525.az xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib ki, müzakirə olunan məsələlər hazırda Avropada olduqca mühüm və aktualdır:
"Məlumdur ki, son illərdə Avropa onun siyasi və demokratik stabilliyinə təsir göstərən iqtisadi və maliyyə böhranlarının səbəb olduğu bir sıra problemlərlə üzləşir. Bu problemlərdən biri cəmiyyətin bütün təbəqələrinə təsir göstərən irqçilik və irqi diskriminasiyadır və heç bir institut rasizmdən sığortalanmayıb.
Assambleya hüquq-mühafizə orqanlarında irqçilik məsələsinə də diqqət yetirməlidir. Bu sahədə Avropa Şurasına üzv ölkələrindəki ən yaxşı təcrübə nümunələri müəyyən edilməli, bu problemin qarşısının alınması üsulları yaradılmalıdır".
Daha sonra Ermənistan nümayəndəsi Naira Zohrabyanın Azərbaycan haqqında fikirlərinə münasibət bildirən S. Qafarova deyib ki, adıçəkilən şəxsin ermənilərə xas üslubda azərbaycanlılar haqqında yalnış fikirlər söyləyərək beynəlxlaq ictimai rəyi çaşdırmaq istəyir.
Millət vəkilinin dediyinə görə, N. Zohrabyanın fikirləri heç bir əsasa, məntiqə söykənmir.
Millət vəkili onu da deyib ki, Azərbaycan xalqı təkcə azərbaycanlılardan ibarət deyil, bizim cəmiyyətimiz çoxmədəniyyətlidir:
“Azərbaycan məscid, kilsə və sinaqoqun sülh içində birgə mövcud olduğu ölkələrdən biridir. Azərbaycan bir çox etnik qrupların vətənidir. Onlar yüzillər boyunca Azərbaycan torpaqlarında harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yəhudilər, ruslar, gürcülər, ukraynalılar, ermənilər və digərləri bərabər hüquqlara malikdir.
Bu, bir həqiqətdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır və Ermənistandan və işğal altındakı Azərbaycan torpaqlarından 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Burada Azərbaycan haqqında yanlış məlumat verən xanım Zöhrabyana məsləhət görərdim ki, internetdə axtarış aparsın və Serj Sarkisyanın yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özünün verdiyi müsahibəni tapsın.
Onlar azərbaycanlı olduqları üçün öldürüldülər. Bu, irqçilikdir”.
Kamil Həmzəoğlu