|
|
|
|
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş "Mitolojinin Elçisi, Kamal Abdulla Armağanı" adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbir zamanı Milli Kitabxana tərəfindən akademikin 70 illik yubileyi münasibətilə hazırlanan "Xalq yazıçısı - Kamal Abdulla" adlı virtual sərgi də nümayiş olunub.
Milli Kitabxanada keçirilən tədbiri direktor Kərim Tahirov açaraq bildirib ki, ötən ilin dekabrında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyi tamam olub: "Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi Kamal müəllimin Azərbaycan filologiyasının, xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafında mühüm xidmətləri var. Kamal Abdulla həmçinin, Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa və Amerika, Yaxın və Uzaq Şərq ölkə universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin bu yolla da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında real işlər görüb. Bütün bunların nəticəsidir ki, onun 70 illiyi münasibətilə "Mitolojinin Elçisi, Kamal Abdulla Armağanı" adlı kitab Türkiyədə nəşr olunub. Kitabda istər Azərbaycanın, istərsə də türk dünyasının və xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələri öz əksini tapıb".
Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ilk öncə M.F.Axundzadə adına Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini və ziyalılarımıza göstərdiyi xidməti yüksək qiymətləndirib. O bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin, ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir. K.Abdulla Azərbaycan ədəbiyyatına əhəmiyyətli töhfələr verən ziyalılarımızdandır: "Onun həm Xalq yazıçısı, həm də bir akademik kimi fəaliyyəti çox dəyərlidir. Belə ki, onun Kitabi-Dədə Qorqud haqqında yazılan əsərlərində həm bədii-ədəbi, həm də elmi yanaşma olduğunu görürük".
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında deyib ki, Kamal Abdulla Azərbaycanın çox dəyərli alimlərindəndir. Onun Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri vardır. N.Cəfərov qeyd edib ki, Kamal Abdullanın 70 illiyi münasibətilə nəşr olunan "Mitolojinin Elçisi, Kamal Abdulla Armağanı" adlı kitabda 24 ölkədən 123 müəllifin Kamal Abdulla haqqında məqalələri yer alıb. Kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir. Akademik vurğulayıb ki, Milli Kitabxanada nümayiş olunan bu kitablar Kamal Abdulla yaradıcılığının bir nümunəsi, göstəricisidir.
Xalq şairi Sabir Rüstəmxanlı Milli Kitabxanaya Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli şəxslərinə həsr edilən belə tədbirlərin təşkilinə görə təşəkkürünü bildirib. S.Rüstəmxanlı Kamal Abdullanı yubiley münasibətilə təbrik edərək belə bir fundamental kitabın nəşrini yüksək qiymətləndirib: "Kamal Abdullanın yaradıcılığı çoxşaxəlidir. O, həm şair, həm də gözəl hekayə ustası, romançı, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir. İstər Azərbaycan ədəbiyyatında, istərsə də Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oynayan şəxsiyyətlərdəndir”.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, professor Rəhilə Qeybullayeva və digərləri də çıxış edərək Kamal Abdulla yaradıcılığının məziyyətləri, eləcə də kitabın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Xalq yazıçısı, akademik Kamal Abdulla çıxış edərək öncə, ona yubiley münasibətilə "Şərəf" ordeni verilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ünvanlayıb. Təqdimatın və sərginin təşkilindən duyduğu məmnunluğu dilə gətirən Xalq yazıçısı buna görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.