
Hədəf şirkətlər qrupunun rəhbəri Şəmil Sadiqin "Odərlər" romanı audiobook formatda təqdim olunub.
525.az-ın xəbərinə görə, romanın müəllifi TED.az-a açıqlamasında bildirib ki, bədii nümunələrini maliyyə məqsədilə yazmır: "Vətənpərvərlik, Qarabağ mövzusunda olduğu üçün onların həm PDF versiyasına, həm də layihə çərçivəsində səsləndirilmələrinə etiraz etmirik. Bu sosial layihə isə Beynəlxalq Bankın təşəbbüsü ilə həyata keçirilib. Artıq bir müddətdir, "Odərlər" romanı səsləndirilib. Bu gün kitablara audiobook və digər texniki vasitələrlə çatmaq daha asandır. Bunu oxuculara hədiyyə etdik. Kitab hələ 2012-ci ildə yazılsa da, günün tələblərinə cavab verir".
Müəllif vurğulayıb ki, əsərin əsas ideyası Şuşanın, Xankəndinin azad edilməsi, buraya Azərbaycan bayrağının sancılmasıdır:
"Bu işi Azərbaycan kəşfiyyatı görmüşdü və Şuşanın azad olunması ilə bağlı planlar var idi. Hətta bu yaxınlarda mənə Şuşadan zəng gəldi. Qayaları dırmaşaraq Şuşanın azad edənlərdən idi. Dedi ki, elə bilirdim, Şuşaya romanda yazılan xətt ilə qalxırıq. Düşündüm ki, bunu oxuculara audio şəklində çatdıra bilsək, daha faydalı olar. Həm də seslikitab.net layihəmiz var. Orada oxucular üçün xeyli material ödənişsiz yerləşdirilib. Audiobook-un böyük bir auditoriyası olmasa da, müəyyən bir kəsim daim səsli kitaba müraciət edir. Bundan əlavə, "Bu türk daha oturk deyil" şeirlər kitabım bütöv şəkildə, səsli, "Qana qan" tamaşası video formatda yerləşdirilib".



