
Vətəndaş cəmiyyəti institutlarının aparıcı gücü olan qeyri-hökumət təşkilatlarının fəaliyyətində hüquqi aspektlər mühüm rol oynayır. Onların bütün fəaliyyəti bilavasitə hüquq çərçivəsində və QHT-lərin nizamnamələri ilə tənzimlənir. Yazıda məhz bu məqamlara toxunmuşuq.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılmasının hüquqi qaydaları və fəaliyyəti "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna görə, Azərbaycan Respublikasında "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar aid edilir. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və ya hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır. Qeyri-hökumət təşkilatları 18 yaşına çatmış Azərbaycan vətəndaşları, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan fiziki şəxslər, habelə dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla hüquqi şəxslər tərəfindən yaradıla bilər. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və onun nizamnaməsi qəbul edilir. İctimai birlik fiziki şəxslər tərəfindən təsis edilirsə, təsisçilərin sayı ən azı 2 nəfər olmalıdır. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. QHT-nin fəaliyyət şərtləri və əmlakı Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Qeyri-hökumət təşkilatının mülkiyyətində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
QHT-lərin idarə olunması
QHT-lərin effektiv və səmərəli idarə olunması, heç şübhəsiz, onun fəaliyyətinin düzgün qurulmasına şərait yaradır. QHT idarəetməsində üzvlər arasında effektiv ünsiyyətin qurulması; konfliktlərin həlli; təşkilati idarəetmə və liderlik; layihə idarəçiliyi; maliyyə idarəetməsi; hüquqi prosedurlar və s. kimi aspektləri var. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda ictimai birliklərin və fondların idarə olunması üçün müxtəlif şərtlər nəzərdə tutulub. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi Yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi; ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi; ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; illik hesabatın təsdiq edilməsi; başqa təşkilatlarda iştirak; ictimai birliyin yenidən təşkili və ləğv edilməsi. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. İctimai birliyin digər idarə etmə orqanı isə icra orqanıdır. İctimai birliyin icra orqanı kollegial və ya təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Fondun idarəsini fondun Prezidenti və ya idarə heyəti həyata keçirirlər. Fondun himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fəaliyyətinə nəzarəti və nizamnaməyə dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata keçirir. Fondun Himayəçilik şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir. Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.
QHT-lərin ictimai rolu və funksiyaları
QHT-lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən və siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun və dövlətin icra etmədiyi və ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir QHT-lər öz məqsədlərinə çatmaq üçün tarixən formalaşmış 2 istiqamətdə fəaliyyət göstərirlər: qayğı və rifahın artırılmasına yönəlmiş fəaliyyətlər; dəyişiklik və inkişaf yönümlü fəaliyyətlər. QHT-ləri qayğı və rifahın arıtırılması fəaliyyətləri ilə məşğul olmağa sövq edən cəmiyyətdə yoxsul və məhrumiyyət içərisində olan fərdlərin, qrupların və icmaların mövcud olmasıdır. Məhrumiyyətin isə ən müxtəlif formaları ola bilər. Bir çox insanlar özlərinin əsas ehtiyaclarını ödəmək imkanlarından məhrumdur, təhsil, sağlamlıq və digər xidmətlərdən məhrumdur, hüquqların, ləyaqətin tapdalanması və ya gözardı edilməsi halları ilə rastlaşırlar. Bir başqalarının informasiya və digər resurslara çıxış imkanları yoxdur. Bu cür insanları xarakterizə etmək üçün məhz "yoxsullar", "məhrumiyyət içərisində olanlar" və ya "marginallaşmış qruplar" ifadələrindən istifadə edilir ki, bir çox QHT-lər də məhz bu qrupların mənafeləri üçün çalışdıqlarını bəyan edirlər. Bir başqaları yoxsulluğun bütün əhalini və ya cəmiyyəti əhatə edə bilən aspektləri (məsələn, ictimai iştirakçılıq, informasiya çatışmazlığı) ilə məşğul olur. Yoxsulluq və marginallaşma özünü ən müxtəlif formalarda göstərdiyi kimi, həm də öz sərhədlərini genişləndirə, daha çox insanı öz əhatəsinə ala bildiyi üçün QHT-lərin də fəaliyyət müxtəlifliyi artır. Onların fəaliyyətləri yoxsulların təxirəsalınmaz maddi ehtiyaclarının ödənməsilə məhdudlaşmayaraq, bacarıqların artırılması, araşdırma, innovasiyaların tətbiqi, dəyişiklik və islahatlar üçün vəkillik sahələrini də əhatə etməyə başlayıb. Sadalananlardan başqa QHT-lər sosial rifah, işsizliyin aradan qaldırılması, bacarıqların öyrədilməsi, iqtisadi inkişaf, ətraf mühit, gender, idarəetmənin yaxşılaşdırılması, sülh, insan hüquqları və demokratiya məsələlərinə də ciddi töhfələr verirlər. Yuxarıda qeyd etdiyimiz iki istiqamət üzrə QHT-lər əsasən 5 formada fəaliyyətlərlə məşğul olurlar. QHT-lərin fəaliyyət spektri aşağıdakı cədvəldə əks olunub. Göründüyü kimi, onun yuxarı hissəsində qeyd olunan fəaliyyət formaları daha çox qayğı və rifahın artılmasına yönəlir.
Dəyişiklik və inkişaf yönümlü fəaliyyət formalarıdır əlahiddə xarakter daşımır və əksər QHT-lər öz fəaliyyətlərində onların hər ikisinə yer ayırırlar.
AQİL



