
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AYB katibləri Rəşad Məcid və İlqar Fəhmi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və başqa ədəbiyyat xadimləri bu münasibətlə Xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət edib, Rəsul Rzanı dərin ehtiramla anıblar.
Xalq yazıçısı Anar 40 il əvvəli - atasının dəfn mərasimini yada salıb: "Ənvər Məmmədxanlı ailəmiz adından çıxış elədi, Cabir Novruz şeir oxudu. Rusiyadan, Gürcüstandan, müxtəlif ölkələrdən dəfn mərasiminə insanlar gəlmişdilər".
Azər Turan və Rəşad Məcid Rəsul Rzanın vəfatının ədəbiyyatımız üçün ağır itki olduğunu bildirərək, o günləri yada salıb, şairin dəfn mərasimi barədə xatirələrini dilə gətiriblər. Ümummilli lider Heydər Əliyevin hər zaman Rəsul Rza şəxsiyyətinə böyük hörmətlə yanaşdığı, şairin dəfnində şəxsən iştirak etdiyi vurğulanıb.
"525-ci qəzet"in müxbiri, gənc yazar Nadir Rzalı Xalq şairinin "Unutmayın" şeirini və özünün Rəsul Rzaya ithaf etdiyi şeiri səsləndirib.
Sonda Xalq yazıçısı Anar anım mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.




