
Dünya yoxdu. Heç nə vardı. Səbəblər səbəbi Böyük Yaradan heç nədən zərrəcikləri yaratdı. Onlar kainat oldular.
Hər zərrəcik özü-özündəydi, başqa zərrəcikləri fərq etmirdi. Hər zərrəcik özü üçün mövcuddu. Nə başqasına dəyib dolaşır, nə də ona dəyib dolaşan olurdu. Nə özləri bir şey yarada bilir, nə də məhv olurdular. Heç bir hadisə baş vermirdi. Nə görürdülər, nə də başqalarına görünürdülər. Heç nə eşitmirdilər. Səs-səmir belə yox idi. Nə birləşən vardı, nə də ayrılan. İşıq-qaranlıq, isti-soyuq, pis-yaxşı, xeyir-şər bilinmirdi. Nə məhəbbət, nə də nifrət var idi. Bütün kainatda yeknəsəklik və sakitlik hökm sürürdü. Kainat beləcə mövcudluğunu davam etdirirdi. Bu minvalla sürən həyat az oldu, çox oldu, bilinmədi.
Bütün kainatı dolaşan zərrəciklər nə etdilər bilinmədi, duyulmadı, nə də eşidilmədi. Nəhayət, onlar bir şey olsalar da, heç nəyə yaramadıqlarını sezdilər. Özlərində bir məna tapa bilmədilər. Bu mənasızlıq onları bezdirdi. Əbədi və sakit həyatları olsa da, asılı olmasalar da, mənasızlıq onları möhkəm darıxdırır belə yeknəsəq həyatdan bezdirirdi. Nə edəcəklərini bilmirdilər. Öz dərdlərinə özlərindən əlac olmayacağını bilib Yaradanlarına üz tutdular. Dərdlərinə əlac istədilər. Böyük Yaradan rəhm edəndi, mehribandı, hər şeyi biləndi, diləkləri yerinə yetirəndi. Bu səbəbdən zərrəciklərə diləklərinin yerinə yetiriləcəyi tədqirdə, oların hal və həyatında nə kimi dəyişikliklər olacağını anlatdı:
- Onu bilin ki, diləkləriniz yerinə yetdikdə ilk növbədə əbədi, sakit və azad həyatınızı itirəcəksiniz. Mən sizlərdən hər birinin mövcudluğunu özünə bərabər olub, özünün əksi olanla birləşdirər, bu isə sizə ziddiyyət və mübarizələrlə dolu bir eşq qüvvəsi verər. Bu qüvvə hər bir zərrəciyi özü-özün dəlikdən çıxarar, həm özü, həm də başqası üçün edər. Ziddiyyətlərlə və mübarizələrlə dolu həyatınızda bir-birinizlə əlaqələnər, birləşər, ayrılar, özü başqasına çevrilməklə özünüzə oxşamayan yeni varlıqlar yaradar, bunu davamlı olaraq yenilik istiqamətində təkrarlar və arzuladığınız məna və hadisələrlə dolu bir həyat yaşarsınız. Eşq qüvvəsi ilə hərəkətə gələn ziddiyyətli və mübarizəli həyatınızda mənalı hadisələr, yeni yaranışlarla yanaşı, bunlara əks olan keyfiyyətlərə malik olanlar da olacaqdır. Müsbətlə yanaşı, mənfi, cəzbetmə ilə yanaşı, dəfetmə, işıqla yanaşı, qaranlıq, istiylə yanaşı, soyuq, xeyirlə yanaşı, şər, məhəbbətlə yanaşı, nifrət, seviclə yanaşı, kədər, həzlə yanaşı, iztirab, gozəlliklə yanaşı, eybəcərlik, həyatla yanaşı, ölüm və s. bu kimi sonsuz əksiliklər nəsibiniz olacaqdır. İndi özünüz baxın hansını istəyirsinizsə, seçin.
Əvvəlki yeknəsəq həyatlarından bezən zərrəciklər əlaqələnmək, birləşmək, yeniliklər və gözəlliklər yaratmaq, hadisələrlə dolu mənalı həyat yaşamaq xatirinə məşəqqət və əzabı da qəbul edərək dilədikləri həyatın onlara verilməsini istədilər.
Böyük Yaradan hər bir zərrəciyin təbiətini özünə bərabər olub özünün əksi olanla birləşdirməklə, onların təbiətinə onları davamlı həkətə gətirən, əlaqələndirən, birləşdirən, ayıran, yeni yaranışlar əmələ gəlməsinə səbəb olan eşq qüvvəsi daxil etdi. Zərrəciklərin təbiətinə daxil olan müsbət və mənfi yüklü, cəzb və dəf edə bilən bu sehrli eşq qüvvəsinin qüdrətindən bütün kainat hərəkətə gəldi. Zərrəciklər sanki canlandılar. Həm özlərini, həm də başqa zərrəcikləri fərq etdilər. Əlaqələndilər, birləşdilər, vəhdətləndilər. Təbiətlərində bir-birinə əks olan qüvvələr onları rahat buraxmır, hərəkət və fəaliyyətlərini davamlı və zəruri edirdi. Bu fəaliyyət zərrəciklərin özünün özü kimi qalmasına imkan vermir, onu dəyişdirir, başqalaşdırır, yeni-yeni yaranışların yaranmasına səbəb olurdu.
Zərrəciklərin dəyişməyə başlaması anından zaman, birləşib, vəhdətlənib mövcudluq olub, yer tutmasından isə məkan yarandı. Cəzbetmə qüvvəsinin təsirindən ayrı-ayrı vəhdətlər halında birləşən zərrəciklərdən səma cismləri, ulduzlar, səyyarələr meydana gəldi. Dəfetmə qüvvəsi isə yaranışlar arasında məsafə saxlanmasını təmin etməklə, birləşmənin əksi olan prosesləri tənzimləyirdi. Bu sehrli qüvvə zərrəciklərdən yarananların fəaliyyət qanunauyğunluğunu saxlayır, onların yaşayış yolunu müəyyən edirdi. Zərrəciklərin əlaqələnmə, birləşmə və vəhdətlənmə sevincləri yüksək hərarət və parlaq işıqla şərtlənir və bütün kainatı nurlandırırdı. Bu birləşmə və ayrılmalar köhnələr üzərində daim yeni yaranışlar meydana gətirir, dünyanı müxtəlifləndirirdi. Zərrəciklərin bu fəallığı işığı, hərarəti, xeyiri, gözəllikləri, məhəbbəti yaratdığı və həyatı mənalandırdığı kimi, qaranlığı, soyuğu, şəri, nifrəti, ölümü də doğururdu.
Əks qüvvələrin mübarizəsi və toqquşması tufanlara, fəlakətlərə, əzab və iztirablara səbəb olurdu. Bəzən bu sehrli qüvvələr elə çuğlaşırdı ki, onun xeyri ilə şərini ayırmaq olmurdu. Özündə mənfi-müsbət, xeyir və şər, məhəbbət və nifrət və sair bu kimi əksilikləri daşıyan zərrəciklər bir-birləri ilə qarşılıqlı əlaqə şəraitində gah alovlu məhəbbətlə vəhdətlənir, gah da soyuq bir nifrətlə ayrılır. Hər iki halda başqalanıb nə isə yeni bir şey yaradırdılar. Zərrəciklər birləşmə və ayrılma məqamlarında sanki şıltaqlıq edir, gah xeyirlənib gözəlliklər yaradır, gah da şərlənib gözəllikləri xarabalıqlara çevirirdilər.
Zərrəciklər özlərinin əbədi və sakit həyatlarını ölümlü və iztirablı olsa da, hadisələrlə, yaranışlarla, məna və gözəlliklərlə dolu bir həyata dəyişməkdə səhv etməmişdilər. Zərrəciklərin yaratdığı bir-birinin bənzəri olmayan sonsuz müxtəlif mikro və makro yaranışların hər birinin öz mənası, öz məqsədi var idi. Onlar sonsuz sayda parlaq ulduzlardan ibarət kəhkəşqanlar, səyyarə topluları yaratmışlar, onları rəngarəng cizm və hadisələrlə doldurub mənalandırmışlar. Daha fəal yaranışlar olan canlı aləmi, bitki və heyvanları yaratmışlar. Sözün qısası, onlara yaradıcı gücü verən ilahi qüvvənin köməyi ilə zərrəciklər möhkəm intizam və zəruri qanunauyğunluqla şərtlənən rəngarəng hadisələrlə və yeniliklərlə dolu, əsrarəngiz gözəlliyə, axar-baxara malik, min bir rəngə çalan, mövcud olan hər bir şeyin ayrıca mənası və məqsədi olan bütöv bir aləm yaratmışdılar.
Bütün bunlar çox gözəl idi. Zərrəciklər bezmir və daha darıxmırdılar. Amma yenə də nəyinsə çatışmadığını hiss edirdilər. Nə isə elə bil ki, bir boşluq var idi. Bu zərrəciklərin onlara verilmiş imkanla yaratdıqlarının məna və gözəlliklərinin duyulması, dərk olunması və dəyərləndirilməsi istəyi ilə bağlı idi. Onlar hər şeyin ölçüsü ola biləcək, öz ölçüsü ilə hər şeyi mənalandıra və dəyərləndirə biləcək bir yaranışa ehtiyac duyurdular. Zərrəciklər öz fəaliyyətlərində nə imkansa, onu etmişdilər. Bu istəkləri isə onların imkanları daxilində deyildi. Əlac yenə də onları yaradan, onlara yaradıcı güc verən böyük və hər şeyə qadir Yaradana üz tutmaqda idi. Belə də etdilər. Böyük Yaradan onların budəfəki istəyini dinlədi və bu istəklərinin yerinə yetiriləcəyi tədqirdə həyatlarında nələr baş verə biləcəyini onlara anlatdı:
- Bu istəyinizi də yerinə yetirməm mümkündür. Bilin ki, budəfəki istəyiniz çox böyükdür. Lakin bunu həm də ona görə yerinə yerirmək istəyirəm ki, mən də qüdrətimin və yaratdığım bu sonsuz aləmin məna və gözəlliklərini duyan, anlayan, dərk edib dəyərləndirə bilən yaranışların olmasını istərəm. Lakin bu keyfiyyətə malik yaranışa verəcəyim güc və qüdrətin böyüklüyünün həm də nə kimi zərərlər verə biləcəyini bildiyim üçün indiyədək yaratmamışam. İndi sizin istəyinizlə onu yaradacağam. Bilin ki, bu yaranış böyük gücə, bacarığa və qabiliyyətə sahib olacaq. Bu yaranışa verəcəyim güc ən uca nemət olan ağıldır, düşüncədir. Bunu sizlərdən mütəşəkkil olan canlı yaranışlardan birinə verəcəm. Bu keyfiyyətə malik olan yaranış aləmi dərk etdikcə biliklər əldə edib daha da qüvvətlənəcək, öz ağlının işığıyla öz yaşam yolunu müəyyən edəcək və hərəkətlərində müxtar olacaqdır. Yaradılan aləmin məna və gözəlliklərini dərk edib qiymətləndirməklə yanaşı, özləri də məna və gözəlliklər yaradacaq. Onlara verilmiş ağıl və düşüncənin sayəsində əldə etdikləri mövqe və qüdrət sizlər üzərində yüksəlib sizə sahib olmalarına imkan verəcək. Onlar öz qüdrətləriylə dünyada öz nizamlarını yaratmağa başlayacaq və öz nizamlarını sizin şəkilləndirdiyiniz təbii nizama qarşı qoyacaqlar.
Lakin ağıl qüvvəsi də özünə bərabər olub özünün əksi olanla birgə olacaq ki, bu da hisslərə dayanan nəfs qüvvəsi olacaq. Ağıl və düşüncəyə sahib canlının məqsədi istiqamətində fəaliyyəti nəfs qüvvəsi ilə daimi mübarizə şəraitində baş tutacaq. Nəfs qüvvəsi ağla əks olub onu öz istəklərinə tabe etməyə və ağlı öz məqsədlərindən kənarlaşdırmağa çalışacaq. Bu isə böyük fəlakətlərə, qırğınlara, ağrı-acı və iztirablara səbəb ola bilər. Əgər nəfs ağlı tamamilə özünə tabe edə bilsə, dünyanın məna və gözəlliklərinin sonu gəlmiş olar. Yox, əgər ağıl qüvvəsinə sahib olan öz istəklərini ağılla nizamlarsa, onda nəfsin onlara gücü çatmaz. Onda dünya siz işdədiyiniz kimi şəkillənər, həyatınıza məna və gözəlliklər qatılmış olar. İstədiyinizi seçməkdə sərbəstsiniz.
Zərrəciklərdən yaranan məna və gözəlliklərin duyulması, dərk olunması və dəyərləndirilməsi zərrəciklər üçün qarşısıalınmaz istək olduğundan bu istəklərinin yerinə yetirilməsini israr etdilər. Böyük Yaradan onun yanında ən uca nemət olan ağlı canlı yaranışlardan birinə verdi və onu insan adlandırdı. Ona keyfiyyətinə uyğun forma verdi və qarşısına qoyulan məqsədi yerinə yetirməsi üçün hər cür imkanlarla təmin etdi.
İnsan ona verilən ağıl və düşüncənin sayəsində tez bir zamanda seçildi və ucaldı. Öz ölçüsü ilə hər şeyin ölçüsünə çevrildi. Yaradılan məna və gözəllikləri dərk edib dəyərləndirməklə yanaşı, özü də mənalar və gözəlliklər yaratmağa başladı. Çox mənalar, mahiyyətlər, qanun və qanunauyğunluqlar aşkar etdi. Çox sirlər açdı. Bütün bunlar onu yaranışlar üzərində yüksəltdi , ən ali və mükəmməl yaranışa çevirdi. Ona verilən ağıl və düşüncənin qüdrəti ilə elə qüdrətli vasitələr yaratdı ki, aya, səyyarələrə belə yol aça bildi.
İnsan çox, həm də lap çox bilik və bacarıqlar əldə etdi. Lakin nəfsi ilə bacara bilmədi. Nəfsini cilovlayıb ağlına tabe edə bilmədi. Bu da dünyaya fəlakət gətirdi, insanlığa böyük zərbə vurdu. Nəfslərindən doğan xislətləri üzündən insanlar zaman-zaman qanlı müharibələr törədir, dağıntılara və faciələrə yol açır, günahsız insanların qanına bais olurdular. Nəfsin istəkləri ucbatından yaşayışlarını təmin edən təbiətlə də sərt rəftar edir, yaşayışları üçün zəruri olanları belə, nəzərə almadan amansızlıqla məhv edirdilər. Oturduqları budağı kəsdiklərini və budaqla birlikdə özlərinin də düşüb məhv olacağını anlasalar da belə, nəfslərinin şiddətinə qalib gələ bilmirdilər. İnsanların nəfs istəkləri onlara yaranış məqsədlərini unutdururdu. Ağıl daim insana yaranış məqsədini anlatsa da, nəfs insanı əsl məqsədindən ayırır, onu şirnikdirərək öz istəklərinə tabe etdirməyə çalışırdı.
Ağıl bilirdi ki, nəfsdən üstün və qüdrətlidir. Ağıl bilik və bacarıq sahibi idi. Mənanı dərk etməklə yanaşı, həm də məna yarada bilirdi. İnsan ölsə də, yaratdığı mənalar nəsldən-nəslə keçərək yaşayır, yeni-yeni mənalar doğuraraq ağılları daha da qüdrətləndirirdi. Nəfsə qalib gəlmək və ağlın hökmranlığını elan etmək yalnız muxtar olan insanın istək və iradəsinə bağli idi.
Nağlımızın əvvəlində dediyimiz dünya yoxdu, heç nə vardı, hər şey ondan yarandı. İndi isə deyə bilərik ki, hər şey vardı. Olmayanlar da var olacaq. Hər şey olacaq və öz yaranış məqsədi istiqmətində, öz qaydası ilə fəaliyyətdə olacaq. Təkcə uca nemət olan ağla sahib muxtar insanlardan başqa qayda-qanunu, təbii nizamı pozan olmayacaq.
- Ey insan, yaranış məqsədini uca tut, dərk et, mənalandır, dəyərləndir, yeni-yeni məna və dəyərlər yarat, ucal və ucalt.
- Ey bəşəriyyət sənə bəxş edilmiş uca nemət olan ağla güvən, onu nəfsin yoldan çıxarmasına yol vermə, onda qələbə insanlığın olacaq.
Yusif HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti, fəlsəfə üzrə fəlsəfə doktoru



