“Rusiya Federasiyasının Dövlət Duması Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıqla bağlı Sazişi hələ də ratifikasiya etməyib”. 525.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin parlamentin qarşıdan gələn 2014-cü il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən ilk iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli “Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı qeyd edib.
Qeyd edək ki, Belarusla imzalanan məlum saziş iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq məsəsələrini özündə ehtiva edir.
Qeyri-müəyyən müddətə imzalanan həmin Saziş sadəcə, iki məqamı - hərbicilərin pensiya təminatını, həmçinin, Azərbaycanın sosial müavinətləri ilə Belarusun sosial pensiyalarını istisna edir.
Sazişin müzakirəsi zamanı isə həmin sənədin ratifikasiyasının çox mühüm əhəmiyyət kəsb etdiyini bildirən adıçəkilən komitənin sədri H. Rəcəbli eyni zamanda, bir sıra ölkələrlə imzalanmış sazişlərin hələ də ratifikasiya olunmamasından narahatlığını vurğulayıb.
Komitə sədri buna konkret misal kimi 2001-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış analoji Sazişin hələ də həmin ölkənin Dövlət Duması tərəfindən ratifikasiya olmadığını göstərib.
“ Üstündən 13 il keçməsinə baxmayaraq, hələ də Rusiya tərəfindən həmin Sazişin ratifikasiya olunmaması iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıqla bağlı xeyli ciddi problemlər və narahatlıqlar yaradır. Ancaq bununla belə, inanıram ki, Rusiya tərəfi nəhayət, bu Sazişi də ratifikasiya edəcək. Odur ki, Belarusla bu istiqamətdə imazalanan Sazişin və onu ratifikasiya olunmasının çox böyük əhəmiyyəti var”-deyə, H.Rəcəbli sözlərinə əlavə edib.
Qısa müzakirələrdən sonra adıçəkilən Sazişin ratifikasiyası parlamentin yaz sessiyasının plenar iclasına tövsiyə olunub.
K.Həmzəoğlu