|
|
|
|

Fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniyaya rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Riigikoqu) sədri Yüri Ratas ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən xəbərə görə, Estoniya parlamentinin spikeri Azərbaycanın Estoniya üçün dost ölkə olduğunu bildirib.
Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Riigikoqun sədri deyib ki, Estoniya Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Yüri Ratas iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini qeyd edib, parlamentlərarası münasibətlərin daha da gücləndirilməsinin vacibliyindən danışıb.
Yüri Ratas Estoniyada yaşayan azərbanlıların ölkə cəmiyyətinə fəal inteqrasiyasından razılığını bildirərək, qeyd edib ki, bu, xalqlarımız arasında əlaqələrə müsbət təsir edir. O, həmçinin diqqətə çatdırıb ki, Estoniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır.
Sahibə Qafarova Estoniyaya dəvətə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Estoniyaya ilk rəsmi səfəri olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Sahibə Qafarova bu günlərdə 104-cü ildönümü tamam olacaq müstəqillik günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu il həm də Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edib.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan ilə Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də parlamentlərimiz arasında mövcud olan uğurlu əməkdaşlıqdır. Bu gün qanunvericilik orqanlarımız arasında münasibətləri daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. O, bu sahədə parlament dostluq qruplarının rolunu müsbət qiymətləndirib. Söhbət zamanı Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsindəki qarşılıqlı əməkdaşlığından razılığını ifadə edib.






