
Xalqımızın əldə etdiyi müstəqillik bizə yalnız siyasi-ictimai azadlıq vermədi, həm də milli-mənəvi dəyərlərimizin "azadlığına" təminat verdi. Vaxtilə "Kitabi-Dədə Qorqud"un öyrənilməsinə və xalqa küləvi şəkildə çatdırılmasına qoyulmuş qadağa ümumən Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri üzərinə qoyulmuş qadağa idi.
Orta əsrlər Azərbaycan mədəni irsinə qarşı tuşlanmış qadağalara məruz qalan böyük abidələrimizdən biri də məhz "Şühədanamə" adlı, XVI Azərbaycan ədəbi dilinin xalq dili zəminində inkişaf edib təşəkkül tapmasında mühüm rolu olan yazılı bir abidə...
Doğrudur, bu vaxta qədər mütəxəssislərin böyük ehtiyatla kəm-kəm müraciət edib bəhrələndikləri bu böyük abidə həm də Azərbaycan-islam mədəniyyətinin böyük yazılı abidəsi olduğu səbəbindən onun geniş, kütləvi şəkildə tədqiqatına böyük maneələr mövcud idi. Müstəqilliyimiz bu mənada bizim zəngin ədəbi-bədii irsimizə ikinci həyat verdi.
"Şühədanamə" XVI əsr Azərbaycan türk xalq dilinin, özü də canlı xalq dilinin güzgüsü, aynasıdır. Əsərdə Azərbaycan türk dili canlı şəkildə əksini tapır. Bu məqamda böyük rus tədqiqatçı-demokratı V.Q.Belinskinin kəlamını xatırlayıram: "Ədəbi dil o zaman özünün apogey səviyyəsinə qalxır ki, o, xalq dilinin bütün incəliklərini özündə həkk etdirə bilsin. "Şühədanamə" bu mənada unikal bir yazılı abidədir: "Şühədanamə" Azərbaycan xalq dilinin nəbzini, nəfəsini yaşadaraq bizə təqdim edir.
Bu yaxınlarda "Elm" nəşriyyatında nəfis şəkildə çapdan çıxmış "Şühədanamə" adlı elmi-tədqiqat sözün həqiqi mənasında, XVI əsr və ümumən Azərbaycan ədəbi dil tarixində bir mədən-ədəbi hadisədir. Azərbaycan mədəniyyəti tarixində, Azərbaycan ədəbi dil tarixində müstəsna əhəmiyyəti olan belə bir möhtəşəm əsərin işıq üzü görməsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya bu xeyirxah işinə görə mütəxəssislər adından öz təşəkkürümüzü bildirməklə yanaşı, həm də alimin titanik zəhmətini yüksək qiymətləndiririk. Çünki görkəmli dilçi-mətnşünas alim belə bir irihəcmli (681 səh.) əski əlifba ilə yazılmış tərcümə əsərinin əlyazmasının mətnini nəşrə hazırlamış, əsərə ətraflı ön söz yazmış, izahlar yazmış, əsərdə işlənmiş ərəb-fars sözlərinin və arxaik sözlərin lüğətini vermişdir. Mütəxəssislər yaxşı bilirlər ki, bu, necə ağır və şərəfli bir işdir. Belə bir məsuliyyətli və çətin işin öhdəsindən uğurla gəlməyə akademik Möhsün Nağısoylunun illərlə AMEA Füzuli adına Əlyazmalar İnstitutunda çalışması, fars dilini mükəmməl bilməsi və ən başlıcası, farsdilli və anadilli əlyazma mətnləri üzərində yetkin, mükəmməl bir mütəxəssis kimi yetişməsi imkan vermişdir. Bu sanballı və olduqca əhəmiyyətli kitabın ən böyük üstünlüyü ondan ibarətdir ki, burada "Şühədanamə"nin həm fotofaksimilesi (əski əlifba ilə surəti), həm də transfoneliterasiyası, yəni çağdaş oxucunun, dilçi tədqiqatçıların heç bir çətinlik olmadan abidənin mətninə daxil olmağa imkan verən mətni verilmişdir.
"Şühədanamə"nin XVI əsrin ilk növbədə böyük tərcüməçisi, yazıçısı, şairi, sırf elmi istilahla desək, katibi (mirzəsi) Məhəmməd ibn Hüseyn Katib Nişati fars dilindən Azərbaycan türk dilinə çevirmiş və mütərcim - alim bu xeyirxah işini tərcüməsinin girişində belə əsaslandırır. "Mövlana Cəmaləddin Hüseyn Vaiz Xorasanı məşhur be-Kaşifi "Rövzətuş-Şühəda" kitabını parsi dili ilən təsnif etmiş idi və türk mustəidləri və şiələri farsi kəlami anlamaz idilər..." Buna görə də Nişati Səfəvi hökmdarı I Təhmasibin (Şah İsmayıl Xətainin böyük oğlu - S.M.) buyruğu ilə Şiraz hakimi Saru Şeyxin oğlu Qazi xanın göstərişi ilə Kaşifinin "Rövzətüs-şühəda" ("Şəhidlər bağçası") adlı sırf dini - İslam dininin, ümumən müsəlman aləminin, xüsusən müsəlman Şərqinin şəhidlik zirvəsinin fatehi İmam Hüseynin Kərbəla faciəsinin canlı salnaməsinə çevrilmiş bir əsəri yerli əhalinin danışdığı ana dilinə - Azərbaycan türk dilinə çevirir. Bu əsər xalq arasında o qədər sevilir və yayılır ki, xalq arasında onun motivləri ilə səsləşən - İmam Hüseyn müsibətilə əlaqədar xüsusi rövzələr - mərsiyələr və bunları xüsusi avaz və hüznlə oxuyaraq bu görünməmiş müsibəti və eyni zamanda... xalqa çatdıra bilən xüsusi mərsiyəçilər - rövzəxanlar yaranmış və qeyd edək ki, çağdaş dövrümüzdə öz etiqadına sadiq insanlar arasında, xüsusən Azərbaycanın cənub zonasında Məhərrəm ayında belə rövzəxanlar bu gün də öz xidmətlərini göstərirlər.
Xatırladaq ki, "Şühədanamə" ("Şəhidlər kitabı") orta əsrlər Azərbaycan ədəbi dilinin, Azərbaycan tərcümə sənətinin möhtəşəm abidəsidir, onun mütərcimi Nişati mahir xəttat olmaqla yanaşı, həm də dövrünün istedadlı alimi-filoloqu, ümumən söz ustadı olmuşdur. Azərbaycan ədəbi dil tarixində Nişati özünün möhtəşəm sənətkarlıq, elmi-mədəni xidməti ilə bugünkü böyük nəşriyyatların belə icra edə bilmədiyi titanik işləri - öz dövrünün və ümumən Azərbaycan ədəbi dil tarixində Azərbaycan nəsr dilinin xalq dili üslubunda inkişaf panoramasını bugünkü tədqiqatçıya canlı şəkildə çatdıran nəhəng abidələri "Şeyx Səfi" təzkirəsi (XVI əsr), "Şühədanamə" (XVI əsr) və s. əsərləri ilə ümumən Azərbaycan mədəniyyəti tarixində özünə heykəl ucaltmışdır, yüksək mədəni və elmi səviyyəyə malik bir şəxsiyyət olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, Nişatinin irihəcmli (932 səh.) "Şeyx Səfi təzkirəsi" adlı digər tərcümə abidəsi də Möhsün Nağısoylunun rəhbərliyi ilə 2006-cı ildə işıq üzü görmüşdür.
"Şühədanamə" Nişatinin məşhur fars alimi Kəmaləddin Hüseyn bin Əli Vaiz Kaşifinin "Rövzətüş-şühəda" adlı İmam Hüseynin Kərbala müsibətinə həsr olunmuş ikinci irihəcmli dini-təbliği-tarixi əsəridir. Nişatinin birinci dini məzmunlu əsəri "Şeyx Səfi" təzkirəsidir (XV əsr). Hər iki əsərin bütün (türk) oymaqları üçün nəzərdə tutularaq fars dilindən "Türkiyə döndərilməsi" (alim-tərcüməçi Nişatinin ən uğurlu xidmətlərindən biri də məhz "tərcümə" terminini milli söz - terminlə əvəz etməsidir!) ilk növbədə İslami dəyərlərin və bu yolda canından keçmiş mücahidlərin şəhidlik zirvəsinə qalxmalarını xalqa sadə xalq dilində çatdırmaq ümumən İslam dininin türk xalqları arasında yayılmasına xidmət etmək olmuşdur. Kaşifinin hər iki əsərini ünas tayfası (Ə.Dəmirçizadə) həmin əsərləri orijinalda, yəni fars dilində də oxuyub-anlaya bilərdi, lakin Nişatinin özünün kəlamı ilə desək, Kaşifinin "Rövzətuş-şühəda" əsərini "türkiyə döndərilməsi" məhz geniş türk arealı camaatına onların (türk xalqlarının) öz ana dilində - türkcə (İmam Hüseynin Kərbəla faciəsinin) oxuyub-bilməsi bütün türk xalqlarına, eləcə də Azərbaycan türk xalqına tapındıqları dini dəyərlərlə yaxından tanış olması məqsədini daşıyır.
"Şühədanamə" həm də XVI əsr türk-Azərbaycan ədəbi dilinin xəlqi bünövrə üzərində təşəkkül tapmasına ən gözəl nümunədir. Böyük alim - tərcüməçi Nişati bu haqda əsərin "Dibaçəsində" qeyd etdiyi kimi, onun əsas məqsədi Kaşifinin fars dilində yazılmış əsərini türk xalqlarının yaxşı anlaması üçün onu xalqın canlı danışıq dilində türkcəyə döndərməli, yəni çevirməli idi. Mətnşünas alim Möhsün Nağısoylu istedadlı tərcüməçi Nişatinin bu işin öhdəsindən uğurla gəldiyini qeyd etməklə, mütərcimin həm də sözün həqiqi mənasında filoloq-alim olması həqiqətini təsdiq etmiş olur. Ədəbi dil problemləri mütəxəssislərinin fikrincə, canlı danışıq dili xalqın ilkin ədəbi dilidir. Yazılı ədəbi dil ilkin olaraq şifahi ədəbi dil üzərində inkişaf edir. Dünya ədəbi dilləri mütəxəssisləri xalq dili üzərində təşəkkül tapan ədəbi dili ən inkişaf etmiş ədəbi dil hesab etmişlər. V.Q.Belinski, Əhməd Cəfəroğlu, Ə.Dəmirçizadə, V.V.Vinoqradov, T.Hacıyev, M.Cahangirov, R.Məhərrəmova və b. ədəbi dil tarixçiləri XIX-XX əsrlərdə ədəbi dil haqqında da dedikləri fikirləri Nişati XVI əsrdə bilavasitə təsvir etmişdir! Məlumdur ki, xalq danışıq dilində tərcümə etməklə, çevirmək sözlərin qarşılığı olaraq döndərmək feili də işlənir. Qeyd edək ki, döndərmək feili çoxmənalı sözdür. Onun müxtəlif məna çalarlarından biri də tərcümə etmək, çevirməkdir. Bu məna əsasən xalq danışıq dilində müşahidə edilir. Alim - tərcüməçi Nişatinin də böyüklüyü ondadır ki, o, məhz xalqın sadə canlı danışıq dilində işlənən variantı seçib. Diqqətə çatdırmaq istəyirik ki, Nişati türkcəyə döndərdiyi öz variantının da, yəni "Şühədanamə"də əsl ədəbi dil tarixçəsi kimi özünü yüzdə yüz doğruldur. Tərtibçi alimin müşahidələrinə əsasən xüsusi olaraq vurğulamaq istəyirik ki, Nişati həqiqi ədəbi dil mütəxəssisi kimi Kaşifinin əsərini türkcəyə döndərərkən (çevirərkən) ana dili (türki) dilinin imkanlarından maksimum istifadə etməyi, bu xeyirxah milli xidmətinin məqsədinə, amalına çevirmiş, ana dilinin imkanlarından yaradıcı şəkildə istifadə etmişdir. Bu məqsədlə Nişati böyük ayıqlıq və uzaqgörənlik göstərərək hətta bugünkü Azərbaycan ədəbi dilində vətəndaşlıq hüququ qazanmış bir sıra ərəb-fars mənşəli sözlərin əvəzinə onların türkcə qarşılığını verərək türkcənin (həm də Azərbaycan türk dilinin - S.M) zənginliyini faktlarla təsdiqləmişdir. Allah əvəzinə Tanrı, çələb - arzu-dilək, behişt - uçmaq, qəbilə - oymaq, məktub - bitik, mübarək - qutlu, mərdlik - ərlik, şərab - çaxır, xal - bən, xəstə - sayru, surət - bəniz, sabah - danla və s.
Nişati ana dilinin vətənpərvər mücahidi kimi hətta bir ərəb mənşəli müvəkkil sözünün ana (xalq) dilində işlənən üç qarşılığını verməklə türkcənin (Azərbaycan türk dilinin) sinonim zənginliyini üzə çıxarmaq istəmişdir. Ümumiyyətlə, Nişatinin türk dillərinin (eləcə də Azərbaycan türk dilinin) xəlqi-milli bünövrəsinin zəngin diapozonunu nümayiş etdirmək meyli çox qüvvətlidir və bu, hər cür alqışa, təqdirə layiqdir. Nişati də dil milliliyi (xəlqiliyi) ortaya çıxarmaq maksimum səviyyədədir. Bu mənada görkəmli mətnşünas alimin - kitabın tərtibçisinin "Şühədanamə" əsərinin Azərbaycan türk xalqının ana folklor abidəsi "Dədə Qorqud" eposu ilə müqayisə etməsi özünü tam doğruldur. Bu, ona görədir ki, Nişati "Dədə Qorqud" eposuna yaxından bələd olduğu kimi, eposun kitab variantı ilə tanış imiş. "Kiatbi-Dədə Qorqud"da işlək olan sözlərin əksəriyyəti "Şühədanamə"də vardır: ağlamaq//yığlamaq, varmaq//uzaqlaşıb getmək, ufanmaq//əzilib-sınmaq, yatmaq//uyumaq, vari//qamu və s. Nişati türkçlüyü (Azərbaycanlılaşdırmanı) dilimizin hər bir səviyyəsində qorumağa xüsusi səy göstərmişdir. "Şühədanamə"də dil xəlqiliyi ayrı-ayrı leksemlərin işlədilməsində, xüsusən frazeoloji vahidlərdən istifadə etmək baxımından zəngindir. M.Nağısoylu düzgün olaraq Nişatinin frazeoloji vahidlərinin tərcümə prosesində hərfi tərcümədən deyil, türk Azərbaycan dillində qarşılıqlarının işlənməsinə yüksək qiymətləndirməkdə haqlıdır, çünki ən gözəl tərcümə məlumdur ki, dil faktlarının qarşılaşdırılması yolu ilə edilən tərcümədir.
XVI əsr Azərbaycan türk ədəbi dilinin möhtəşəm abidəsi "Şühədanamə"də hətta dialekt xüsusiyyətlərinin gözlənilməsi Nişatinin dəqiq və incə dilçilik təcrübəsinin kamilliyini göstərir. Akademik Möhsün Nağısoylunun klassik ədəbiyyatımızda öylə, böylə fonetiki variantında işlənən və norma hesab edilən həmin əvəzliklərin əlyazmada yazılış formasına maksimum sadiqlik göstərərək əylə, bəylə fonetik variantını, Nişatinin tərcüməsində saxlanılmasını tərcüməçinin uğuru hesab etməsi tamamilə bizi qane edir: Güney Azərbaycanda, xüsusən Təbriz dialektində, habelə Qərbi Azərbaycan dialektində söz əvvəlində "ə"-ləşmə hadisəsi vardır. Böyük alim Nişati bu dil faktını əlyazmada istifadə etdiyi hərəkələr vasitəsilə təsdiqləmişdir. Ədalət naminə xatırladım ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi dili tarixində klassik irsimizin bu günə qədər qorunub saxlanılmasında ərəb əlifbasının böyük əhəmiyyəti olmuşdur. Ərəb əlifbası olmasaydı, ümumən türk xalqlarının elm, ədəbiyyat xəzinəsi olmaya da bilərdi. Ərəb əlifbasının özünün bütün kəm-kəsiri ilə bizim bu zəngin xəzinəmizin qorunub çağdaş nəslə çatdırılmasında mühüm vasitə olmasını da qeyd etmək lazımdır. Bununla belə, bu zəngin varidatın ümumxalq mənimsənilməsində böyük maneələrə səbəb olmuşdur. Bu maneələri zaman-zaman xalqımızın qabaqcıl, düşünər ziyalıları ərəb əlifbası ilə yazılmış klassik yazı mədəniyyətimizin (klassiklərimizin əsərlərini, "Dədə Qorqud" eposunu, ədəbi dilimizin xəlqi yöndə inkişafını nümayiş etdirən nadir sənət incilərini hər dövrün əlifbasına qəbul olunmuşdur) əlifbasına çevirərək elmi izahlar və elmi kommentariyalarla çap etdirib xalqın geniş istifadəsinə verməklə öz vətəndaşlıq borclarını yerinə yetirmişlər. XX əsrdə bu böyük xidmətin ən məhsuldar və yorulmaz cəfakeşi akademik Həmid Araslı olmuşdur. Bu milli xidmətinə görə böyük alim, akademik Həmid Araslıya olmazın siyasi təzyiqlər olunmasına baxmayaraq, bu bənzərsiz şəxsiyyət Azərbaycan klassik irsinin üzərindəki qara pərdəni götürməyə nail olmuş və bununla sanki xalqın mənəvi xəzinəsini yenidən xalqın özünə qaytarmışdır. Bu missiyanı hazırda anadilli abidələr üzrə akademik Möhsün Nağısoylu uğurla davam etdirir.
Sevil MEHDİYEVA
Filologiya elmləri doktoru, professor



