
O, SİYASİ ŞOU DÜZƏLDİR
Aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Pokurorluğa dəvət olunub. Haqqin.az saytının məlumatına görə, ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır. Lakin L.Yunus yoldaşı A.Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, dünən gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb. Hüquq mühafizə orqanlarındakı mənbə Leyla Yunusun həbs olunması barədə məlumatı təkzib edib. Mənbənin məlumatına görə, heç kim onu həbs etməyib və ona qarşı hər hansı ittiham irəli sürülməyib: "Leyla Yunus siyasi şou düzəldir".
Müsavat.com saytının məlumatına görə, Leyla Yunus onun evinə gələn polisləri təhqir edib, onların ünvanına nalayiq ifadələr işlədib, polis zabitinin papağını başından çıxararaq yerə atıb. O, tərbiyəsinə uyğun olaraq, özünü son dərəcə nalayiq aparıb və saxlanmasından siyasi şou düzəltməyə çalışıb.
Digər maraqlı məqam isə Fransanın Azərbaycandakı səfirliyi ilə bağlıdır. Məlum olub ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib. Aprelin 28-də saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər.
Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıbmış. ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblər. Lakin Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb.
ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və "Diplomatik xidmət haqqında" 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Heç şübhə yox ki, Fransa və ABŞ səfirlikləri öz əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı izahat verməlidirlər.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı AzVision.az-a hüquq müdafiəçisi L.Yunus və həyat yoldaşı A.Yunusun saxlanması barədə açıqlama verərkən bunları söyləyib: "Leyla Yunus və Arif Yunus hansısa əsas var ki, saxlanılıblar. Aidiyyatı orqanlar bu barədə özü açıqlama verəcək. Buna mən nə münasibət bildirə bilərəm? Hüquq-mühafizə orqanları saxlayıb, deməli açıqlama verəcəklər. Leyla Yunus və Arif Yunus əsas var ki, saxlanılıblar".
Trend-ə açıqlamasında M.Qurbanlı bunları deyib: "Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəamma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar".
M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bununla bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir: "Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq-mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır".
Onun fikrincə, Leyla Yunus və onun həyat yoldaşının saxlanılması və onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq: "Onu da qeyd edim ki, bundan əvvəl də jurnalist Rauf Mirqədirov saxlanılıb və istintaqa cəlb olunub. Bunlar da saxlanılıb və bunların Mirqədirovun işi ilə bağlı olub-olmadığı barədə bir şey deyə bilmərəm. Amma hər halda bu saxlanılmanın arxasında əsaslı səbəblər var və bu səbəblər onların hər hansı bir ictimai fəaliyyəti ilə, onların qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı ola bilməz. Görünür, orada başqa məsələlər var. O da məlumdur ki, Leyla Yunus daima xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olub. Əlbəttə, onun müəyyən qeyri-hökumət təşkilatları ilə əlaqələri, fəaliyyəti və digər məsələlərin araşdırılması bizim üzərimizə düşmür. Bu, bizim təhlükəsizliklə bağlı olan qurumlarımızın işidir və yəqin ki, bunlar araşdırılacaq. Rauf Mirqədirov məsələsi gündəmə çıxdıqdan sonra nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir, bu qədər bu məsələyə diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir".
YAP rəsmisi hesab edir ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.
Qeyd edək ki, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun vətənə xəyanətdə ittiham olunaraq həbs edilməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da istintaqa cəlb edilməsini proqnozlaşdırmağa əsas vermişdi. L.Yunusun ermənilərlə əməkdaşlığını, həmçinin R.Mirqədirovun Ermənistana səfərlərinin məhz L.Yunus tərəfindən təşkil edildiyini nəzərə aldıqda bunun reallaşma ehtimalı daha da dərinləşirdi. Məhz R.Mirqədirovun Ermənistana səfərləri və vətənə xəyanət kimi xarakterizə olunan əməlləri L.Yunus və onun həyat yoldaşı A.Yunusun yaxından iştirakı ilə baş tutub. Bütün bunları, eləcə də Leyla və Arif Yunusların fəaliyyətini, ermənilərlə qohumluq əlaqələrini, düşmən ölkə ilə sıx təmaslarını nəzərə aldıqda R.Mirqədirovun həbsi ilə başlanan bu proses onları da əhatə edə biləcəyini öncədən düşünməyə əsas verən məqamlardan idi.
AZƏR



