|
|
|
|

"Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah ediblər, əslində isə mətləb onu dəyişdirməkdan ibarətdir".
"Lüdviq Feyerbax haqqında tezislər"
Elm - bəşəri mədəniyyətin çox vacib fenomeni olmaqla insan fəaliyyətinin xüsusi formasıdır. Ona görə də elmə və elm adamlarına münasibət də müəyyən xüsusiyyətlərə malik olmalıdır.
ABŞ milyarderi Henri Ford deyirdi ki, elm çətin peşədir, ona görə hər adam elmlə məşğul ola bilmir. Başqa sözlə, rəssamlar, bəstəkarlar, şairlər, musiqiçilər və istedad tələb edən digər peşələr kimi, elmlə də hər adam yox, istedadlı və həyatını elmə həsr etməyə hazır olan adamlar məşğul olmalıdır. Reallıqda isə bu, heç də belə deyil. Bu gün elmə və elm adamlarının xeyli hissəsinə skeptik münasibətin formalaşmasında əsas səbəblərdən biri, bəlkə də budur ("Radix mali"). Müvafiq sahədə istedadı olmayan heç kəs bəstəkar və ya rəssam olmağa çalışmır, lakin nədənsə çoxları hesab edir ki, elmlə hamı məşğul ola bilər. Bunun ilkin səbəbini ötən əsrin 50-60-cı illərində axtarmaq lazımdır. O dövrdə alim olmaq, ali məktəbdə dərs demək böyük prestij, nüfuz və yüksək məvacib baxımından çox cəlbedici və eyni zamanda çoxları üçün əlçatmaz hesab edilirdi. Lakin zaman keçdikcə elm adamı olmaq üçün vacib tələblər SSRİ məkanında xeyli yumşalmağa başladı ki, bu da təsadüfi deyildi.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə SSRİ ilə ABŞ arasında elm sahəsində ciddi rəqabət gedirdi. Həmin dövrdə "Millətin gələcəyi nədən asılıdır" sualına cavab tapmaq məqsədilə ABŞ Senatının professor Pimentalın sədrliyi ilə yaratdığı böyük bir komissiya 3 il işləyəndən sonra Senata təqribən 1000 səhifəlik hesabat təqdim etdi. Komissiyanın gəldiyi son nəticə belə idi ki, millətin gələcəyi əhalinin sayından, ölkənin ərazisinin böyüklüyündən, təbii sərvətlərindən və hərbi qüdrətindən deyil, yalnız təhsilin və elmin səviyyəsindən asılıdır. Elə o dövrdən başlayaraq ABŞ elmi tədqiqatlar üçün yeni avadanlıq yaradılmasını və təchizatı ciddi şəkildə artırdı. SSRİ-də isə ekstensiv (əməkdaşların sayının artırılması hesabına) inkişaf ilk vaxtlar özünü göstərsə də, zaman geçdikcə ABŞ-dan daha çox geri qalmağa başladı. Elmə axının kütləvi xarakter alaraq sürətlə artması və elmi işçilərə olan tələbatın getdikcə zəifləməsi elmi səviyyənin azalmasına gətirib çıxardı. Son 40-50 ildə bu meyllərin getdikcə güclənməsi və 90-cı illərdə baş verən hadisələrdən sonra daha da sürətlənməsi hazırda müşahidə edilən vəziyyətin yaranmasına səbəb oldu.
Dünya elminə bir çox görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycan, təəssüf ki, başqa respublikalarla müqayisədə 90-cı illərdə baş vermiş hadisələrdən, Qarabağ müharibəsindən daha çox əziyyət çəkdi. Dərin tənəzzül dövrü, ağır iqtisadi vəziyyət, sonralar tənəzzül prosesinin dayandırılması, dirçəliş, bərpa və son illərdəki inkişaf dövrləri müəyyən uğurlara gətirib çıxarsa da, inkişaf etmiş ölkələrin səviyyəsinə az da olsa yaxınlaşmaq və dünya elminə inteqrasiya kimi məqsədlər kifayət qədər mürəkkəb və ciddi islahatlar tələb edən bir problemə çevrildi.
Son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da tənəzzül, idarəetmədə nöqsanlar, maliyyənin azlığı haqqında müxtəlif və haqlı tənqidi fikirlər səslənir. Lakin "Xaç atası" filmində deyildiyi kimi: "Bütün deyilənlər doğrudur, amma heç də hamısı deyilməyib". AMEA-nı elmin müasir tələblərinə cavab verən səviyyəyə çatdırmaq üçün nələrin lazım olduğundan söz düşəndə ilk növbədə maliyyə azlığı, kadr problemi, elmi nəticələrin kommersiyalaşdırılması kimi fikirlər səslənir və dəfələrlə təkrarlanır. Lakin burada vacib olan əsas mətləb bundan ibarətdir: müharibə şəraitində, işğaldan azad olunmuş ərazilərin bərpa prosesində, dünyada baş verən qlobal proseslər fonunda və indiki iqtisadi durumda innovativ inkişaf, elm və təhsilin real inteqrasiyası və digər məsələlərlə bağlı hansı islahatlar və ən başlıcası, necə (!) həyata keçirilməlidir?
Son 30-40 ildə bəzi ölkələrdə başlayan islahatlar və onların nəticələrinə diqqət yetirsək, əsrlərlə davam edən inkişaf nəticəsində formalaşmış ABŞ və Avropa ölkələrinin elmindən fərqli olaraq Çin, Cənubi Koreya və Sinqapur kimi ölkələrin təcrübəsi ilə qısa tanışlıq onların hər birinin elmin inkişafında özlərinə məxsus xüsusiyyətlərə malik olduğunu üzə çıxarır.
Çin Elmlər Akademiyasında 1965-ci ildə 106 elmi mərkəz və 25 min tədqiqatçı olduğu halda, 10 ildən sonra "mədəni inqilab" nəticəsində cəmi 13 institut və 1800 alim qalmışdı. Çinin görkəmli dövlət, partiya və ictimai xadimi Den Syaopinin 1978-ci ildə ölkədə başladığı islahatların 4 əsas istiqaməti - kənd təsərrüfatının, sənayenin, ordunun, elm və texnologiyaların modernləşdirilməsi - 20-25 ildən sonra öz möhtəşəm bəhrəsini verməyə başladı. Hazırda Çində Dövlət Şurasının tərkibində Çin Elmlər Akademiyası, Çin Mühəndislik Akademiyası və Çin İctimai Elmlər Akademiyası fəaliyyət göstərir. 2019-cu ildə Çində Ümumdaxili məhsulun 0,4 faizi elmə ayrılmışdı (Rusiyada bu rəqəm 0,2 faizdir). Bu gün Çin Elmlər Akademiyasında fundamental tədqiqatlar sahəsində 56 min nəfər peşəkar alim və tədqiqatçı, 28 min nəfər professor və dosent çalışır. Çin Elmlər Akademiyasında 5 bölmə, 104 elmi-tədqiqat institutu, 12 sahə akademiyası və 3 universitet fəaliyyət göstərir. Çin İctimai Elmlər Akademiyasının hazırda 4 min nəfərə yaxın əməkdaşı var, 31 tədqiqat institutu və bir neçə tədqiqat mərkəzi fəaliyyət göstərir. Beynəlxalq reytinqin nəticələri göstərir ki, 2020-ci ildə Çin elmi məhsuldarlığa görə dünyada 1-ci yerə çıxıb.
Əhalisinin sayı cəmi 5,5 milyon nəfər olan Sinqapurda elm və texnologiyanın inkişafı üçün 70-ci illərdə təşkil edilmiş Elmi Şura 4 prioritet istiqamət müəyyənləşdirib: mühəndislik fəaliyyəti, təbii ehtiyatlar (onların istifadəsi daxil olmaqla), təbiət və ictimai elmlər. 80-ci illərin iqtisadi böhranı göstərdi ki, işçi qüvvə sahəsində Çin və Hindistan kimi nəhənglərlə rəqabət aparmaq mümkün deyil. 90-cı illərdə yaradılan elm və texnologiyalar üzrə Milli Şura və 2006-cı ildən fəaliyyət göstərən Milli Tədqiqatlar Fondu perspektiv elmi istiqamətlərin gündəliyini formalaşdırır və onlara maliyyə dəstəyi göstərir. Maraqlıdır ki, özünün nefti, qazı və hətta içməli suyu olmayan Sinqapurda 50 il ərzində adambaşına düşən ümumdaxili məhsul 80 faiz artıb.
Əhalisinin sayı 1,5 milyard 5,5 milyon nəfər olan 2 ölkədə elm və texnologiyaların inkişafı yollarını qısa şəkildə xatırlayandan sonra Azərbaycan Milli Elmlər Akademiyası üçün mövcud şəraitə uyğun hansı islahatların məqsəduyğunluğu haqqında bəzi mülahizə və düşüncələri bölüşmək olar.
Hər şeydən əvvəl bir daha qeyd edilməlidir ki, Qarabağ hadisələri başlayandan indiyə qədər Azərbaycanın üzləşdiyi çətin problemlərə baxmayaraq, ölkə Prezidenti cənab İlham Əliyev elm və təhsilə həmişə qayğı göstərib. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, SOCAR-ın Elm Fondu, AMEA-nın büdcəsi hesabına maliyyələşən bəzi elmi layihələr alimlərin əməyini stimullaşdırmaq üçün müsbət rol oynayıb. Eyni zamanda o da aydındır ki, elm bir yerdə dayanmır, daima inkişafdadır və A.Eynşteynin dediyi kimi, "velosipedçinin müvazinətini saxlaması üçün o, həmişə irəli hərəkət etməlidir" prinsipi özünü təsdiqləyir.
AMEA-da ciddi problemlərin mövcudluğu inkar edilmir. Lakin nədənsə Azərbaycan elmi haqqında deyilən bütün tənqidi fikirlər yalnız AMEA-ya ünvanlanır. Doğrudur, ölkədə tətbiqi və fundamental tədqiqatların generatoru rolunu AMEA oynayır. Lakin nəzərə almaq lazımdır ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə 34 elmi tədqiqat institutu var. Ölkədə elmi tədqiqatla məşğul olanların (elmi işçilər və universitetlərin kafedra əməkdaşları) cəmi 25 faizi, elmlər və fəlsəfə doktorlarının isə 30 faizindən azı AMEA-da çalışır. Buna baxmayaraq, AMEA-nın Beynəlxalq reytinqlərdə göstərilən elmi məhsuldarlığı digər elmi müəssisələrin və ali məktəblərin birlikdə əldə etdikləri elmi məhsuldarlıqdan aşağı deyil. Bu müqayisə heç də elmin ənənəvi idarəetmə və maliyyələşdirmə sisteminin saxlanılmasına əsas vermir. Əksinə, akademik elmin inkişafı və elmi nəticələrin reallaşdırılması prinsipcə yeni yanaşmaların tətbiqini və ciddi islahatların həyata keçirilməsini mütləq və zəruri edir.
Təkcə AMEA-da islahat aparmaqla ölkədə elmin bütövlükdə səmərəsini yüksəltməyin mümkünləşəcəyini düşünmək düzgün olmazdı. AMEA-da islahatların təcrid olunmuş şəkildə aparılması çətin ki, müsbət nəticə versin. Bu məsələ şübhəsiz ki, sosial və iqtisadi sahələrdəki tərəqqi və islahatlarla əlaqəli şəkildə həyata keçirildiyi halda arzuolunan nəticələr verə bilər. Elm və təhsil tərəqqinin qoşa qanadıdır. Hər iki sahədə islahatların aparılması uzunmüddətli, ətalətli proses olub, öz bəhrəsini, ən yaxşı halda, 8-10 ildən sonra verə bilər. Bu dövrdə vacib sayılan vəzifələrin həyata keçirilməsində dövlət dəstəyi ilə yanaşı, elmi müəssisələrin özlərindən asılı olan müəyyən daxili islahatlar da aparılmalıdır:
- bal-reytinq sistemi əsasında elmi müəssisələrdə əməkdaşların ciddi və obyektiv attestasiyası keçirilməli, elmi məhsuldarlıq baxımından kollektivlər "sağlamlaşdırılmalı", əməkdaşların sayı həll ediləcək problemlərə uyğun olaraq nizamlanmalı, elmi işçilərin əməkdaşların ümumi sayına olan nisbəti optimallaşdırılmalı, bir əməkdaşa düşən elmi məhsuldarlıq yüksəldilməli, beynəlxalq qrantlar müsabiqəsində fəallıq artırılmalıdır;
- AMEA-da mövcud olan təbiət elmləri bölmələri ilə ictimai və humanitar elmlər bölmələrinin xüsusiyyətləri nəzərə alınmaqla onların elmi fəaliyyətinin qiymətləndirilmə meyarları, idraəetmə və maliyyələşdirmə üsulları fərqləndirilməlidir. Lakin istənilən halda akademik elm novatorluq, inkişaf, yeni texnologiyalardan istifadə və çevik biznes təşkili baxımından perspektivli olmalıdır;
- həll ediləcək problemin düzgün və konkret qoyulması, xırda, əhəmiyyətsiz, uzun illər mühüm nəticəsi olmayan mövzuların kəskin azaldılması elmi müəssisələrin qarşısında əsas tələb kimi qoyulmalıdır. Bu yolla elmi nəticələrin reallaşmasına və onlara ehtiyac yaranmasına nail olmaq mümkündür. Nahaq yerə demirlər ki, problemin düzgün qoyuluşu onun həllinin yarısı deməkdir. Problemlərin prioritetlərə görə seçilməsi və onların sayının elmi müəssisənin profilinə uyğun müəyyənləşdirilməsi ekspertiza əsasında həyata keçirilə bilər;
- təbiət elmləri sahəsində fundamental tədqiqatların yüksək səviyyədə aparılmasında müasir avadanlıq parkının yaradılması ilə bərabər, həm də onların təmirinə və servisinə xüsusi diqqət tələb olunur. Bu sahədə əsas problem təkcə qiymətli cihaz və avadanlıqların çatışmamazlığında deyil, onların heç də hamısının işlək vəziyyətdə olmamasında və lazımi problemlərin həllinə cəlb edilməməsindədir;
- AMEA-nın strukturuna bir daha baxılmalı, profilcə yaxın bir neçə institutun bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir. Dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir. Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə, əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı.
Ümumiyyətlə, Azərbaycan elminin tərəqqisi, müasir çağırışlara və tələblərə cavab verən səviyyəyə yaxınlaşması üçün təkcə AMEA-nın daxilində aparılan islahatlar kifayət deyil. Elmə və elmi işçilərə olan tələblər, münasibətlər və onların statusu köklü surətdə dəyişməlidir. Bu isə yalnız dövlətin və hökumətin xüsusi qanun və qərarları əsasında mümkün ola bilər. Onlardan ən vaciblərinə diqqət yetirmək olar:
- keyfiyyətli təhsil olmadan elmi tərəqqi də mümkünsüz olduğundan elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması üçün ümumi konsepsiyanın hazırlanması məqsədəuyğun olardı;
- AMEA-da gənc tədqiqatçıların sayını artırmaq, onlara dəstək olmaq üçün yeganə yol onların maddi təminatının yaxşılaşdırılması, tədqiqat aparan istedadlı gənclər üçün müxtəlif adlı təqaüdlərin təsis edilməsi, xarici elmi mərkəzlərə təcrübə keçmə və ya doktorantura təhsili üçün göndərilməsi, müasir cihaz və avadanlıqda işləyə bilən kadrların hazırlanmasında önəmli güzəştlərin nəzərdə tutulmasıdır;
- nəzərə almaq lazımdır ki, gənc nəsildən bizim kimi olmağı, bizim kimi düşünməyi tələb etmək özu eqoizmdən başqa bir şey deyil. Müasir gəncliyi daha çox qısamüddətli və yaxın gələcəyin perspektivləri, nəticənin daha tez əldə edilməsi, onun maraqlı və təminat nöqteyi nəzərindən cəlbediciliyi daha çox maraqlandırır;
- fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təbiət və ictimai elmlər sahəsində müdafiə edən iddiaçılara bu elmlərin xüsusiyyətləri nəzərə alınmaqla Ali Attestasiya Komissiyasının tələbləri eyni olmamalıdır. Müdafiə etmək üçün çoxlu sayda sənədlərin toplanması və tələb edilməsi bir çox istedadlı, lakin maddi imkanları aşağı olan gənclərin elmdən uzaqlaşaraq başqa sahələrə getməsinə gətirib çıxarır. İctimai elmlərdən fərqli olaraq eksperimentlərə əsaslanan təbiət elmləri sahəsində gənc doktorantın mono-məqalə çap etdirməsi kimi tələblər heç bir məntiqə sığmır;
- ölkədə təbiət və texnika elmləri sahəsində çalışan istedadlı gənc kadrları elmdə saxlamaq üçün xarici ölkələrdə olduğu kimi ikimərhələli müdafiə sistemi ləğv edilməli, fəlsəfə doktoru hazırlığı üzrə 4 illik əyani doktorantura saxlanılmalı (yüksək səviyyəli təhsil proqramları əlavə edilməklə), elmlər doktoru dərəcəsi isə AAK-ın onsuz da tələb etdiyi nüfuzlu Web of Science, Scopus bazalarına düşən jurnallarda çap olunan məqalələrə, nəşr olunan sanballı monoqrafiyalara, məruzəçi qismində beynəlxalq konfrans və konqreslərdə çıxışlara, qalibi olduğu qrantlara, bir sözlə, çap edilmiş əsərlər külliyyatına görə, dissertasiya tərtibatına və müdafiəsinə 2-3 il vaxt itirmədən və emosional gərginlik keçirmədən verilməlidir. Bu qayda gənc fəlsəfə doktorlarının böyük həvəslə elmi müəssisələrdə tədqiqatlarını davam etdirmələrinə çox önəmli stimul ola bilər;
- AMEA-nı təkcə tətbiqi işlərlə məşğul olan qurum kimi təsəvvür etmək yanlışlıq olardı. Fundamental tədqiqatlara əsaslanmayan məhsullar və texnologiyalar çətin ki, rəqabətə davam gətirsin. İnnovativ inkişaf üçün yeni ideyalar və yüksək texnologiyalar önəmlidir, onların əsasında isə fundamental tədqiqatlar durur. Lakin fundamental tədqiqatlar da yalnız məqalə çap etdirmək və dissertasiya yazmaq xatirinə olmamalı, onların ölkə əhəmiyyətli konkret hədəfi olmalıdır. 10 milyon nəfərdən çox əhalisi olan ölkədə fundamental elmin geniş cəbhəsi üzrə tədqiqatlar aparmaq qeyri-mümkündür. Ona görə də fundamental elmlər üzrə prioritetlər ciddi şəkildə müəyyənləşdirilməli və ölkənin iqtisadi mənafeyinə uyğunlaşdırılmalıdır;
- ümumtəhsil müəssisələrindən başlayaraq xarici dillərin öyrənilməsi prioritet elan edilməli, gənclərdə heç olmasa ingilis dilini mükəmməl bilmək vacib meyarlardan biri olmalıdır. Müasir dünyada xarici dil bilmədən böyük elmi uğurlar əldə etmək, yüksək mənsəb qazanmaq qeyri-mümkündür. Bir misal: Qazaxıstanda yüksək vəzifəyə təyin olunmaq üçün azı iki xarici dil bilmək tələb olunur. İngiltərədə professor vəzifəsini tutmaq üçün bir neçə xarici dil bilmək vacibdir. Ona görə təhsilin magistratura və doktorantura səviyyəsinə qəbul olunanlar xarici dil sertifikatına malik olmalıdırlar;
- elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilməli, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir. Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır;
- satınalma, tender, kotirovka prosedurlarında, ölkəyə valyuta gətirən beynəlxalq elmi qrantların qeydiyyatında, vergilərin tutulmasında akademik elmin xüsusiyyətləri nəzərə alınmalı, bu prosedurlar elmi müəssisələr və başqa təşkilatlar üçün fərqli olmalıdır. Elmi tədqiqat institutları rəhbərlərinin satınalma mübahisələri və digər təsərrüfat işləri əvəzinə, elmi problemlərə vaxt ayırması daha çox səmərə verər;
Bütün bunlarla yanaşı, nəzərə alınmalıdır ki, islahatlar zamanı tələsik və əsaslandırılmamış radikal qərarlar qəbul etmək də yolverilməzdir. Qeyd edildiyi kimi, elmdə islahatların nəticə verməsi müəyyən vaxt, maliyyə və səbr tələb edir. Bunların hər üçünün müasir dövrümüzdə defisit olmasına baxmayaraq, bəzi MDB ölkələrində özünü doğrultmayan "islahatları" təkrar etməkdən sığortalanmaq lazımdır. AMEA-da yaxşı nə varsa onları qoruyub saxlamaq, daha da təkmilləşdirməklə yanaşı, müasir tələb və çağırışlara cavab verməyən, inkişafı tormozlayan hallarla qarşı qəti mövqe tutmaq lazımdır. Elmin özünə, elmin təşkilinə elmi obyet kimi baxmaqla C.Bernalın, R.Mentonun və digər alimlərin formalaşdırdığı, bu gün də xüsusilə mühüm əhəmiyyət kəsb edən elmin sosiologiyasının əsas prinsiplərindən olan elmdə düzgünlük və vicdanlılıq, plagiata qarşı mübarizə kimi əsas tələblər öz aktuallığını saxlamalıdır.
AMEA-nın cəmiyyətdəki yeri, inkişaf etmiş ölkələrlə müqayisəsi və təklif olunan islahatlarla bağlı bu gün ayrı-ayrı alimlərin, elm adamlarının maraqlı fikiləri mətbuatda çap olunur. Səriştəli alimlər tərəfindən belə müzakirələrin və fikir mübadiləsinin aparılması müsbət haldır. Lakin görünür, təkcə arzu olunan təklifləri irəli sürmək kifayət deyil. Dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi xüsusi komissiyanın və ya daha yaxşı olar ki, ölkə başçısının bilavasitə tabeliyində olan Ali Elmi Şuranın yaradılmasına, Azərbaycanda elmi tərəqqini təmin edə biləcək təsirli real addımların atılmasına və özünü doğrultmayan bir çox köhnəlmiş qaydaların ləğvinə böyük ehtiyac var. Elmdə müxtəlif neqativ hallarla qarşı ciddi mübarizə aparılmalı, keyfiyyət kəmiyyətə qurban verilməməlidir.
Ümid etmək olar ki, elm, təhsil və dövlət qurumlarının nüfuzlu nümayəndələrinin təmsil olunduğu səlahiyyətli qurum ciddi işlər aparacaq, müllətin gələcəyi üçün vacib elmi strategiyanı və prioritetləri müəyyən edəcəkdir.



