|
|
|
|
"Günler ağır, günler ölüm haberleriyle geliyor. En güzel dünyaları yaktık ellerimizle" deyirdi böyük Nazim Hikmət.
Ustad bu tükürpədən misraları yazarkən sanki indi bizim yaşadığımız günləri görürmüş. Həqiqətən də, hər günümüz ağırdır, hər günümüz ölüm xəbərləri ilə başlayır. Etiraf edək ki, dünyanı bu vəziyyətə insanlar gətirdi. Görünən isə budur ki, daha betər hala salmayınca, əl çəkən deyillər. Məsələn, bir neçə gün əvvəl koronavirusun aşkar edilmiş yeni növü növbəti qorxu dalğası yaratdı. Tezbazar virusa "B.1.1.7 SARS-CoV-2" adı verildiyi açıqlandı. Bu xəbər hələ pandemiya elan edilməmişdən əvvəl, bu dönəmi kabusa, qorxulu filmə çevirmək istəyənlərin çörəyinin üzərinə yağ sürtdü. Hər şey göz önündə olduğu halda yenə səhnələr quruldu, pərdələr açıldı, aktyorlar öz yerini aldı və növbəti hissə oynanılmağa başlandı. Özü də koronavirus peyda olduğundan bəri dəfələrlə mutasiyaya uğramağına rəğmən, dünya əhalisi eyni tora təkrar düşərək panikaya qapıldı. Yaxşı, bəs bu qədər qorxunun, mərəkənin, həngamənin səbəbi nədir, deyə sual yaranır. Cavabı hər gün televiziyalardan, xəbər portallarından, sosial şəbəkələrdən üzümüzə bar-bar bağırır - "məşhur dəllalların, dünyanı barmağına dolayan siyasətçilərin fırıldaqlarına məruz qalmısınız", deyə. Koronavirus başlayandan həkimlər, alimlər deyil, siyasətçilər, iş insanları, ixtiraçılar ortalıqdan çıxmır. Məsələn, elə biri Bill Qeyts. Adam "Microsoft"un qurucusu, sahibkar, proqramçı, ixtiraçı, investor, maliyyəçidir. Di gəl, hər həftə bir açıqlama ilə bütün dünyanı bir-birinə qatır. Özü də ağzından nə çıxsa, skandal olur. Gah pandemiya mart ayında sonlanacaq deyir, gah çip söhbətini ortaya atır, gah kimin neçə doza peyvənd vurdurmalı olduğundan danışır. Yaxşı, deyək ki, Qeytsin sahibi olduğu fond koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı 300 milyon dollara görə belə əl-ayağa düşüb. Yəni qaz gələn yerdən, toyuğu əsirgəmir. Bəs Böyük Britaniyanın baş nazirinə nə deməli? Əndrəbadi ad verilən yeni növ koronavirus ilk bu ölkədə görüldü. Maraqlıdır ki, bu haqda birinci açıqlamanı Britaniyanın Səhiyyə naziri, alimi, həkimi yox, məhz ölkənin Baş naziri Boris Conson verdi. Hələ həvəslə bu virusun öncəkindən daha şiddətli şəkildə yayıldığını dəfələrlə qeyd etdi. Təsdiqlənməmiş, alimlərin xəbəri olmayan, həkimlərin məlumat bilmədiyi iddianı top kimi atdı dünyanın ortasına. Görünən budur ki, Consonun açıqlaması dünya əhalisini yenidən qorxunun əsarəti altına almaq idi. Çünki bu bir il ərzində insanlar COVİD-19-un ən sərt və ən təhlükəli üzünü görüblər. İndi ən azından nəyin nə olduğunu, az da olsa, bilirlər. Virus yeni yayılan ərəfələrdə dünyanın hər tərəfindən dəhşət saçan videolar yayılırdı. Sonradan əksəriyyətinin şou olduğu isbat edildi. İndi yenə eyni oyun oynanılır, bu dəfə baş roldakılar peşəkarlardır. Virus qorxuludur, ölümcüldür, bu, danılmazdır. Amma insanları qəsdən panika içində saxlamaqla nəyə nail olmaq istəyirlər, orası müəmmalıdır. Onsuz da adamlar stresdən, əsəbdən, psixoloji gərginlikdən yaman gündədirlər. İqtisadiyyat desən, bütün dünyada çöküşə doğru gedir. Bir az diqqətlə baxanda böyük böhranın qapıda olduğunu görmək elə də çətin deyil. Təbii ki, bütün bunlar çıxarçı liderlərin, öz karını güdən milyarderlərin zərrə qədər vecinə deyil. Çünki bu virus kimlərinsə planının əsas hissəsini təşkil edir.
Bu yaxınlarda maraqlı bir araşdırma aparılıb. Məlum olub ki, milyonlarla insan sağlıq və iqtisadi böhranla boğuşmağına rəğmən, Amerikada milyarderlər sərvətlərinə sərvət qatırlar. "Americans for Tax Fairness" tərəfindən yayılan məlumatda bildirilir ki, təkcə 18 mart tarixindən 7 dekabra qədər 652 amerikalı milyarderin sərvəti üst-üstə 1 trilyon dollardan artıq gəlirlə 4 trilyona çatıb. Siyahının ilk "onluğ"unda yer tutan milyarderlərin sərvəti isə 1 trilyon olub. Araşdırma mərkəzinin rəhbəri bildirib ki, ölkə tarixində heç vaxt bu qədər az vaxtda bu böyüklükdə sərvətə sahib amerikalı qeydə alınmayıb. Bu müddət ərzində ən çox qazanan "Tesla", "Space X" və "Neuralink" şirkətlərinin sahibi Elon Musk olub. O, bu dönəmdə 127 milyard dollarlıq sərvətini artıraraq 155 milyarda yüksəldib. Ən varlılar siyahısının birincilərindən olan "Amazon"un sahibi Jeff Bezos isə 73 milyardlıq sərvətini 188 milyard dollar etməyi bacarıb. Bütün bunlar virusla və dünyanın bugünkü vəziyyəti ilə bağlı ciddi şübhələr yaradır. Əgər sağ qalsaq, nə olduğunu görəcəyik.
Mutasiya ilə bağlı qorxu içində olanlara gəldikdə isə, alimlər bildirir ki, xəstəliyin müəyyən edilməsində testlərdə heç bir axsama olmayacaq. Yeni növün surətli şəkildə ağırlaşmaya səbəb olacağına dair heç bir sübut yoxdur. Sadəcə uşaqların da yoluxacağını düşünürlər. Amma alternativ müalicə üsullarının təsir gücünü azalda biləcəyini də ehtimal etmirlər. Yəni müalicədə nəticə əldə edilməməyi mümkün deyil. Qısası, kimlərinsə qurbanına çevrilməmək üçün tədbiri əldən verməmək lazımdır.