
Krımın referendum vasitəsi ilə Rusiyaya birləşdirilməsi qlobal geosiyasətdə keyfiyyət dəyişikliyi etdi. Mütəxəssislər Qərblə Şərq arasında münasibətlərin çox təhlükəli istiqamətdə inkişaf edə biləcəyini proqnozlaşdırırlar. Onlar Amerika ilə Rusiya arasında birbaşa hərbi toqquşmaların olması ehtimalından danışmırlar. Lakin böyük geosiyasi güclərin ayrı-ayrı regionlarda vəziyyəti kəskinləşdirə və hətta lokal silahlı toqquşmalar yarada biləcəklərini təxmin edirlər. Hadisələrin bu cür gedişatı isə ümumi səviyyədə bəşəriyyəti yeni təhlükələrlə üz-üzə qoyur. "Humanitar əsr"də hərbi gücün tətbiqi nonsens olardı. "Homo sapiens" bu təhlükənin qarşısını ala biləcəkmi?
Dəyişən dünya: daha riskli bir mərhələmi?
Türkiyənin "Yeni mesaj" qəzetinin maraqlı bir qeydi var. Köşə yazarı Hayrat Cəlal aprelin 14-də yazıb: "16 mart sonrası dünya dəyişdi" (bax: Hayrat Celal. 16 Mart sonrası dünya değişti / "yenimesaj.com.tr", 14 aprel 2014). Qərb və Rusiya ekspertlərinin KİV-də dərc edilən fikirləri də təxminən eyni məzmundadır. Lakin dünyanın dəyişməsinin əsas əlamətlərinin nələrdən ibarət olduğu tam aydın deyil. Bu, vəziyyətə xeyli dərəcədə qeyri-müəyyənlik verir. Məsələnin həyəcan yaradan tərəfi də məhz bundan ibarətdir.
Doğrudan da, qlobal geosiyasətin dinamikası Krımda keçirilən referendumdan sonra yeni müstəviyə keçdi. Qərb və Şərq (ümumi mənada – Newtimes.az) arasında qarşıdurma meydana gəldi. Bu məqam keçən əsrin ikinci yarısından başlayaraq özünü göstərən və geosiyasətdə "Soyuq müharibə" adlanan hadisəni yada saldı. İndi analitik və ekspertlər yaranmış vəziyyətin "yeni"Soyuq müharibə"" dövrünün başladığını ifadə edib-etdiyini müəyyənləşdirməyə çalışırlar. Fərqli mövqelərin olmasına baxmayaraq, bütövlükdə dünya miqyasında təhlükəli qarşıdurmanın gerçək olduğu qəbul edilir (bax: məs., A New Cold War? Ukraine Violence Escalates, Leaked Tape Suggests U.S. Was Plotting Coup / "Democracy Now!", 20 fevral 2014).
Məsələ ondan ibarətdir ki, "Soyuq müharibə" dövründə Qərblə SSRİ əsasən ideoloji aspektdə qarşıdurmada idilər. Burada başlıca məqsəd dünya ağalığı uğrunda mübarizədən qalib çıxmaq idi. Tarixçilərin qiymətləndirməsinə görə, təqribən 1946-cı ildə U.Çörçillin məlum nitqindən sonra start götürən həmin savaş 1990-cı ildə SSRİ-nin dağılması ilə başa çatdı.
Həmin müddətdə dünya bir neçə ağır müharibələr gördü. Əfqanıstan və Koreya savaşları onların sırasında ayrıca yer tutur. Eyni zamanda, liderlik uğrunda mübarizə aparan tərəflər arasında silah yarışı, iqtisadi təsirlər və ideoloji zərbələr adi hal almışdı. Sosialist düşərgəsinin tamamilə dağılması, Varşava blokunun süqutu Qərbin təntənəsi kimi təqdim edildi. Dünya bununla birqütblü oldu. Konkret olaraq, ABŞ-ın hegemonluğu mərhələsi başladı. Lakin XXI əsrin qədəm qoyması ilə qlobal miqyasda geosiyasi vəziyyət yenidən dəyişdi. Burada əsas faktor Rusiya və Çinin sürətli inkişafıdır. Xüsusilə, Rusiyanın "ayağa qalxması" qlobal dinamikaya ciddi təsir göstərməyə başladı.
Bu kontekstdə demək lazımdır ki, əgər Çin əsas olaraq iqtisadi və mədəni aspektlərə üstünlük verirsə, Rusiya öz geosiyasi nüfuzunu bərpa etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən hərbi gücdən istifadə edir. Maraqlıdır ki, "humanitar əsr", "informasiya əsri" adlanan XXI yüzilin geosiyasi mənzərəsində kəskin dəyişiklik məhz Moskvanın Ukraynaya hərbi təzyiqi nəticəsində oldu.
Söhbət Krımda referendumun Rusiya hərbçilərinin arxa planda aktiv iştirakı vasitəsi ilə keçirilməsindən gedir. Bu barədə artıq prezident V.Putin açıq bildirib: "Krım özünümüdafiə qüvvələrinin arxasında intizamlı, ancaq qətiyyətlə və peşəkarcasına Rusiya hərbçiləri fəaliyyət göstərirdilər. Burada məqsəd referendumun azad keçirilməsini təmin etməkdən ibarət idi... "(bax: Текстовая онлайн-трансляция прямой линии президента РФ / ''ИТАР-ТАСС'', 17 aprel 2014).
Qarşıdurmanın adı: "soyuq baxışlar" altında "qaynar nöqtələr"
Belə çıxır ki, böyük dövlətlər mövcud vəziyyəti dəyişmək və öz maraqlarını təmin etmək üçün hərbi gücdən istifadə olunmasından çəkinmirlər. Yaxın Şərqdə, Əfqanıstanda və başqa regionlarda olduğu kimi, Ukraynada da bunun şahidi olduq. Nyu-York və Prinston universitetlərinin professoru Stiven Kohen bütün bunların nəticəsinin yaxın perspektivdə "yeni"Soyuq müharibə" və Qərblə Şərq arasında parçalanma ola biləcəyini" proqnozlaşdırır (bax: A New Cold War? Ukraine Violence Escalates, Leaked Tape Suggests U.S. Was Plotting Coup / "Democracy Now!", 20 fevral 2014).
Onun fikrincə, bu dəfə dünyanın bölünməsi "slavyan sivilizasiyasının mərkəzində" baş verəcək. Bu cür gedişatla isə "daimi qeyri-sabitlik, real müharibənin başlaması potensialı meydana gələcək” (bax: əvvəlki mənbəyə). Analitikin rəyinə görə, belə bir vəziyyət onilliklərlə davam edə bilər. Lakin Qərb ekspertləri arasında "Soyuq müharibə"nin başlaması ilə əlaqədar yekdil fikir yoxdur. Onları birləşdirən cəhət Rusiyaya münasibətdə sərt iqtisadi, siyasi-diplomatik və hərbi mövqe tutmaqdan ibarətdir. Eyni zamanda, bunun yeni "Soyuq müharibə" anlamına gəldiyini təsdiq etmirlər.
Məsələn, tanınmış analitik, ABŞ Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas hesab edir ki, Moskvanı ambisiyalarından çəkindirmək üçün kompleks tədbirlər görmək lazımdır. O cümlədən yeni, daha sərt sanksiyalar tətbiq edilməlidir. Bütövlükdə, "Soyuq müharibə" zamanı istifadə edilən "çəkindirmə", "saxlama" doktrinasını tətbiq etmək gərəkdir.
Lakin R.Haas bütün bunları "yeni "Soyuq müharibə" mərhələsinin başlaması" kimi qiymətləndirmir. Bu sadəcə 143 milyon əhalisi olan bir dövlətin imperiya iddialarının qarşısının alınmasıdır (bax: Richard N. Haass. The Sources of Russian Conduct / "Project Syndicate",16 aprel 2014).
Bunların fonunda "Soyuq müharibə"ni tədqiq edən tarixçi Maykl Dobbsun fikirləri maraqlı görünür. O yazır: "Krım münaqişəsi Şərqlə Qərb arasında çox kəskin və uzun ola bilər. Bu, "Soyuq müharibə"nin təkrarı olmayacaq, çünki söhbət dünya liderliyi uğrunda mübarizə aparmaqdan getmir. Ancaq o, daha geniş miqyasda Yuqoslaviyaya oxşar bir hal olacaq" (bax: Мэлор Стуруа. "Холодная война" или крымская горячка? / "Московский Комсомолец", 21 mart 2014).
Yuxarıdakı mövqelərin müqayisəsi göstərir ki, Qərb-Rusiya münasibətləri daha sərt müstəviyə keçib. Bu mərhələdə tərəflər arasında kompromisin əldə edilməsi ehtimalı çox azdır. Mütəxəssislər qarşıdurmanın uzun illər davam edəcəyini proqnozlaşdırırlar. Proseslərin bu cür gedişi faktiki olaraq qlobal miqyasda qeyri-müəyyən geosiyasi vəziyyət yaradır.
Problemin mahiyyəti yeni mərhələnin "Soyuq müharibə" və ya başqa terminlə adlandırılmasında deyil. Əsas məqam odur ki, hər zaman meydana böyük bir məkanı əhatə edə bilən silahlı toqquşmalar çıxa bilər.
Belə görünür ki, ABŞ-la Rusiya birbaşa hərbi münaqişəyə girmək istəmirlər. Ancaq onlar arasında münasibətlər kifayət qədər "soyuq" mərhələyə keçir. Bu da dünya miqyasında beynəlxalq münasibətlərə konkret gərginliklər və qeyri-müəyyənliklər gətirəcək.
Hətta XXI yüzildə XX əsrdə müşahidə edilən qarşıdurmalardan xeyli təhlükəli gedişatlar meydana çıxa bilər. Müxtəlif regionlarda "qaynar nöqtələr" yaranar. Süründürməçi xarakterə malik olan həmin proses bir neçə onilliklər ərzində dünyanı gərginlik və qeyri-müəyyənlik altında saxlayar. Həmin mənada indi Krımda baş verənləri, həqiqətən də, yeni "Soyuq müharibə"nin əlamətləri saya bilərik. Bu prosesin ümumən postsovet məkanını əhatə edə bilməsi, ayrıca narahatlıq yaradır. Daha konkret desək, burada terminologiya deyil, mahiyyət əsas təşkil edir.
Newtimes.az



