|
|
|
|

Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin kəskinləşməsi Ermənistanın xarici siyasətinin dalana dirənməsinə səbəb olub. Rusiyanın hərbi-siyasi bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən ölkə kimi Ermənistanın Qazaxıstana KTMT-nin kollektiv qüvvələrini göndərməsi qərarını elan etməsi rəsmi İrəvanın əleyhinə yönəlib. Ermənistanın Rusiyanın forpostu olması ilə bağlı fikirlər yenidən, həm də bu dəfə İrəvanın dostları tərəfindən də səsləndirilməyə başlayıb.
Rusiya ilə Qərb arasındakı qarşıdurma dərinləşdikcə Ermənistanın mövqeyini ifadə etmək İrəvan rəsmilərinə daha da çətin olur. Baş nazir Nikol Paşinyan "BBC World Service"in Hardtalk proqramında jurnalist Stiven Sakuranın sualları qarşısında çətinliklə üzləşib. Jurnalist eyni sualı Paşinyandan iki dəfə soruşmaq məcburiyyətində qalıb. Çünki Paşinyan suala cavab verə bilməyib. Sual isə bundan ibarət olub ki, Ermənistan Rusiya ilə Qərb arasında hansı seçimi edəcək? Nikol Paşinyan Rusiyanın Ermənistanın qədim müttəfiqi olduğunu, ancaq ölkəsinin Qərblə də əməkdaşlıq etdiyini bildirib. Cavabı yetərli hesab etməyən jurnalist sualını yenidən təkrar edib və yenə də birmənalı cavab ala bilməyib.
Jurnalist Stiven Sakuranın bu sualı olmadan da Ermənistan hökuməti çətin sual qarşısında qaldıqlarının fərqindədirlər. Rusiya ilə Qərb arasında münasibətlər kəskinləşir və Ermənistan bu vəziyyətdə nə edəcəyini bilmir. Rusiya ilə birgə hərbi-siyasi, eləcə də iqtisadi ittifaqda təmsil olunan Ermənistan müttəfiqlik öhdəliklərinə əməl etmək məcburiyyətindədir. Bu isə Ermənistanın Qərbdəki mövqelərini zəiflədir. Ehtimal olunan Rusiya-Qərb hərbi qarşıdurmasında Ermənistanın müttəfiqi kimi tərəflərdən birinin yanında yer alması, digərinin qarşısında olması anlamına gəlir. Bu isə Ermənistan üçün fəlakətli ola bilər. NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə ilə həmsərhəd olan Ermənistandakı narahatlığı anlamaq mümkündür. Rusiyanın Ukraynaya hərbi təcavüz edəcəyi, bu hərbi münaqişənin böyüyüb regional müharibyə çevrilmə ehtimalının artdığı bir zamanda Ermənistanın təhlükəsizliyini təmin etmək mümkünsüz ola bilər. Əgər Rusiya müharibəyə başlasa, KTMD-də təmsil olunan ölkələri də bu prosesə qoşulmağa vadar edəcək. O zaman artıq Ermənistan da açıq hədəfə çevriləcək.
İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Ermənistan Rusiyadan daha çox asılı vəziyyətə düşüb və İrəvan Moskvanın istəklərinə qarşı getmək imkanında deyil. Buna görə də Ermənistan bundan sonra da Rusiyanın siyasətini dəstəkləmək məcburiyyətində qalacaq. Bu isə Ermənistanla Qərb arasındakı münasibətləri zədələyir. Bu prosesin davam edəcəyini proqnozlaşdırmaq mümkündür. Yaranmış bu vəziyyət Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərini gücləndir. İndi Ermənistan NATO-nun aparıcı dövlətlərindən olan Türkiyə və onun müttəfiqi Azərbaycanla münasibətlərini tənzimləməyə və əlaqə qurmağa daha çox ehtiyac duyacaq. Azərbaycan bu imkandan maksimum yararlanmalıdır.



