525.az Nadir Yalçının “Nikita” şeirini təqdim edir.
(50-ci illərdə Ukraynada hərbi xidmətdə olan təqaüdçünün dilindən)
Eşidirəm Bakıda Kiyevin iniltisin,
Gözümü qıyan zaman ulduzlar alovlanır.
Deyin yaşıl geyimli zabitlərə, bağırın -
Tankların nəriltisi baharı yubandırır.
Yolları dağıtmayın, qayıtsam, karıxaram,
Küçələrin adları barı yerində qalsın.
Mənim xatirələrim o adlarda gizlənib
O adların ünvanı mənlə buxarlanmasın.
Nikita, nolar, ölmə...
Ürəyin səksənəndə həyəcan siqnalından
Gurultu ələyəndə bacadan təyyarələr
Bombalaların səsinə tab edən pəncərətək
Sən də sınma, mətin ol, hərdən məni xatırla.
Müharibənin ən qızğın, ən alovlu anında
Yada sal sevgimizi, yada sal o günləri.
Gülümsə, gülüşlərin əridər silahları.
Nikita, nolar, ölmə...
Yadına sal, o qarlı-şaxtalı havalarda
Boqdanın pay verdiyi çaxırın xumarını.
Mən, sən, qoca nənənin uçuq-sökük daxması,
Atan alan gəlincik, çarıqlar və sairə…
O zəmi saçlarının içində boğulaydım!
Sənin məmləkətinə yeni nəfəs verəydim!
Sənin sünbül saçına səma ola bilərdim
Ukrayna bayrağıtək!
Nikita, nolar, ölmə...
Gürcü nənnilərilə daxmamız eşqlənirdi
Sevdalandır yurdunu nənnin ilə, Nikita.
Batır nənnilərinlə o silah səslərini
Mənin nağıllarımdan danış övladlarına
İndi nəvaziş gərək, şəvqət gərək hamıya.
Mənə də… ən çox mənə, ən çox mənə, Nikita.
Nikita, nolar, ölmə...