
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
Filologiya elmləri doktoru
Ramin CABBARLI
24 sentyabr 1983-cü ildə Güney Azərbaycanın Muğan ovalığında anadan olub. İlk və orta məktəbi, eləcə də universiteti Muğanda oxuyub. Ədəbiyyatçı-jurnalist olaraq çalışıb. Muğan Yazarlar Birliyinin katibi olub və Güney Azərbaycanda evlərdə və dərnəklərdə Azərbaycan türkcəsini öyrətdiyi və bu yöndə məqalələr yazdığı üçün basqılara məruz qalıb. Milli məfkurə istiqamətli fəaliyyətinə görə təqib olunduğu üçün mühacir olaraq vətəndən kənarda yaşamağa məcburdur.
R.Cabbarlı Güney Azərbaycanda yaşayarkən "Laçın" dərgisinin baş yazarı olub, dərginin "Dil" adlı özəl sayını da çap etdirib. Bu özəl sayda Güney Azərbaycanın dil məsələləri, özəlliklə də "Bilim dili və meyar dil" ətrafında məqalə və müzakirələrə yer verilib.
2005-ci ildə bir qrupla "Kimlik" dərgisinin özəl sayını yayıma hazırlayıb və burada Üzeyir Hacibəylinin doğum gününün təkcə Quzey Azərbaycanda deyil, həm də Güney Azərbaycanda da "Milli musiqi günü" olduğunu bildirib.
Muğan universitetinin öyrəncisi olduğu illərdə buradakı şeir dərnəyində hər həftə bir şair haqqında məruzə edən Ramin Cabbarlı eyni zamanda, bir çox qəzet və dərginin də yazarı kimi çalışıb və yazıları "Yarpaq", "Yaşıl Muğan", "Bayram", "Varlıq", "Dan yeli", "Kimlik" kimi çeşidli dərgilərdə dərc edilib.
Kazablanka saatı,
Ankara saatı, Təbriz saatı,
Bomba saatı,
Hansı saat damarında
döyünməyin nə fərqi var ki,
Sənliliyin zamanı bitdiyində?!
Saat, neçə olursa-olsun,
Zaman, nəyi qovursa qovsun...
Günəş ili, Ay ili, Dinçi ili, Ateist ili,
Bir soru sora bilərəmmi?!
Unutdum illəri,
- 1300 neçənci günəşsizliyidir günəş ilinin?
Bu Arazsız şəhərlərdə
günəş sancısı yox ki, gəbələrin...
Sən demə, Günəş də cibdən düşürmüş,
Coğrafiya yadırğadığında
sağ-solun unudulduğu kimi...
Nə fərq edər hansı il olsun, hansı saat?
Günəş ilində, günəşsizlik yaşanırsa,
Bu anda, sənsizlik...
***
Boş ver!
Sorma hansı sınırdan aşdığımı
Kiminlə qaçdığımı...
Dağdanmı keçdim ayaqlarla,
Göydənmi uçdum uçaqlarla,
Nə fərq edər!?
İstər turistlərlə,
İstər terroristlərlə...
Heç sorma!
Boş ver!
Güllə güllənin çox fərqi yox,
Bu dünyanın hər şeyi bizim...
***
Nifrət etdiyim tanrı
Yağış tanrısıdır.
Dar küçələr qana boyanarkən
Ağ yağış göndərir,
Bütün cinayət izləri silinsin deyə.
Elədir dostum,
Nifrət etdiyim tanrı,
Yağış tanrısıdır,
alqan küçələrdən söz açdığımda,
ağ yağışıyla,
ağ yalan söylədi dünya üzünə.
***
Pay versən mənə
qərənfil boyalı dağlar yükündən
Qaş ağaran vaxtda,
Mışıl-mışıl yatmış küçələrin
ilk addımcısı olardım.
ağrı dolu yükümlə,
südəmər körpələrin
pəncərəsi önündən keçərdim.
Və hər pəncərə şüsəsinə
bir ağrılıq çınqıl çırpardım
yatmış körpələr diksinsin deyə.
Bu al boyalı dağlar yükündən versən mənə
Günəş,
Gecə çadrasını yırtmadan,
Dönərdim küçələrə.
Acılıqlar diksintisini yaşatmaq üçün,
unutqanlıq unudulsun deyə.



