|
|
|
|

Rusiyaya münasibətdə ABŞ və Böyük Britaniyadan fərqli siyasət aparmağa çalışan Almaniya və Fransa liderləri diplomatik uğursuzluğa dücar oldular. Ukraynanın separtçı bölgələrinin müstəqil dövlət kimi tanınması Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanüel Makronun ciddi diplomatik məğlubiyyəti kimi dəyərləndirilməlidir. Son bir həftə ərzində məhz bu iki lider Rusiya prezidenti ilə danışıqlar aparırdılar. Hətta belə qənaət yaranmışdı ki, Şolts və Makron Ukrayna ətrafında yaranmış gərginliyin diplomatik yolla aradan qaldırılmasına nail olublar. Moskvadan yayılan məlumatlar da bu qənaəti gücləndirdi. Lakin fevralın 21-də Rusiyanın separatçı bölgələri müstəqil dövlət kimi tanıması bu qənaəti tamamilə dağıtdı. Üstəlik, belə qənaət yarandı ki, Putin son bir həftə ərzində öz niyyətini həyata keçirmək üçün Şolts və Makrondan istifadə edib. Bu, heç şübhəsiz ki, Şolts və Makronun siyasi karyerlarına ciddi təsir göstərəcək. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin "Rusiya yalnız ABŞ-la danışıqlar aparmalıdır, bütün digər ölkələr Vaşinqtonun dediyini edəcək" ifadəsi də əsasən Almaniya və Fransaya yönəlib. Bununla da Nikolay Patruşev Avropa ölkələrinin ABŞ-ın vassalı olduğuna işarə vurub. Heç şübhəsiz ki, bütün bunlar təsirsiz qalmayacaq. Almaniya və Fransa kimi böyük hərbi və siyasi güc olan iki dövlətin liderinin bu çəkildə aşığılanması onların siyasi karyerları üçün təsirsiz ötüşə bilməz.
Məlum olduğu kimi, iki ay sonra Fransada prezident seçkiləri keçiriləcək. Rusiyanı diplomatik danışıqlar masasına cəlb etmək mümkün olsaydı, bu, Makronun diplomatik uğuru sayılacaq və seçkilərdə şansını artıracaqdı. Ancaq Makronun diplomatik cəhdlərinin ciddi uğursuzluğa məruz qalması onun imicinə mənfi təsir edəcək və seçkidə şansını azaldacaq. Rəqiblərin məhz bu hadisədən onun əleyhinə istifadə edəcəkləri şübhəsizdir.
Üç partiyanın yaratdığı koalision hökumətin başçısı olan Olaf Şoltsun da hökumətin dayanaqlığını təmin etməsi bundan sonra daha çətin olacaq. Şoltsun rəhbərlik etdiyi "İşıqfor" hökumətində Rusiyaya qarşı tənqidi səylər bundan sonra daha da güclənəcək. Rusiya ilə münasibətdə məsafəli siyasət tərəfdarı olan Azad demokratlar və yaşıllar koalisiyadan çıxa bilərlər.
Şolts və Makronun uğursuzluğu bütövlükədə Avropa Birliyinin siyasi çəkisinin azalmasına, NATO, ABŞ və Böyük Britaniyanın təsirinin güclənməsinə səbəb olacaq.



