|
|
|
|
1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olub.
2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi, 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bədii yaradıcılıqla ardıcıl məşğul olur.
Vətən müharibəsinin iştirakçısıdır.
GƏLİŞ ÇAĞI
İndi gəlsən, ömrümü
təpədən dırnağacan
dərd içində görərsən -
Dərdin az çağında gəl...
Yazım baxışlarından,
saçından, gülüşündən -
Sözün söz çağında gəl...
Payızda gəlsən, yerə
sarı ümidlər düşər -
İlin yaz çağında gəl...
Qışın oğlan çağında
üşüyərsən, donarsan -
Qışın qız çağında gəl...
MƏLƏK QIZ
Doğularkən ölən qız,
Şükür elə, görmədin
Çölü bərli-bəzəkli,
İçi bomboş bəxti sən -
Üzülmə,
Dünyanın ən günahsız xoşbəxtisən...
Atan Mələk qoyacaqdı adını,
Anan səni mələkdən çox sevirdi...
Adın qədər yaşadın:
Allahın ölüm mələyi
Bu dünyanın Mələyini
o dünyanın mələyinə çevirdi...
Nə dərdin öldürdü səni,
Nə də bir boğazlıq ip -
Ölənlərdən rahat öldün...
Sənə "sağ-salamat gəl" dedi hamı,
Sən sağ-salamat öldün...
Bəlkə də, sən
yeganə körpəsən ki,
Doğum günün, ölüm günün
Eyni ildi,
Eyni aydı,
Eyni gündü,
Hətta eyni saatdı...
Allah haqqı, ora burdan gözəldi -
Səni Allah cənnət üçün yaratdı...
DAŞ DÖVRÜ
Niyə gəldin?
Cavab ver -
Daş heykələ oxşama...
Başın gec dəyib daşa,
Getmək fikrin olsa, səhər gedərsən -
Hava xəbərlərində
Daş deyiblər axşama!
Yəqin, elçi daşından yorulmusan,
Gəlməyib ağ atlı oğlan -
Daşdan səs çıxdı,
Səndən yox...
Danış, səsinə qurban!
Ümidlərim dünyasını dəyişib,
Xəyallarım azıb yolun -
Bir daşla ikisin yerə salmısan...
Keçmişə getməsin ağlın -
İndi tənha qalanlar
bağışlamır gedənləri...
Daş dövründə qalmısan!
DÜNYAYA GƏLƏNDƏ
Mən dünyaya gələndə
Oğul sahibi oldu
Adın belə bilmədiyim iki nəfər...
Heç kim mənim gözləməyib gəlişimi
Onlar qədər...
Mən dünyaya gələndə
Sıfır yaşın içindəydim,
Dərd sıfırın içiydi...
Məndən qabaq doğulmayan körpələr
Vaxtca məndən kiçik idi...
Mən dünyaya gələndə
Vaxtı bitmiş insanın
ölüm düşdü payına...
Onun yerin mən doldurdum -
Gələnlər bərabər oldu
gedənlərin sayına...