|
|
|
|
Çox hörmətli yazıçı-dramaturq Əli Əmirlinin "Siz teatrı sevirsinizmi?" adlı məqaləsini ("525-ci qəzet", 24.08.21) gözyaşları ilə oxudum. Bir anlıq, məlum səbəblərə görə tamaşaçıya həsrət qalmış soyuq teatr salonları, aktyorlar, tamaşaçı alqışları göz önümə gəldi və düşündüm: nə yaxşı ki, "Şah Qacar" faciəsini müqtədir aktyorumuz Fuad Poladovun ifasında Ağa Məhəmməd şah Qacar obrazını görmüşəm.
Bu tamaşada salondakıların gözyaşlarını izləmişəm (Tamaşa barədə qeydlərim mətbuatda dərc olunub). Axı biz teatrı sevirik! İndi artıq Fuad Poladov həyatda yoxdur. Ancaq bizim Hacı İsmayılov, Rafiq Əzimov, Afaq Bəşirqızı, Məleykə Əsədova kimi sevimli aktyorlarımız, aktrisalarımız, onların yetirmələri, Məsmə xanım kimi istedadlı gənclərimiz var. Təəssüf ki, hələ də onları səhnədə görməkdən, tamaşalarına baxmaqdan məhrumuq. Həyat isə fanidir, hamımız üçün, xüsusən yaşlı nəsil üçün! Biz yenə də teatr tamaşalarına kollektiv baxmaq arzusundayıq. Axı teatr tamaşaları həm də sevdiyimiz, pərəstiş etdiyimiz ziyalılarımızı görmək üçün dəyərli məqamdır.
Xalq yazıçıları Anarı, Elçini, Kamal Abdullanı, Əli Əmirlini müəllif tamaşalarında görmək qürurverici anlardır biz tamaşaçılar üçün! "Boy çiçəyi" tamaşasında mərhum Xalq yazıçısı İlyas Əfəndiyevin vaxtilə əyləşdiyi balkonda görən tamaşaçının keçirdiyi hissləri başa düşmək olar! Təəssüf ki, teatrsevərlər neçə müddətdir ki, bundan məhrumdurlar.
Düşünürəm ki, çox hörmətli mədəniyyət nazirimiz pandemiya dövrünə uyğun olaraq teatrların işini bərpa edəcək (az tamaşaçı ilə, yaxud tamaşanı bir gündə iki dəfə göstərməklə), bizi tezliklə həmin sevincli günlərə qovuşduracaq. Axı, biz teatrı sevirik!
Tahirə HƏSƏNZADƏ,
Tarix elmləri doktoru
(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları adından)