
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
Filologiya elmləri doktoru
Rəsul İSMƏİLİAN
1984-cü il oktyabrın 16-da Təbriz şəhərində dünyaya gəlib. Məktəb təhsilini bitirdikdən sonra, öncə Elektronika, sonra isə Fars dili və ədəbiyyatı üzrə universitetdə təsil alıb.
Ədəbiyyat qonusunda "Sabah" dərgisinin baş yazarı, "Aftab Azərbaycan" dərgisinin redaksiya heyətinin üzvü kimi bir çox ədəbi dərgilərlə işbirliyi qurub.
Məqalələri ardıcıl olaraq dərgilərdə yayımlanır. "Məni bizə gətir", "Tənha ağac", "Kölgə" və başqa kitabları nəşr olunub.
"Yaponiya şeirində hayku" tədqiqatı böyük maraqla qarşılanıb.
Araba altında qalır düşüncəm
Payız yapraqları qışqırdır
Birisi arabasının pənçər təkərini dəyişir,
Birisi sənə bənzəyir.
Səni də belə bir durumda görmüşdüm,
xiyabanda arabaların tüstüsü
gözlərinin qarasına toplanmışdı,
Gecə diz çökmüşdü gözlərində.
İlk öncə sənin gözlərində töküldü
qaranlıqdan olan qorxum?
Sonralar bütün qaranlıqları sevdim...
İndisə bütün röyalarımı
qaranlıqlarda görürəm.
Boş ver, boş ver, boş ver,
Səni yaradan Tanrı ölməyib
Axı hələ də birisi sənə bənzəyir.
O seyr edir alış-veriş mərkəzinin
çıraqlı vitrinlərini,
Mən isə satıcıların gözlərindən
ona baxıram,
Bilmirəm
yerini kimin röyalarında salacaq.
Gözləri sənə oxşayır,
Dodaqları sənə oxşayır,
Boynuna saldığı şal oxşayır.
Aşağa enirəm avtobusdan,
Gülümsəyib mənə sarı dönür,
Yaxınlaşıb
keçir saymazcasına önümdən.
Gözə gəlmədim
Trafik çıraqlarının orta gözü kimi,
Ayaqladı ayaq izlərimi, keçdi
O, hələ də sənə bənzəyir.
Ayaqları daha da ayaqlarımdan
kiçikdir qarın üstündə,
Nömrəsi 38 olmalı, bəlkə də 39,
Düşünürəm hər şeyin kiçilməsini,
Kimdir ki, özündən kiçik deyil indi.
Mən dayandığım yeri sevmirəm,
O, ayaq izlərimə sahib çıxıb uzaqlaşır
Gedir, gedir, gedir,
Sanki heç bir şeyi unutmayıb.
Səni düşünürəm,
Araba altında qalır
ayaq izlərimizin bir neçəsi,
Araba altında qalır düşüncəm,
Araba altında qalır keçmişlər.
Hər bir siqnal səsində
neçə ayaq izi bıçaqlanır,
O, hələ də gülümsəyir.
Payız yapraqları qışqırdır,
Mən səni düşünürəm,
Keçmişlər
səni heç kimə vermədən
zaman keçəcək.
Qəzəl
Arayıb özlüyümü səndə soraq tutmadayam,
Yenidən bir də bu yollarda ayaq tutmadayam.
Sən otağımda günəş rəsmini asdın divara,
Mən dəli pəncərəyə onla varaq tutmadayam.
Mən qaranlıqda batan yer kürəmə göylərdən
Gecələr sənlə sanırdım ki, çıraq tutmadayam.
Sən səhər ay kimi kəsdin qabağın al günəşin,
İndi axşam, hələ kölgəndə boyaq tutmadayam.
Mən uduzdum bu qumarda deyəsən var-yoxumu,
Qayıdıb tarlalara əldə oraq tutmadayam.
Ax modernitə! İtən varlığımın həsrətiyəm,
Dəniz olmaqda, yağışlarda çanaq tutmadayam.
Özlüyümdən yox azıb sənliyimə çatmamışam,
Hələ də özlüyümü səndə soraq tutmadayam.
Rübai
Uymuşdu açıq pəncərə başlandı yağış,
Dəftərdə günəş rəsminə daşlandı yağış.
Axşam çağıdır dolmuş ürəkdən nə deyim,
Göz yaşlarımı gördü yavaşlandı yağış.
***
Səni addım-addım unutmaq üçün,
Gəlib qapınızdan az keçəcəyəm.
Yuxu həblərinin düşüncəsilə,
Sadəcə hər şeydən vaz keçəcəyəm.
Hərdən görüşsək də, bir-birimizlə,
Bir mahna axtarıb qarıxacağam.
Başım qarışacaq cib telefonuma,
Çağırsam adını karıxacağam.
Bu sözün deməyi heç rahat deyil,
Kəlmələr daraşıb alır canımı.
Sən yoxsan, içimdə görəsən nələr,
Gözlərindən iraq kəsib yanımı...
İtirəm gözündən xatirələrin,
Birgə arzulara qapını bağla.
Susmuş soraqların səssizliyində,
Ağlasan, məni də yada sal ağla.
Tələsir yalnızlıq səssiz otaqda,
Dolanır beynimdə doğuş sancısı.
Dayanıb divara yorğun bir kölgə,
Saplanıb gözünə kədər damcısı.
Asılmış təqvimdə qalıb gözləri,
Günlər dustağında nəyi itibdir?
Bir gün mənliyini paylaşan günlər,
İndi nömrələrdə hara yetibdir?
Birisi səssizcə qonub gözünə,
Oğrutək fikrini əlindən qapıb.
Qoca hörümçək tək sanki yaddaşı,
İtmiş xatirədən pərdələr tapıb.
O doğum günüdür, başı bəlalı,
Hər il bir nömrədə püflədiyi şam.
İndi kimliyini yaddan çıxardıb,
Biri ölüm olub, birisi yaşam.
- Salam doğum günüm, salam qardaşım,
Nədən dinməz oldun məni görəndə?
Danış, dindir, axı lal baxışların,
Artıq ögeylədir səni görəndə.
Bilmirəm bilirsən ya yox, bu, sənsən,
İlbəil üstünə dərd qalanıbdır.
Yaddaşın unudan bir kölgədir ki,
Keçmişi təqvimdə daldalanıbdır.
Hər il bir nömrədə çatmısan başa,
Çağların keçmişin heç inanmamış,
Zaman sandıqcasın açıq görmədə,
Oğrular sayağı heç yubanmamış.
Gileyli deyiləm, bilirsən bunu,
Hər il təkrarınla şən soyulmuşam,
Sanki baş götürüb gedib yiyəsi,
Yağmalanmış ev tək boş qoyulmuşam.
Gövdəsiz kölgəyə dönmüşəm indi,
Deyəsən gecədir, nə tez gec oldu?
Görən gedişimlə hansı nömrənin,
Dili tutuluban gözləri doldu?
Darıxma, əynindən silinirəm mən,
Fikrimi beynindən at yavaş-yavaş,
Gecənin yuxusu tələsir səni,
Bir nağıl deyirəm, yat yavaş-yavaş.
Birisi varıdı, biri yoxudu,
Oldun, öldün, qaldı qara geyənin,
Bütün ağaclarda üç alma bitdi,
Başına düşdülər nağıl deyənin.



