|
|
|
|

Doğum gününüz mübarək, Müzəffər Ali Baş Komandan!
Hər kəsin dediyi bir söz var: “uşaqlar bizim gələcəyimizdir”. 18 il əvvəl uşaq olanlar yetişdi, formalaşdı və cəsur, vətənpərvər Azərbaycan gəncinə çevrildi, dövlətçiliyimizin inkişafında, torpaqlarımızın düşmən tapdağından azad olunmasında rol aldı. Bu proses təsadüfi şəkildə həyata keçmədi, Dövlət Gənclər Siyasətinin, Cənab Prezidentin xüsusi qayğısı ilə baş tutdu. Bu gün Azərbaycan gənci öz kimliyi, milli mənsubiyyəti, dövləti və milləti ilə fəxr edir. Azərbaycanda gənclik dövlət siyasətinin əsasında dayanır. Ardıcıl qəbul olunan Dövlət Gənclər Proqramları, Xaricdə təhsil proqramları, strateji planlar gənclərimizin daha innovativ, bacarıqlı, lider kimi yetişməsinə, vətənpərvər, savadlı, cəsur olmasına zəmin yaratdı. Məhz bunun nəticəsi idi ki, Vətən Müharibəsində səfərbərlik elan edilməmişdən qabaq bütün xalqımız, xüsusilə də gənclərimiz səfərbər olmuşdu. Bu vətənə sevginin, dövlət başçısına inamın bariz nümunəsi idi. Vətən müharibəsi xalqımızın birlik simvoludur, cənab ali baş komandanın şah əsəridir! Bu vətənə göz tikənlərə qanımızın son damlasına qədər mübarizə aparmamızın və aparacağımızın işarəsini daşıyan, tariximizə vurulmuş inanc möhürüdür Vətən müharibəsi!
Qarabağ üçün hər şeyin bitdiyini sandığımız vaxt, heç bir şeyin bitmədiyini, hər şeyin yeni başladığını bizə anladan və getməli olduğumuz ən doğru yolu işarə edən O idi. – Bu müdrikliyin, liderliyin təntənəsi idi.
Düşmənin tankına, topuna sinəmizi sipər edəndə kürəyimizi inanc və güvənlə söykəyəcəyimiz ən möhtəşəm güc idi O.- Bu cəsurluğun, rəşadətin, xalq üçün, millət üçün, dövlət üçün fədakarlığın nişanı idi.
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən ölkə başçısının sözlərini cəbhədəki əsgərimiz unutmurdu. Məhz bu amil bizə güc verirdi. Məhz bu amil bizi heç bir zaman görmədiyimiz, əzəli torpaqlarımıza səsləyirdi. Mən xoşbəxtəm ki, haqq savaşımızın iştirakçısı oldum. Fəxr edirəm ki, qalib ordunun əsgəriyəm.
Bu gün torpaqlarımız mənfur düşmənin işğalından azad olunaraq öz əzəli, həqiqi sahibinə qayıdıb. Bu gün Azərbaycan ən qüdrətli dövrünü yaşayır.
Bu gün hər bir soydaşımız azərbaycanlı olması ilə fəxr edir.
Bütün bunlara görə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə minnətdarıq.
60 illik yubliyində, Cənab Prezidenti ürəkdən təbrik edir, uzun ömr, möhkəm can sağlığı, vətənimizin inkişafı kimi bu müqəddəs yolda uğurlar arzu edirəm.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Şahin RƏHMANLI
"İrəli" İctimai Birliyinin sədri



