımları ilə bağlı konkret planlarının olduğunu açıqlayıb. Bildirilir ki, səfir "El"in partiyaya çevrilməsini istəyib. Buna səbəb isə ABŞ-ın Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Müsavatın fəaliyyətindən narazı qalması və artıq "El"ə etibar etməsidir. ABŞ səfirinin sözlərinə görə, Milli Şuranın mövcud miskin durumu, AXCP və Müsavat arasında ziddiyyətlərin daha da kəskinləşməsi onun ciddi məyusluğuna səbəb olub. Səfirin sözlərinə görə, davamlı daxili qarşıdurma şəraitində yaşayan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə və hakimiyyətə qarşı real güc ortaya qoya bilməzlər. Onlardan fərqli olaraq, "El" hərəkatı güclü siyasi qüvvə, "ana müxalifət" olmaq üçün potensiala malikdir. Bunun üçün "El" hərəkatı partiyaya çevrilməli, fəaliyyətini genişləndirməli, regionlarda ciddi təşkilatlanma işi aparmalı və üzvlərinin sayını artırmalıdır. Məlumata görə, səfir bunun üçün E.Namazova hər bir dəstəyi verməyə hazır olduğunu və köməkliyini əsirgəməyəcəyini bildirib. Hətta Müsavat və AXCP kimi partiyalardan da qopmaların olacağı və bu siyasi təşkilatlardan istefa verənlərin məhz "El"ə birləşəcəyi söylənilir.
Məlumata görə səfir həmçinin bildirib ki, ziyalıların quruma cəlb edilməsi işinə xüsusi diqqət verilməli, yeni yaranacaq partiyanın ideoloji fəaliyyətini gücləndirmək və təbliğatı işini təşkil etmək üçün internetdə ciddi iş təşkil olunmalı, habelə mətbuat orqanı təsis edilməlidir. Buna görə də, R.Morninqstarın bir vaxtlar Eldar Namazovun rəhbərliyi ilə çıxan "Panorama" qəzetinin fəaliyyətinin bərpa olunmasını təklif etdiyi deyilir.
Eyni zamanda E.Namazovun da Rusiyadan üz döndərərək artıq ABŞ-a arxalanmağa üstünlük verdiyi qeyd edilir.
Ölkənin ictimai-siyasi həyatında fəallığın artırılması məsələsinə gəldikdə, ABŞ səfiri Namazova deyib ki, "El" ölkədəki siyasi proseslərdə aktiv iştirak etməli, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq etməli və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirak etməlidir. Səfirin sözlərinə görə, bütün bunlar "El"ə real müxalifətə çevrilməyə və "ana müxalifət" missiyasını öz üzərinə götürməyə şərait yaradacaq.
R.Morninqstar bu planları həyata keçirmək üçün ciddi maliyyə resurslarına ehtiyac olacağını bildiyini və tövsiyələrin yerinə yetirilməsi istiqamətində real addımlar atılacağı təqdirdə "El"ə hərtərəfli dəstək göstəriləcəyini vəd edib.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Eldar Namazovun intellektsiz fərd olduğunu qeyd edib. Onun sözlərinə görə, E.Namazov heç bir proses yaratmaq səviyyəsində, intellektində və gücündə olmayan, həmişə onun bunun sözü ilə oturub duran, Azərbaycan cəmiyyətində heç bir təsir imkanları və nüfuzu olmayan çəkisiz bir insandır: "Eldar Namazov kiçik bir dərnəyə belə rəhbərlik etmək gücündə deyil. Buna sübut kimi onun rəhbərlik etdiyi "El" adlı təşkilatda Ali Məclisin sədri olan Eldəniz Quliyevin hələ də Milli Şurada qalmasıdır. Bu da Eldar Namazovun rəhbərlik etdiyi kiçik bir təşkilatda belə söz sahibi olmaması, ona olan sayğısızlıqdan irəli gəlir. Eldar Namazov Rüstəm İbrahimbəyovun ssenarisində rol alan xırda bir fiqurdur. Buna görə də o, ənənəvi olaraq uğursuzluğa düçar olur. Eldar Namazov həmişə ora-bura qaçmaqla məşğul olub, amma heç bir halda özünü tapa bilməyib. Bu gün qaçmaq ənənəsini davam etdirsə də, hələ də ünvanını tapa bilməyib".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ səfiri ilə görüş barədə belə deyib: "Bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı səfirinin Cəmil Həsənli ilə Əli Kərimlini, daha sonra İsa Qəmbəri, Arif Hacılını qəbul etməsi Ukrayna məsələlərini ölkəmizdə təkrarlamaq istəyindən irəli gəlir. Ukraynadan Milli Şuranın üzvü Mehman Əliyevə gələn mesaj və digərləri buna əyani sübutdur. ABŞ-ın bəzi dairələrindən olan şəxslər Azərbaycanda satqın olmayan partiya sədrləri ilə görüşmək istəmirlər. Çünki bilirlər ki, onların heç bir təklifi qəbul edilməyəcək. Eldar Namazov da satqınlar qrupuna daxildir. O da müəyyən xarici dairələrdən aldığı tapşırıq əsasında fəaliyyət göstərir. Əlaltdan müəyyən çevrələrlə iş birliyinə girirlər. Azərbaycanda xarici kəşfiyata işləyən partiyalar, təşkilatlar, QHT-lər hamısı bir mərkəzdən idarə olunurlar. Eldar Namazovun "El" Hərəkatını siyasi partiyaya çevirmək istəyi yeni məlumat deyil. O, tez-tez bu xəyala dalır. 20 ildir ana müxalifət missiyasını yerinə yetirən İsa Qəmbərin heç bir törəməsi olmadı. Ona görə də istər Eldar Namazov, istərsə də digərləri partiya yaratsa da nə dədə, nə də ana müxalifət ola bilməyəcək".
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "El" Hərəkatının sədri Eldar Namazovun ABŞ səfiri ilə görüşünü sia-ya şərh edərkən bunları söyləyib: "Hər bir səfirin ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri ilə görüşmək və müəyyən müzakirələr aparmaq səlahiyyəti var. Amma keçirilən görüşlər separat xarakterli olmamalıdır. Hansı ölkənin səfiri olmasından asılı olmayaraq, keçirilən görüşlərin mövzusu dövlətçilik və iqtidar əleyhinə kampaniyanın aparılmasına xidmət edirsə, bu, yolverilməzdir. Siyasi partiyaların, təşkilatların rəhbərləri səfirlərlə görüşdən sui-istifadə edərək, cəmiyyətdə müxtəlif fikirlər səsləndirməməlidirlər. Guya, ABŞ bunları müdafiə edir, bunların arxasındadır və başqa fikirlər cəmiyyət üçün heç bir önəm kəsb etmir. İstənilən halda səfirlərlə görüş dövlətin ümumi maraqlarına xidmət etməlidir, şəxsi maraqlara deyil. Azərbaycanın daxili məsələlərinə heç bir xarici ölkə və ya təşkilat qarışmamalıdır".
"El" Hərəkatının siyasi partiyaya çevrilməsinin ABŞ səfirinin təlimatı əsasında olduğu fikrinə də münasibət bildirən Siyavuş Novruzov qeyd edib ki, bu təşkilat Azərbaycan cəmiyyətində tanınmayan və ictimai-siyasi həyatında heç bir rol oynamayan təşkilatdır. Onun sözlərinə görə, "El"in təşkilat və ya siyasi partiya olmasının heç bir əhəmiyyəti yoxdur: "Çünki ordakılar eyni insanlardır, sadəcə, müxtəlif ad altında toplaşırlar. Özlərinə nə ad verirlər versinlər, mahiyyətləri hər kəsə bəllidir. Hesab edirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ictimai-siyasi duruma təsir edə biləcək hansısa təlimat verməz".
AQİL