|
|
|
|

Ötən həftə Ombudsman Səbinə Əliyeva 2020-ci il üzrə illik məruzəsində bir neçə maraqlı təklif irəli sürüb. Parlamentə təqdim edilən bu təkliflərdən biri də ölkədən çıxışa qoyulan qadağa ilə bağlıdır. Ombudsman təklif edib ki, bu məhdudiyyətlər yalnız məhkəmə qərarı əsasında qoyulsun və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişi göndərilsin.
Bəs hazırda ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar? İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?
"Sərhədkeçməyə məhdudiyyət siyahısı"na görə 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa - "stop" tətbiq edə bilər. Bunlarda yalnız borcu olanlarla bağlı tətbiq olunan qadağanı qabaqcadan öyrənmək mümkündür. Borclarla bağlı qadağanı əvvəlcədən Ədliyyə Nazirliyi və DİN-in elektron xidməti vasitəsilə öyrənmək olur. Digər hallarda tətbiq olunan ölkədən çıxışla bağlı qadağa haqqında qabaqcadan elektron formada məlumat əldə etmək mümkün deyil. Bu qadağalarla bağlı adətən sərhəddi keçərkən, pasport yoxlaması zamanı məlumatı əldə etmək olur. Yəni hazırkı qaydalara əsasən, şəxs xaricə getmək üçün sərhəd buraxılış məntəqəsinə, yaxud hava limanına yaxınlaşarkən onun ölkədən çıxışına qadağa olub-olmadığını öyrənə bilir.
Qeyd edək ki, hazırkı qanunvericilikdə "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na görə aşağıdakı qurumlar vətəndaşa "stop" qadağası tətbiq edə bilər:
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Feysbuk hesabında bu məsələyə toxunub. O qeyd edib ki, DSX-nın özəl informasiya sistemi olmadığından "stop" qadağası DİN-nin tabeliyində olan İAMAS ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir. Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı "stop" siyahısına əlavə olunur. DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə "stop" qoyulan vətəndaşla bağlı məlumat görünür.
O həm də qeyd edib ki, "myGov" elektron portalında qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s. xidmətlər təqdim edilir. Eyni qayda ilə müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə "myGov" üzərindən ölkədən çıxışla bağlı tətbiq olunan qadağa haqqında məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.
"Düşünürəm ki, ASAN, daha doğrusu, Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə "myGov" üzərindən bu xidməti təqdim edə bilər. Əgər "stop"la bağlı məlumat İAMAS-da qabaqcadan varsa, bunun əvvəlcədən "myGov"da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi problem olmamalıdır. Lazım gələrsə, bu sistemin əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür", - o yazıb.
Natəvan ABDULLA



