|
|
|
|
"ABŞ -LA İŞBİRLİYİNDƏ OLAN PARTİYA VƏ HƏRƏKATLAR ÖZ MARAQLARINI HƏR ŞEYDƏN ÜSTÜN TUTARAQ
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI SATIŞA QOYURLAR"
Müxalifət daxilində cərəyan edən proseslər, Milli Şurada çoxsaylı istefaların olması bu düşərgədə əməlli-başlı savaş ab-havası yaradıb. Elə bunun nəticəsidir ki, müxalifət təmsilçiləri arasında söz atışması bitmək bilmir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bir sıra müxalifət liderləri ilə yanaşı, "EL" hərəkatının rəhbəri Eldar Namazov arasında baş tutan görüşdən sonra vəziyyət daha da gərginləşib. Məhz bu görüşdə müxalifətdaxili bir sara məsələlərin müzakirəsi ilə yanaşı ABŞ səfirinin E.Namazova xüsusi tapşırıqları nəticəsində "EL" liderinin Milli Şuranı tərk etdiyi bildirilir. Buna səbəb kimi isə səfirin "EL"in partiyaya, ana müxalifətə çevrilməsini və fəal fəaliyyətini istəməsi göstərilir. Bu tapşırıqları nəzərə alan E.Namazovun Milli Şuradan ayrılması müxalif cəbhədə heç də birmənalı qarşılanmayıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "EL" Hərəkatının sədri E.Namazovun Milli Şuradan istefasına da münasibət bildirib. O, belə deyib: "EL" Hərəkatının və Eldar Namazovun ətrafında 5-6 nəfər adam var. Eldar Namazovun nə təşkilatı, nə də hərəkatı var idi ki, bunu partiyaya çevirsin. Sadəcə, Milli Şuradan çıxmaq üçün bir bəhanə lazım idi. Eldar Namazov hamıdan yaxşı bilirdi ki, Rüstəm İbrahimbəyov yoxdursa, Milli Şura da artıq yoxdur. Fikir versək, görərik ki, hələ Müsavat Partiyası Milli Şuradan getməzdən əvvəl Eldar Namazov bəyanat verirdi ki, Milli Şuradan kənar hansısa qurum yaratmaq lazımdır. Beləliklə, o, Müsavat Partiyasından əvvəl də Milli Şuradan gedəcəyi barədə mesajlar verir, qurumun buraxılmasını, alternativ qurumlar yaradılmasının vacibliyini vurğulayırdı".
"EL" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev hərəkatın sədri Eldar Namazovun Milli Şuradan istefasına bir sıra partiyalar tərəfindən aqressiv münasibətin yolverilməz olduğunu hesab edir.
E.Quliyev bildirib ki, Milli Şuradan hər hansı bir istefa, qopma qətiyyən aqressiv notlarla qarşılanmamalıdır və yaxud kimsə gedirsə, onun arxasınca hər hansı kampaniyanın aparılması yolverlməzdir. E.Namazovun Milli Şuraya uğurlar arzu edərək bu qurumdan getdiyini deyən E.Quliyev ona görə də bu aqressivliyi başa düşmədiyini bildirib: "Bu çəkişmələr, bu didişmələr, bu yalançı aqressiya yolverilməzdir. Hesab edirəm ki, demokratik düşərgənin bu ətalətdən çıxması üçün yeni təfəkkür tərzi, yeni konseptual baxış lazımdır, gənclərə daha çox meydan vermək lazımdır. Təfəkkür tərzi stereotip düşüncə ilə buxovlananda çox çətin olur. Müxalifət parçalanmaqdan daha çox birləşməyə çalışmalıdır. Amma parçalanma da cürbəcür olur. Parçalanma var ki, hərə vahid bir əsər üzərində işləyir, yəni bu mozaika prinsipidir ki, sonra rəylər birləşəndə vahid bir mənzərə gözümüzün qabağına gəlir. Bir də şüşə kimi çiliklənmək, yəni birləşməmək qorxusu var. Bugünkü müxalifət daha çox həmin mozaika prinsipinə üstünlük verməlidir və öz strateji konseptual baxışlarını dəyişməlidir".
"Azadlıq" Partiyasının sədri Əhməd Orucun fikrincə, "EL" Hərəkatı Azərbaycanın siyasi səhnəsində heç bir nüfuza sahib olmadığı üçün siyasi partiyaya çevrilsə də, heç bir uğur qazana bilməyəcək: "Kimin dəstəyi olmasından asılı olmayaraq, yeni partiya yaradaraq Eldar Namazovun öndə olması çətin məsələdir. Milli Şuranın son durumunu nəzərə alsaq, ana müxalifət adına iddia etmək qeyri-ciddi və gülünc səslənir. Bu bir faktdır ki, ABŞ Azərbaycanda hansısa maraqlarını həyata keçirmək üçün bir sıra partiyalarla və hərəkatlarla əməkdaşlıqda maraqlıdır. Onlarla iş birliyində olanlar öz maraqlarını hər şeydən üstün tutaraq Azərbaycanın milli maraqlarını satışa qoyurlar".
Politoloq Qabil Hüseynliyə görə, hansısa səfirin təşkilat sədri ilə görüşündə onun kompitensiyasına qətiyyən daxil olmayan və dövlətçiliyə qarşı səsləndirilən hansısa fikir olubsa, bunu dövlətin daxili işlərinə müdaxilə kimi dəyərləndirmək lazımdır. O, belə deyib: "Bəlkə də ABŞ səfiri Eldar Namazovla bu məsələ haqqında danışmayıb. Bu onun özünün təxəyyülləridir. İnandırıcı görünmür ki, səfir "EL" Hərəkatının siyasi partiyaya çevrilməsinə toxunsun. Əgər belə bir söhbət olsa, Azərbaycan dövləti bunu pisləyə bilər".
Politoloq onu da qeyd edib ki, Eldar Namazov təşkilatını nəyə çevirir-çevirsin 5-10 adamdan artıq heç kimi ora toplaya bilməyəcək: "Heç kim Eldar Namazov kimi siyasətdə uğur qazana bilməyən biri ilə vaxtını itirməz. Bu baxımdan, onun partiya quracağına inanmıram. Partiya yaradan adamın ən azından siyasətdə iş qabiliyyəti olmalıdır. O, ictimaiyyətə uydurma fikirlər yaymaqla çalışacaq ki, müəyyən bir ad saxlasın".
AQİL



