Gürcüstanda Xocalı ayı çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi bir sıra yaddaqalan tədbirlər həyata keçirib.
Disaporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Gürcüstanda Xocalı ayı İslam konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” kampaniyası çərçivəsində elan olunub.
Kampaniya fevralın 16-da Gürcüstanın Marneuli şəhərində keçirilən tədbirlə start götürüb. İlk tədbir yerli azərbaycanlılarla yanaşı, Azərbaycan və Gürcüstan parlamentinin üzvləri, tələbələr, KİV nümayəndələrinin iştirakı ilə keçib. Çıxış edənlər vurğulayıb ki, Xocalı faciəsi Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox çatdırılmalı, həm gürcü, həm də azərbaycanlı gənclər soyqırım haqqında məlumatlandırılmalıdır. Fevralın 22-də isə AMM-nin ofisində Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələrlə görüş keçirilib. Xocalı qətliamından bəhs edən filmin nümayişindən sonra soyqırımla bağlı müzakirələr aparılıb. Xocalı soyqırımının tanınması istiqamətində Gürcüstanın regionlarında aparılan təbliğat kampaniyasına qoşulmaq arzusunda olan gənclər bu məqsədlə işçi qrup yaradıblar. Kampaniya çərçivəsində həmçinin Marneuli rayonunun Baydar kəndində, Bolnisinin Faxralı kəndində, Rustavi şəhərində yerli ziyalılar, tələbələr və gürcü xalqının nümayəndələrinin iştirakı ilə anım tədbirləri keçirilib. Tədbirlər zamanı Xocalıda ermənilər tərəfindən vəhşicəsinə öldürülənlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Xocalı hadisələrindən bəhs edən film nümayiş etdirilib. Filmi izləyərkən göz yaşlarına hakim ola bilməyən bəzi iştirakçılar belə bir dəhşətli hadisəyə hələ də hüquqi qiymət verilməməsini ədalətsizlik adlandırıblar.
Kampaniya çərçivəsində fevralın 26-da Xocalı soyqırımı Gürcüstanın paytaxtı Tbilisidə Geovisions təşkilatının ofisində gürcü və azərbaycanlı gənclərin iştirakı ilə anılıb. Elə həmin gün Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunub, məlumatlandırıcı bukletlər paylanılıb.