
BU AXŞAM...
...Gördüm, Qarabağa gözüm yol çəkir...
Gözüm yol çəkirsə, xeyirdir, xeyir!
İlham Heydər oğlu HAQQA qol çəkir,
Ər oğlu Ərdoğan "HƏMD OLSUN!" deyir...
10.11.2020
TƏMİZLİK
Şükür, el qayıdır geri...
İndi xarı bülbülləri
Süsləmək, bəsləmək gərək.
Hər addımda yer minadır...
Hər erməni bir minadır,
Yurdu təmizləmək gərək.
Gül-çiçəyi oyatmağa,
Qarabağda boy atmağa
Əmək... əmək... əmək gərək...
2021
KÖHNƏPƏRƏSTƏM...
Ən müqəddəs saydıqlarımıza "Köhnədir" deyənlərə.
Köhnəlik içində məstəm,
Köhnə dərdlər dəhnəsiyəm.
Mən köhnə köhnəpərəstəm,
Köhnələrin köhnəsiyəm.
Xaqani heç vaxt qocalmır,
Bəs Nizami nədən qalıb?
Yüz təzə don geyən qalmır,
Füzuli köhnədən qalıb...
Köhnə geyimdə-keçimdə
Bəzz qalasındadır dəstəm.
Parispərəstlər içində
Ən köhnə Təbrizpərəstəm.
Nə varsa, ha tərəfdədir,
Babatını mənə verin.
Köhnə kitabı rəfdədir,
Nəbatini mənə verin.
Hadi köhnə, Səhhət köhnə...
Sadala bir-bir... köhnədir...
Müşfiq ömrü qanlı səhnə,
Ondan da Sabir köhnədir.
Sırğadır, qulağından as:
Əruzla fırlanır bu yer.
Tufarqanlıdan qalıb saz,
Köhnədir? Gətir, bəri ver!
Mənlə "Yallı" gedən hanı?
Gəlin, siz diri, mən ölü...
Mənim havam "Xançobanı",
Mənim havam "Heyvagülü!"
Cild-cild kitab... təzə... qalın...
Böyür-böyürə... Üst-üstə...
Ay təzələr, təzə qalın,
Mən köhnə köhnəpərəstəm.
Köhnə yazılı daşların
Mən də elə daş tərziyəm.
Min il köhnə qalmışların
Mən astarıyam, tərsiyəm.
...Ulu ruhlar qarşısında
Xəcalətimdən tər-suyam...
2014
MƏNİ UNUDANLAR UNUDULMASIN
Adımı "Unudulanlar" sırasına yazana
Bu ufaq komada, gözdən uzaqda
Axşamım səhərdir, səhərim axşam.
Yuxuya getmişəm Qarabulaqda,
Bir də ayıldım ki: unudulmuşam!
Şeir dəftərimlə qaldı şəhərdə
Üzümə qapılar bağlanan çağım.
Xızı dağlarında düşdüm yəhərdən,
Həsrətdən qurtuldu ata ocağım.
Əgər çəkilmirsə bir yerdə adım,
Bu da taleyimin naxışı oldu.
Şəhər havasında havalanmadım,
Nə yaxşı, nə yaxşı, nə yaxşı oldu.
Bu çarpaz cığırlar, yollar nədir bəs?
Yamac vərəqlərdə romantik yazı...
Kəndimin saralmış gülünə dəyməz
İlğım şəhərlərin romantikası...
Kəndli var - şellənir şəhər bağında,
Yadına doğmaca el-oba düşmür.
Mən kənddə yatmışam fil qulağında,
Adım bir dəftərə, kitaba düşmür.
Şəhərdə şairi öndə görürlər,
Asımmı özümü mən fağır burda?
Orda şairlərə çələng hörürlər,
Üç gündür başıma qar yağır burda.
Hansı şairdə var bu dözüm, səbir?
Oğul itkisidir barım üstə köz...
Yüksək mükafatım ayda-ildə bir
Sərraf dodağında bir kəlmə xoş söz...
Dağlardan utandım, susdum, lal durdum...
Ömrün yetmişində, yetmiş beşində
Doğum günlərimdə badə qaldırdım
Tək-tənha... Gün tutan qaya döşündə...
Hələ Ağasəfa dəyər canlara,
Oturub-durmağa çatır təpərim.
Məni sağlığımda unudanlara,
İnşallah, yetişməz ölüm xəbərim.
Allahım, bu gecə bir mənəm, bir sən...
Bilirsən... Kiməmsə, özüm qədərəm...
Əzrayıl mələkdir, qoluma girsə,
Köhnə məzarlığa rahat gedərəm...
Dünyanı bizlərə umud olanlar
Hərəsi bir çıraq, hərəsi bir şam.
Mənim yadımdadır unudulanlar,
Mən hələ heç kəsi unutmamışam.
Unudulmaz deyil dünyada hamı,
Heç kəs öz cəddinə umud olmasın.
Allahım, qəbul et bu son duamı:
Məni unudanlar unudulmasın!
...Bu ufaq komada, gözdən uzaqda
Axşamım səhərdir, səhərim axşam.
Göbəyim kəsilən Qarabulaqda
Bəlkə həqiqətən unudulmuşam?
2021
OCAQ
Kəndə dönməyimdən otuz il keçir,
Gün günə qovuşur, aylar sovuşur.
"Kəndə niyə köçdün?"...
"Kənddə nə var ki?"
Hələ də zəng vuran, görən soruşur.
Könlünə dəyməsin, qəlbi sınmasın,
Məni qınayanı necə qandırım?
Çox qısa deyirəm...
Qısa... Çox qısa:
Gəldim ki, üz-üzə iki daş qoyum,...
Çör-çöp alışdırım...
Ocaq yandırım...
2021
O ZİRVƏ...
O zirvə mənim zirvəmdir.
İki hürgüclü dəvəmdir.
Həmişə ona sığındım,
Həmişə ona güvəndim.
O zirvə göyə şərikdir.
Dözümü həmişəlikdir.
Papağında qar əriyir,
Ətəyi bənövşəlikdir.
O zirvəyə həsrət çəkdim,
Gah gül dərib, gah dərd çəkdim.
Evə əliboş dönəndə
Arılara həsəd çəkdim.
Qucaqlamaqçın Günəşi
Ora qalxmışdım inişil.
İndi ətəkdə qalmışam,
Ətəyim kola ilişir.
Orda hər şey nizam olur,
Orda insan insan olur.
Orda yerlə göy birləşir,
Qanadlanmaq asan olur.
Zirvəyə can atan uşaq,
Dönmüsən qanadlı quşa.
Tut mənim də qanadımdan,
Mən sənə bələdçi olum,
Qalxaq... Dayanaq üz-üzə,
Orda Tanrıyla danışaq...
2019
QADIN ALDANIŞI
Qadın gözəlliyi - sərgi,
İnsanlığa Haqdan vergi.
Yerişi, duruşu, ərki,
Nazı aldadır qadını.
Bu boyda kürreyi-ərzin
Gözəli biləndə özün,
Atmaca, gülməcə sözün
Duzu aldadır qadını.
Sirrini gizlədir, danır,
Guya özündən utanır,
Ürəyi başqa cür yanır,
Gözü aldadır qadını.
Əldə haram pul ki olur,
Evi, bağı, mülkü olur,
Xəz dərili tülkü olur
Quzu... aldadır qadını.
Hər suala cavab hazır,
Hər sözü min yerə yozur,
Bir də gördün yazır-pozur,
Yazı aldadır qadını.
Sirri vardır hər bir anın,
Deyim, and içim, inanın.
Vurulur yaratdığına,
Mən şahidəm: Yaradanın
Özü aldadır qadını...
2019
YOLLARA DƏN SƏPMİŞƏM...
Səstutandır ürəyim,
Səstutandır çöl-bayır.
Sənin səsin gəlməsə,
Telefonum zarıyır.
Birdən elə sanarsan,
Mən qəfəs küncündəyəm.
Yox! Sənin həsrətinlə
Bir Antey gücündəyəm.
Dizimi yerə vurub,
Dağları tərpətmişəm.
Uç! Quş qanadında gəl!
Yollara dən səpmişəm...
2019
KÖNÜL ÇIRPINIR...
Könül çırpınır, qəlb əsir,
Ürəyim - mərmi qəlpəsi,
Başım döyüşdə titrəyir.
Ağacam, köküm torpaqdı,
Əllərim yarpaq-yarpaqdı.
Yel əsməmiş də titrəyir...
2016
SU ÇƏRŞƏNBƏSİNDƏ
Şəklim düşür... Su varlanır...
Yuvalanır, yuvarlanır,
Xəyallarım suda axır...
Elə bil axıb gedirsən,
Dünyadan çıxıb gedirsən,
Möcüzə var suda, axı.
Bu daş masam kənarında...
Oturmasam kənarında,
Mən olmasam, su darıxır...
2018
ƏSİR DÜŞMÜŞƏM
Sözümə baxmır qələm,
Əlim əsir - düşmüşəm.
Mən sözün əsiriyəm,
Sözə əsir düşmüşəm.
2021
AĞASƏFA



