
Bu yaxınlarda Bakıda müasir özbək ədəbiyyatının tanınmış xanım nümayəndələrindən biri olan Xasiyyət Rüstəmin "Məcnun söyüd" adlı yeni kitabı işıq üzü görüb.
Bu, istedadlı şairin Azərbaycanda nəşr olunan üçüncü kitabıdır. "Məcnun söyüd" ifadəsi özbək ədəbiyyatında nakam eşqin, sədaqətin və aşüftəliyin rəmzidir.
Kitabda müəllifin ən gözəl əsərlərindən bir qismi səhifənin sağ tərəfində özbəkcə, sol tərəfində azərbaycanca paralel olaraq verilmişdir. Bu şeirlərdə sevən qəlbə xas olan ülvu duyğular, saf məhəbbət və ayrılıq, həsrət və vüsal, insan və zaman, ölüm və yaşam, külək və yağmur, ağac və gül, yaz və qış kimi motivlər öz lirik əksini tapır.
Kitabda Xasiyyət Rüstəmin "Gündəlik" silsiləsindən nəsrlə yazdığı fəlsəfi-poetik düşüncələr də yer alır.
Kitabı ana dilimizə tanınmış tərcüməçi, Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər tərcümə edib.
O, ikidilli nəşrə "Gül üzlü, nur gözlü Xasiyyət" adlı geniş bir öz söz də yazıb.



