|
|
|
|

Nə yaxşı olardı ki, hər kəsin taleyi məhz öz əməllərinin və mənəviyyatının müqabili olaydı, hər kəs məhz layiqli qismətinə çataydı... Hər kəs xoşbəxtliyə can atır və onu müxtəlif yollarda axtarır. Amma özündən asılı olmayan sevgi qisməti onun iradəsinə tabe olmur. Ürək sevgi qismətinə, ağıl iradəyə arxalanır... Sevgi tale qisməti olub arxalı adamlar kimi üstün gəlir, insanı yaşadan ürəyə xoşbəxtlik, ya bədbəxtlik hökmü oxuyur... Təsadüfi deyildir ki, məhz bu tale qəzası tarixən bədii ədəbiyyatın baş mövzusu kimi nəhayətsiz müxtəlifliklərdə əsas cazibə gücü olmuşdur... Bu yaxınlarda kinoteatrlarda böyük uğurla göstərilmiş "Nazik mətləb" filmi də beləcə...
Bu film Azərbaycan ədəbiyyatında və ali məktəb tarixində xatirəsi uca tutulan unudulmaz ədibimiz Mir Cəlal müəllimin "Nazik mətləb" və "İnsanlıq fəlsəfəsi" hekayələrinin motivləri əsasında çəkilmişdir. Mir Cəlal məşhur roman və povestlərin müəllifi olsa da, hekayə onun yaradıcılığında əsas janrdır. Ədib ciddi ictimai, bəşəri mövzuları səciyyəvi lövhələrdə, tipik xarakterlər əsasında canlandırmışdır. Zahirən adi görünən kiçik bir həyat lövhəsində, sadə adamların məişət qayğılarında ədib böyük bəşəri, ictimai mətləbləri xüsusi lakonizm və dəqiqliklə təcəssüm edə bilmişdir. Məhz bu cəhətdən onun yaradıcılığı teatr və kino sənəti üçün çox əlverişlidir, effektlidir. "Nazik mətləb" filminin süjet strukturu ədibin eyniadlı hekayəsinə əsaslanmışdır. Əsas qəhrəmanların xarakteri, tale yolu da bu zəmində canlandırılmışdır. Filmdə lirik-psixoloji planda ilk məhəbbətin sirli dünyasının kövrək, zərif yaşantıları cazibədar, zərif lövhələrdə, konkret talelər əsasında təcəssüm etdirilmişlər.
"Nazik mətləb" hekayəsi müəyyən dərəcədə avtobioqrafik zəmindədir. Mir Cəlalın "Xatirələrim" adlı bioqrafik əsərindəki bir sıra faktlarla filmin qəhrəmanının fəaliyyətindəki uyğunluqlar buna sübut ola bilər. "Xatirələr"dən məlum olur ki, Mir Cəlal 1928-ci ildə Gəncə seminariyasını bitirdikdən sonra Gədəbəyə müəllim və məktəb müdiri kimi təyinat almış və orada əmək fəaliyyətinə başlamışdır. Həmin xatirələrdə Mir Cəlal Gədəbəydəki ilk yığıncaqda mədən fəhləsi Əlihüseyn əminin ona müraciətlə dediyi bu sözləri xatırlayır: " - Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!

Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki, oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur..."
Məhz bu fikirlər sonralar "Nazik mətləb" hekayəsinin süjetinin əsasında dayanmışdır. Əslində, onlar bu gün də son dərəcədə mühüm və müasirdir! Hekayədə və filmdə məhz bu fikirlər zəminində gənclik yaraşığı olan ilk məhəbbətin ağır sınaqları və eyni zamanda ucalığı, qüdsiyyəti nəzərə çatdırılmışdır. Əsas məqsəd də məhz bu zəmində pak, ülvi sevginin, ilk məhəbbətin müqəddəsliyi, əvəzsizliyi idealını təsdiq etmək olmuşdur.
"Nazik mətləb" Mir Cəlalın ən lirik və kövrək ruhlu hekayələrindəndir. Filmdə seminariyanı bitirib kənd məktəbində müəllimliyə başlayan Azərin öz şagirdi Gözəl ilə ilk məhəbbət macərası maraqlı, intizarlı səhnələrdə, təbii aktyor ifasında cazibədar təcəssümünü tapmışdır.
"Nazik mətləb" filminin yaradıcı heyəti hekayənin qayəsini, ictimai və lirik məqsədini düzgün, sərrast canlandıra bilmişdir. Filmin baş prodüseri və musiqi redaktoru Hüseyn Cavadzadə, rejissoru Emin Muradov, ssenari müəllifi Nicat Dadaşov və operatoru Rauf Qurbanəliyevin yaradıcılıq işi böyük zəhmətin təqdirəlayiq nəticəsidir!
Mir Cəlalın bu əsərinin ideya-bədii kamilliyini layiqincə canlandıran filmin müəllifləri ədibin təsvir və təhkiyələrindəki həyatiliyi, lakonizmi, obrazlılıq orijinallığını mümkün qədər mühafizə etmişdir. Filmin ssenari mənbəyi kimi ədibin iki hekayəsi - "Nazik mətləb" və "İnsanlıq fəlsəfəsi" göstərilmişdir. Lakin daha çox birinci hekayəyə istinad olunmuşdur. Oradakı "kino dili" üçün ən səciyyəvi "görümlü", əyani məqamlar dinamik, effektli lövhələrdə canlandırılmışdır. Həmçinin bədii filmin özünəməxsus spesifik imkanları hesabına hadisələr və surətlər daha çox əyanilik və estetik cazibə kəsb etmişdir. Filmdə əsərin lirik-psixoloji mahiyyətinin daha ifadəli canlandırılması bu cəhətdən xüsusi qeyd olunmalıdır. Şübhəsiz, belə məqamlarda baş rolların ifaçılarının ilk məhəbbətin dərin və zərif iztirablarını, mənəvi sarsıntılarını dəqiq yaşaması əsl mətləbin daha effektli izharına uğur gətirmişdir. Teatr aləmindən məşhur olan görkəmli aktyorlara filmdə rast gəlmirik. Lakin demək olar ki, bütün aktyorların ilhamlı, yaradıcı əməyi təqdirəlayiqdir. Əsərdəki dramatik psixoloji məqamlar tam dərinliyi və dəqiqliyi ilə canlandırılmışdır. Xüsusilə sevgisini böyük iradə və iztirabla gizlədən gənc müəllim Azərin psixoloji sarsıntıları Rüfət Cəbrayılovun ifasında çox təbii və təsirlidir.
Əməkdar artist Gülzar Qurbanova Gözəlin kövrək, şıltaq xarakterinin ifasında təbiidir, cazibədardır. Xalq artisti Gülşad Baxşiyeva - ana, Nərmin Kərimbəyova - Ağca çox səmimi və canlıdır. Ümumiyyətlə, filmin aktyor ansamblı kamil təsir bağışlayır ki, bu, rejissor əməyinin də uğurlu təsdiqidir.
Filmdə lirik musiqi məqamları çox deyil, amma bütün hallarda epizodların psixoloji əhvalını uğurla tamamlayır.
"Nazik mətləb" filminin belə böyük uğuru bu istiqamətdə gələcək nailiyyətlərə də nikbin güman yaradır. Film bir də ona görə maraqlı və cazibədardır ki, orada bir daha unudulmaz ədibimiz Mir Cəlal ilə həmsöhbət oluruq. Klassika - əbədidir!



