|
|
|
|

Prezidenti İlham Əliyev aprelin 6-da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan bu görüşdə iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanması yönündə müzakirələrin aparılması nəzərdə tutulub. Azərbaycan tərəfi Brüssel görüşü barədə məlumatın media gündəminə çıxmasından bir müddət öncə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərini açıqlayıb. 5 maddəlik təkliflərdən ibarət olan bu şərtlər qəbul edilərsə, Azərbaycanla yanaşı, bütün regiona, o cümlədən, Ermənistanın özünə ciddi dividendlər qazandırmış olacaq. Məsələn, şərtlər toplusunda yer tutan məqamlardan biri də “Nəqliyyat / kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa nail olunması”dır. Bu bənd indiki sülh danışıqlarının mühüm elementlərindən biri kimi irəli sürülsə də, əslində uzun müddət gündəmdə olub, hələ Ermənistan-Azərbaycan müharibəsin ilk mərhələsində ortaya çıxıb.
Ermənistan münaqişənin ilk dövrlərində Azərbaycanın rasional təkliflərini dinləyib işğal siyasətindən əl çəksəydi, Azərbaycanla münasibətlərini normallaşdırsaydı, Bakı-Tbilisi-Ceyhan kəmərinin öz ərazisindən keçməsinə nail ola bilər və nəticədə çox böyük maliyyə / iqtisadi dividendlər əldə edərdi. Həmin şans əlindən çıxsa da, bu gün mövcud olan digər proqramlara qatılması mümkündür. İndi “Zəngəzur dəhlizi” layihəsi gündəmdədir. Çindən Avropaya uzanan alternativ marşrutun bir parçası kimi əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin reallaşması Ermənistana da imkan verərdi ki, bu marşrutun bir hissəsi olsun. 5 maddəlik təkliflər paketinin digər bəndləri də eyni xarakterlidir: təkcə Azərbaycan üçün deyil, bütövlükdə region, o cümlədən, Ermənistan üçün əhəmiyyət daşıyır.
Ermənistan üzdə həmin təklifləri qəbul etdiyini və sülh müqaviləsinə hazır olduğunu göstərir. Lakin arxada öz ikili oyununu davam etdirir, sülh danışıqları üçün qəbuledilməz təklif və şərtlərlə çıxış edir. Məsələn, ATƏT-in Minsk qrupunun prosesə qayıtması, vasitəçilik etməsinə razılıq verilməsinə çalışır. Ermənistan yaxşı bilir ki, bu təklif Azərbaycan üçün qəbuledilməzdir. ATƏT MQ fəaliyyətsiz bir qurumdur və onun həll etməli olduğu məsələni Azərbaycan öz gücü ilə artıq həll edib. Bununla yanaşı, ATƏT MQ 30 illik fəaliyyəti dövründə Qarabağ probleminin həllini ləngidib, obyektiv mövqe tuta bilməyib, əlavə problemlər yaradıb. 30 il müddətində prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etməyib. İndi Ermənistan ATƏT MQ-ni danışıqlar prosesinə qaytarmaq təklifini verməklə nə məqsəd güdür? Bu təklif nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab vermir, regionda davamlı sülhün bərqərar edilməsinə xidmət göstərmir.
Təcrübə sübut edir ki, münaqişə tərəfləri özləri masa arxasında oturub müzakirə aparmaqla, daha effektiv sonluq əldə edirlər. Azərbaycanla Ermənistan da bu yolla davamlı sülhə nail olmaq potensialına malikdirlər. Bütün bunları bildiyi halda Ermənistanın ATƏT MQ üzərində təkid etməsi göstərir ki, o, sülh prosesinə ancaq sözdə pozitiv münasibət nümayiş etdirir, amma əsl mahiyyətdə sülh prosesini ləngidir.
Ermənistan başa düşməlidir ki, sülh prosesinin əngəllənməsi kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərini normallaşdırmasına ciddi problemlər yaradır. Bu, Ermənistanın özü üçün ağır fəsadlar yaradır. Belə davam edərsə, vəziyyət daha da ağırlaşacaq. Necə ki, Ermənistan özünün düşünülməmiş, yanlış siyasəti ilə Zəngəzur dəhlizinin İran vasitəsilə reallaşdırılmasına sövq etdi. Bir vaxtlar özünün qeyri-adekvat davranışları ilə BTC-dən kənar düşən Ermənistan indi də növbəti meqa layihədən kənar qalır.
Ermənistan rəhbərliyi bu məsələlər barədə yaxşı düşünməli, əsassız dirənişlərindən, söz güləşdirməkdən əl çəkməli və ölkənin, xalqın gələcəyi haqqında düşünməyə başlamalıdır.
Müşfiq Ələsgərli,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Qeyd: Material müəllifin feysbuk hesabından götürülüb.



