
Bu günlərdə bütün dünya kitabçılarının gözləri İstanbuldaydı. Elə ürəkləri də bu "daşı-torpağı qızıl şəhər"lə döyünürdü. Necə ki, 9-11 mart tarixlərindəTürkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyi (TBYM) tərəfindən keçirilən VI Beynəlxalq İstanbul Naşirlər Toplantısının şüarı da "Dünya naşirlərinin qəlbi İstanbulda döyünür" idi.
Heç kimə sirr deyil ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası elə əvvəldən ciddi problemlərin yaşandığı Azərbaycan kitab bazarına da ağır zərbə vurub. Ancaq buna rəğmən naşirlər, kitab dostları industriyanın ayaqda qalması üçün bütün güclərini səfərbər ediblər. Misal kimi bu günlərdə 10-dan artıq nəşriyyatı çətirinin altına toplayan "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin yaradılmasını göstərmək mümkündür.
Toplantıda ölkəmizi Mədəniyyət Nazirliyinin nümayəndəsi Lalə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, həmçinin, "Şərq-Qərb", "Qanun", "Hədəf nəşrləri", "Xan", "Qədim qala", "Altun", "Parlaq imzalar", "Alatoran", "Ağıllı bala", "Üçbucaq", "Libra" nəşriyyatının nümayəndələri və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları təmsil ediblər.
Bundan başqa, tədbir çərçivəsində bu il ilk dəfə təşkil olunan "Diqqət mərkəzindəki ölkə" mövzusu çərçivəsində Azərbaycan fəxri qonaq seçilib.
Martın 9-da ölkəmizin nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu əməkdaşlarının da qatıldığı açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Çap Yayım Məslək Birliyi, İstanbul Valiliyinin nümayəndələri çıxış ediblər. Bildirilib ki, 60 ölkədən 351 naşirin qatıldığı tədbir çərçivəsində çoxsaylı görüşlər, habelə Azərbaycan kitab sənayesi və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçirilib.
Açılış mərasiminin sonunda Türkiyə Elm Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan tərəfindən Azərbaycan nümayəndə heyətinə plaketlər təqdim edilib.
Akademik İsa Həbibbəyli tədbirdə Azərbaycanla Türkiyənin heç vaxt bir-birindən ayrı qalmadığını vurğulayıb. O, Azərbaycanın "diqqət mərkəzindəki ölkə" seçilməsinin Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi olduğunu bildirib. Azərbaycan ədəbiyyatının bu gün dünyanın bütün tanınan dillərinə tərcümə olunduğunu deyən İ.Həbibbəyli ölkəmizin digər türk dövlətləri ilə bütün sahələrdə olduğu kimi, ədəbi və mənəvi sahədə də sıx bağlarının olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində, həmçinin, "Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi" mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Emrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən İsa Həbibbəyli, Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin, Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.
Ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin "April" Nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Eyni zamanda, Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb.
Beynəlxalq tədbir çərçivəsində, həmçinin, Bakı Yunus Emrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub.
Tədbirin ilk günündə müxtəlif adda kitabların nümayiş olunduğu Azərbaycan stendinin və görkəmli rəssamlarımızın əsərlərinin fotolarından ibarət sərginin açılışı keçirilib.
Tədbir çərçivəsində "Qanun" Nəşrlər Evi türk ədəbiyyatının dilimizə tərcüməsi və təbliğinə görə ilk dəfə təqdim olunan "İstanbul Müəllif Haqları Mükafatı" üzrə II yerə və pul mükafatına layiq görülüb. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu mükafatlandırma mərasimindəki nitqində deyib ki, bu ilk mükafatını 30 il əvvəl nəşriyyat işinə birgə başladığım dostum, böyük tərcüməçi Natiq Səfərovun adına qəbul edirəm. Qeyd edək ki, bu mükafat Türkiyə Mətbuat Yayım Sənəti Birliyi tərəfindən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Valiliyi tərəfindən təşkil edilir. Məqsəd əcnəbi dillərə çevrilən əsərlərdə müəllif hüquqları mübadiləsini inkişaf etdirmək, mədəni iş birliyində və təbliğat məsələlərini fəal təşkil etməkdir. Bu mükafat Türkiyə nəşrlərinin əcnəbi dillərdə yayılmasına və dünyada tanıdılmasına xidmət edən şəxslərə, yaxud nəşriyyatlara verilir.
"Hədəf" Nəşrlərinin baş direktoru, "Azərbaycan Nəşriyyatları" İctimai Birliyi (ANİB) İdarə Heyətinin sədri Şəmil Sadiq artıq altıncısı təşkil olunan toplantı haqqında fikirlərini bölüşüb. O vurğulayıb ki, Azərbaycan nəşriyyatlarının nəinki müəllif hüquqları alacağı, həm də sata biləcəyi düşüncəsindədir: "Şəxsən mən buna köklənmişəm, bir neçə kitabın müəlliflik hüququnu xaricə sataraq Azərbaycan kitabını tanıdacağıq!"
"Hədəf" Nəşrlərinin direktoru Səbuhi Şahmursoy da toplantı ilə bağlı gözləntilərindən danışıb. Qeyd edib ki, üç gün ərzində on iki xarici nəşriyyat nümayəndəsi ilə görüş keçirib: "Xeyli təcrübə topladıq, bu, öz yerində, amma bir incə məsələni qeyd edim: adamlar müəllif hüquqları alış-verişinə stabil enerji ilə yanaşırlar. Yəni bizim kimi həssaslıq nümayiş etdirmirlər. Bizdə isə bu, sanki xüsusi yanaşma məsələsi idi. Bir neçə nəşriyyatın diqqətini cəlb edə bildik. Kitablarımızdan ağızdolusu, vicdan rahatlığı ilə danışdıq. Hətta İtaliya nəşriyyatı ilə danışıq zamanı elə həvəslə danışdım ki, italyan qadının gözləri doldu. Eyni zamanda, həmin qadınla - Silvia Vassena ilə xeyli ədəbiyyat, sosiologiya söhbətləri etdik. Xoşbəxtlikdən tərcüməçimiz bu işlərdən anlayan insan idi, arada özü də söhbətə münasibət bildirirdi.
Türk nəşriyyatları ilə görüşlər zamanı nəzakətlə təlqin elədim ki, biz illərdir onlardan müəllif hüquqları aldığımız kimi, onlar da bizdən almağa borcludur. Açığı, bu yanaşma görüşdüyüm əksər türk naşir və agentlərinə təsir etdi. Amma bir nəşriyyatın həm təsisçisi, həm də əsas müəllifini əməlli kövrəltdim. Ağzımız qızışdı, söhbət iki türk dövləti arasında mədəni yaxınlaşmanın konseptinə qədər uzandı. İstənilən halda, xoş oldu. Səni özün kimi qəbul edən və anlayan xarici həmkarını görmək çox əla hissdir. Yəni ortada istər-istəməz perspektiv yaranır".
Cavid QƏDİR



