1962-ci ildən başlayaraq keçirilən Münxen təhlükəsizlik konfransının builki toplantısı maraqlı məqamlarla yadda qaldı. Dünyanın böyük dövlətlərinin hazırda aktual olan geosiyasi problemlərə münasibəti olduqca əhəmiyyətli idi. Lakin ekspertlər konfransı müxtəlif cür qiymətləndirirlər. Onlar daha çox böyük dövlətlər arasında müşahidə edilən ziddiyyətlərdən danışırlar. Eyni zamanda, Almaniyanın ortaya qoyduğu yeni geosiyasi xəttə diqqət çəkirlər. Bunların fonunda Münxen konfransında müzakirə edilən məsələlərin analizinə ehtiyac duyulur.
"Dünya siyasətinin laboratoriyası"nda gərginlik
Təhlükəsizlik məsələlərinə dair Münxen konfransını təhlilçilər "dünya siyasətinin laboratoriyası" adlandırırlar (bax: Наталия Меден. Мюнхен и попытки вершить судьбу Восточной Европы / "Фонд Стратегической Культуры", 3 fevral 2014). Əvvəllər bu tədbir qapalı keçirilirdi. Ora Qərb siyasətçiləri və hərbi-sənaye kompleksinin nümayəndələri toplanırdılar. Keçən əsrin 90-cı illərindən etibarən Münxen konfransına dünyanın bütün regionlarından nümayəndələrin iştirakına imkan yaradılıb. Artıq bu tədbirdə çoxlu sayda jurnalist də iştirak edir.
Bu il keçirilən yubiley konfransının isə başqa özəllikləri də var. Onun gündəliyində əsas məsələ son anda dəyişib. Əvvəlcə, ABŞ-ın dünyanın müxtəlif ölkələrinin rəhbərlərini dinləməsi başlıca müzakirə mövzusu kimi nəzərdə tutulurdu. Lakin Ukrayna hadisələri diqqət mərkəzinə "Qlobal güc və regional sabitlik: Mərkəzi və Şərqi Avropa fokusda" problemini gətirib. Özlüyündə həmin mövzu nəzəri aspektdə də aktuallıq kəsb edir. Çünki qlobal güclərin müxtəlif regionlarda sabitliyin təmin edilməsində oynadığı rol tam aydın deyil. Məsələ nə nəzəri, nə də praktiki olaraq öz həllini tapmayıb. Bu prizmadan Münxen konfransının əsas mövzusunu həm də gələcək müzakirələrin başlanğıcı hesab etmək olar.
Yuxarıdakı mülahizələr işığında Münxendə böyük dövlətlərin münasibətləri baxımından maraqlı vəziyyət yaranıb. Rusiya və Çin özlərini daha çox kənar müşahidəçilər kimi aparıblar. Onlar Qərb dövlət başçılarının öz aralarında mübahisə etmələrinə müşahidəçi qalmağa üstünlük veriblər. Belə bir mənzərəni nəzərdə tutaraq bir alman jurnalist Münxen konfransını "çarəsizlərin zirvəsi" adlandırıb (bax: Mucahid Yıldız. 'Çaresizlerin Zirvesi' Münih Güvenlik Konferansı / "Dünya Bülteni", 4 fevral 2014).
Əslində, Rusiya və Çinin bu cür davranışı strateji məqsədlərə hesablanmış effektiv gediş olub. Çünki faktiki olaraq Qərb dövlətlərinin müzakirə etdikləri məsələni bu iki ölkə yeritdikləri xarici siyasət vasitəsi ilə yaradıblar. Sirr deyil ki, Ukrayna, Suriya və "Snouden hadisəsi" daha çox Kremlin "diplomatik mətbəxində" hazırlanıb. Bəlkə elə bu səbəbdən idi ki, rusiyalı jurnalistlər Qərb siyasətçilərinin müzakirələrini "autizmin simulyasiyası – uydurulmuş dünyanın sərhədlərindən kənara çıxa bilməmək" kimi qiymətləndirdilər (bax: Дмитрий Седов. Мюнхенская конференция как симуляция аутизма / "Фонд Стратегической Культуры", 5 fevral 2014).
Bunlar, təbii ki, qlobal geosiyasətin hazırkı mərhələdə dinamikası baxımından maraqlıdır. Belə təəssürat yaranır ki, Qərb dövlətləri özlərini əvvəlki illərdə olduğu kimi inamlı hiss etmirlər və onlar arasında fikir birliyi sarsılır. Məhz həmin aspektdə Almaniyanın tədbirdə irəli sürdüyü ideyalar düşündürücüdür. Bu ölkənin prezidenti, kansleri və xarici işlər naziri çıxışlarında ölkənin fərqli bir xarici siyasət yeritməli olduğunu israrla vurğulayıblar. Konkret olaraq isə, Almaniya C.Fridmanın təbirincə desək, "daha inadkar xarici siyasət yeritməyə başlayır" (bax: George Friedman, Marc Lanthemann. A More Assertive German Foreign Policy / "Stratfor", 4 fevral 2014).
Qərb geosiyasətinin "çarəsizliyi" və Almaniyanın yeni iddiaları
Əsas məqsəd isə ölkənin qlobal geosiyasətdə iştirakını keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdan ibarətdir. O cümlədən, alman siyasətçilər hətta Əfqanıstan və Mali (Afrika) kimi uzaq məkanlara hərbi güc göndərməkdən danışıblar. Bu zaman onlar yalnız silaha arxalanmadıqlarını da vurğulayıblar. Siyasi gedişlər, diplomatik addımlar, humanitar yardım, ideoloji dəstək kimi faktorlara daha çox üstünlük vermək zərurətini qeyd ediblər (bax: Дмитрий Косырев. В Мюнхене Германия намекнула, что готова к новой роли в мире / "РИА Новости", 3 fevral 2014).
Bunu nəzərə alaraq ekspertlər hesab edirlər ki, Münxen konfransının əsas tezisi Ukrayna, Suriya və ya "Ərəb baharı" ilə bağlı olmayıb. Burada Almaniyanın yeni dünya iddiaları başlıca yer tutub. Həmin kontekstdə Çin və Rusiyanın münasibəti olduqca maraqlı təsir bağışlayıb. Demək olar ki, bu böyük dövlətlərdən heç biri Berlinin bu ambisiyasına sevincək olmayıb. Əksinə, onlar meydana ciddi rəqibin çıxdığını hiss ediblər. "The New York Times" qəzetinin yazdığına görə, Vaşinqtonun reaksiyası isə bir qədər fərqlidir.
ABŞ-ın dövlət katibi C.Kerri və müdafiə naziri Ç.Heyql Münxendə Almaniya rəhbərliyinin yeni təşəbbüslərini dəstəkləyiblər. Onlar bunu qlobal geosiyasətdə təhlükəsizliyin təmini zərurərti ilə izah ediblər. Bununla əlaqədar "transatlantik intibah" ifadəsini işlədiblər (bax: Mucahid Yıldız. Ruhani yönetimi Holokost'u tanıdı / "Dünya Bülteni", 4 fevral 2014).
Ekspertlər hesab edirlər ki, Vaşinqtonla Berlin dinləmə məsələsini kənara qoyaraq, yeni səviyyədə əməkdaşlığa qərar veriblər. Məhz həmin kontekstdə ABŞ Almaniyanın dünyadakı yeni rolunu qəbul edir. Rusiya tərəfi isə bu dəyişikliyi Amerikanın xarici siyasətinin əsas əlamətlərindən biri kimi qəbul edir. Deməli, söhbət çox ciddi geosiyasi prosesdən gedir.
Bunların fonunda Münxen konfransında Suriya, Ukrayna və İranla bağlı hansı təkliflərin irəli sürüləcəyi maraq doğururdu. Suriya haqqında danışanlar faktiki olaraq vəziyyətin ağırlığını qeyd etməkdən o tərəfə keçməyiblər. Onlar həmin ölkədə insanların qətliama uğradığını deyiblər, beynəlxalq təşkilatların problemin həlli ilə bağlı lazımi iş görmədiyini vurğulayıblar. BMT-nin nümayəndəsi L.İbrahimi isə Cenevrə konfransında heç bir nəticənin əldə edilmədiyini ayrıca qeyd edib.
Ukrayna məsələsində Qərb siyasətçiləri Rusiyanı birbaşa ittiham ediblər. Konfransa Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, müxalifət təmsilçilərinin də dəvət edilməsi xüsusi hadisə kimi qəbul edilib. Bununla ABŞ və Avropanın Ukraynada hansı dəyişikliklərin olmasını istədikləri aydın olub (bax: Наталия Меден. Göstərilən məqaləsi). Təbii ki, bunlar rusiyalı nümayəndələrin xoşuna gəlməyib. Lakin maraqlıdır ki, onlar buna elə də reaksiya verməyiblər. Hətta xarici işlər naziri S.Lavrov Ukrayna ilə əlaqədar verilən sualları "sanki unutmuş kimi davranıb" (bax: Mucahid Yıldız. 'Çaresizlerin Zirvesi' Münih Güvenlik Konferansı / "Dünya Bülteni", 4 fevral 2014).
İranın xarici işlər naziri M.Zərif maraqlı addımlar atıb. O, müasir İran dövləti tarixində ilk dəfə olaraq Holokstu qəbul etdiklərini bildirib. Xatırladaq ki, keçmiş prezident M.Əhmədinejad bunun tamamilə əksini söyləmişdi. Tehran beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu önə sürüb. Lakin bunun nüvə proqramından tamamilə imtina anlamına gəlmədiyini bildirib. ABŞ və İsrail isə yenidən İrana xəbərdarlıq ediblər. Onlar Tehranın verdiyi sözə əməl etmədiyi halda münasibətlərdə ciddi problemlərin yaranacağını vurğulayıblar.
Beləliklə, Münxen konfransı baxdığı heç bir məsələ haqqında qərar qəbul etməyib. Ancaq onun vacib geosiyasi əhəmiyyəti göz qabağındadır. Həmin tədbir faktiki olaraq dünyanın böyük geosiyasi güclərinin qlobal miqyasda baş verənlərə münasibətinin müxtəlif çalarlarına aydınlıq gətirib. Onların sırasında isə konfransın əsas hadisəsi Almaniyanın yeni geosiyasi iddialarını bəyan etməsi olub. Görünür, Vaşinqton-Berlin xəttində ciddi proseslər gedir. Ekspertlər də bu məqamı nəzərdə tutaraq, Münxen konfransından sonra A.Merkelin Vaşinqtona səfərinin maraq doğurduğunu deyirlər.
Bunlarla yanaşı, Münxen konfransı göstərdi ki, qlobal geosiyasətdə ziddiyyətlər azalmır. Qərb, Rusiya və Çinin böyük qarşıdurması davam edir. Burada "qarşıdurma" ifadəsini işlətməyin şişirtmə olmadığını düşünürük. Çünki bütün prinsipial geosiyasi məsələlərdə Qərb-Rusiya-Çin xəttində bir əsəb gərginliyinin mövcudluğu hiss olundu. Bu barədə Rusiyanın xarici işlər naziri S.Lavrov fikirlərini açıq bildirib (bax: Лавров заявил о наступлении "момента истины" в отношениях России и ЕС / "Forbes", 1 fevral 2014). Belə görünür ki, qlobal geosiyasətdə qeyri-müəyyənlik hələ bir müddət davam edəcək. S.Lavrov bunu təhlükəli hal kimi qiymətləndirir, ancaq real addım atan yoxdur. Bu mənada 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti Münxen konfransında nəyəsə ümid etməyin əhəmiyyəti haqqında düşünmək lazım gəlir.
Newtimes.az