
"Aprelin 24-də Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "ŞərqTərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit sıradan bir tədbir kimi nəzərdə tutulsa da, orda baş verənlər bütün dünyaya ildırım kimi səs saldı. Hər şey ondan başladı ki, Ermənistan prezidenti Serj Sarkisyan sammitin plenar iclasında mövzudan tam kənara çıxaraq öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr etdi və Türkiyəni əsas tənqid hədəfi kimi seçdi".
Bu barədə millət vəkili Aydın Mirzəzadə sammitlə bağlı fikirlərini bildirərkən deyib. O qeyd edib ki, Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib. Çıxışının sonunda o, öz üzərinə Avropa səlahiyyətlisi funksiyasını götürərək bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin cavabı özünü çox gözlətmədi. Arqumentli çıxışı sammitin diqqətini cəlb edib və erməni prezidentin iddialarını darmadağın edib. Yaddaqalan isə onun yığcam şəkildə dediyi və türk dünyasının gücünü göstərən qısa bir cümləsi oldu: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz" . Bu türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu".
A.Mirzəzadənin sözlərinə görə, təsadüfi deyil ki, Türkiyənin bütün əsas mediası dünən Prezident İlham Əliyevin bu çıxışını və Sarkisyana birbaşa ünvanladığı "Türkiyə burada yoxdur, mən buradayam" ifadələrini manşetə çıxarıb.
"Türkiyənin rəsmi informasiya agentliyi olan "Anadolu" bu xəbəri "Əliyevdən Ərdoğana dəstək" başlığı ilə təqdim edib. Baş nazir Rəcəb Təyyub Ərdoğana yaxınlığı ilə bilinən "Sabah" və "Yeni şafak" qəzetləri xəbəri müvafiq olaraq "Əliyevdən Ermənistana şillə kimi cavab" və "Əliyevdən Sarkisyana Türkiyə dərsi" başlığı ilə veriblər. "En son haber" saytı isə xəbəri "Ermənistan prezidentinin gözlərinin içinə baxaraq, Türkiyə burada deyil, mən varam" kimi təqdim edib. Türkiyənin ən çox oxunan xəbər saytlarından olan "Milliyet" isə Əliyevin çıxışını “Türkiyəni ittiham edərkən elə bir tənqid eşitdi ki..." manşetə daşıyıb.
Ermənistan prezidentindən fərqli olaraq Azərbaycan lideri çıxışnda həmçinin ölkəsində aparılan siyasi islahatlardan, insan hüquqlarının qorunmasından, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunmasından danışdı.
Çıxışının sonunda Azərbaycan Prezidenti belə bir sual verdi: "Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, Kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".
Bu məntiq, bu reallıq qarşısında isə Ermənistanın deyəcəyi heç bir söz qalımır. Xarici siyasətində qatı antitürk siyasəti, qonşu dövlətin torpaqlarının bir hissəsini işğal etməsi onun daxili siyasətini də iflic vəziyyətinə salır, Azərbaycan və Türkiyə kimi nəhəng iqtisadi potensialdan məhrum olmasına gətirib çıxarır", millət vəkili qeyd edib.
A.Mirzəzadə deyib ki, Ermənistan prezidenti Praqadakı çıxışına cənab İlham Əliyev tərəfindən çox təsirli bir cavab aldı.
"Onun türk dünyasının birliyini bir daha sınaqdan keçirmək kimi məkrli planı puça çıxdı. O və erməni millətçi dairələrinə aydın oldu ki, harda Azərbaycan varsa, orada Türkiyənin, türk dünyasının, sivil bəşəriyyətin maraqları həmişə yüksək səviyyədə qorunacaqdır. Sarkisyan bil, harda Azərbaycan varsa, harda İlham Əliyev varsa, sizə layiqli cavab veriləcəkdir !" deyə, A.Mirzəzadə əlavə edib.
PƏRVANƏ



