
RAUF ZEYNİ: “AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI”
Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.
– Rauf müəllim, QHT-lərin Qarabağla bağlı mövqeyi və fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Biz, MQF olaraq, bu məsələyə xüsusi həssaslıqla yanaşırıq. Bugünə kimi Foruma üzv olan təşkilatların fəaliyyətində əsas istiqamətlərdən birini Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ermənilərin ərazilərimizi tərk etməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edib və edəcək. Bu istiqamətlərdə üçüncü sektor təmsilçilərinin doğurdan da mühüm fəaliyyətləri olub və bu fəaliyyət davam etdirilməkdədir. Mövzu ilə bağlı QHT-lərin fəaliyyəti ictimaiyyət tərəfindən də, dövlət tərəfindən də müsbət dəyərləndirilir. Amma etiraf etmək lazımdır ki, bütün bu fəaliyyətə baxmayaraq, 20 ildən artıqdır, torpaqlarımız işğal altında qalıb. Torpaqlarımızı itirsək də, hələ ki, ümidimizi itirməmişik. Yəni torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq. Ümidvarıq ki, dövlət başçısının bu istiqamətdə apardığı uğurlu siyasət məhz torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşacaq. Xalqımızın səbrinin də tükənmə anı var. Hesab edirəm ki, Minsk Qrupu, digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həll olunması istiqamətində əməli işlər görməlidirlər. Görəsən, beynəlxalq təşkilatlar, güclü dövlətlər beynəlxalq hüquq normaları çərçivəsində nə vaxt öz vəzifələrini icra edəcəklər? BMT tərəfindən qəbul edilən 4 qətnamə nə üçün icra edilmir? Nəyə görə başqa ölkələrlə bağlı qəbul edilən qərarlar dərhal icra edilir, amma bizim haqlı məsələmizlə bağlı qəbul edilmiş bu qətnamələr icra edilmir? Maraqlıdır ki, işğalçı ölkə olan Ermənistan heç bir beynəlxalq hüquq normalarını nəzərə almır, məlum BMT qətnaməsinə məhəl qoymur. Bu məqama biz vətəndaş cəmiyyəti olaraq qəti etirazımızı bildiririk. Dəfələrlə bu məsələ ilə bağlı bəyanatlar vermişik. Bu sahədə işimiz bununla yekunlaşmır, daha geniş iş aparmağa məcburuq.
Eyni zamanda üçüncü sektor olaraq Minsk Qrupunun səmərəsiz və nəticəsiz fəaliyyətini qəbul etmirik. Hesab edirik ki, bütün bu fəaliyyətlər Azərbaycan xalqının, habelə ictimaiyyətimizin başının qatılması və yuxuya verilməsi üçün bir oyundur. Bizə belə bir fəaliyyət deyil, səmərəsi olan, torpaqlarımızı işğaldan azad edən, sülhə səbəb olan, erməni vəhşiliyinə son qoyan fəaliyyət lazımdır. Bu fəaliyyət varsa, həmsədrlərin işi davam etdirilsin. Yox əgər belə bir fəaliyyət olmayacaqsa, onlar bundan sonra da indiyədək olan nəticəsiz işlərini davam etdirəcəklərsə, o zaman Minsk Qrupu bizə lazım deyil. Belə olan təqdirdə Azərbaycan nəhayət ki, beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarını işğaldan azad etmək hüququndan istifadə edəcək. Bu məsələdə anti-terror koalisiyası təşkilatları Azərbaycana dəstək verməlidirlər. Çünki biz terroristləri və işğalçıları ərazilərimizdən çıxarmaq istəyirik, başqa dövlətin ərazisini işğal etmirik. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, İrəvan, Zəngəzur, Göyçə bizim dədə-baba, tarixi torpaqlarımızdır və bu ərazilərdə Ermənistan dövləti qurublar və biz ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Biz işğal altında olan torpaqlarımızla yanaşı, tarixi ərazilərimiz uğrunda da mübarizə aparmalıyıq. Bununla bütün beynəlxalq aləmi məlum həqiqətlərdən xəbərdar etməliyik. Bizim beynəlxalq haqlarımız var və Azərbaycan dövləti buna əməl etdiyi kimi, başqa ölkələri də buna riayət etməyə çağırır. Əgər Qarabağ problemi beynəlxalq hüquq normaları, sülh danışıqları çərçivəsində həll edilmirsə, regionda ən qüdrətli orduya sahib olan Azərbaycan öz güclü ordusundan istifadə edərək torpaqlarını işğaldan azad etməyə tam qadirdir. Bizim vətəndaş cəmiyyəti olaraq fikrimiz bundan ibarətdir ki, Azərbaycan 25 ildir ki, üzərinə düşən bütün güzəştləri edib və bundan sonra hansısa güzəştə gedilməməlidir. Əgər aidiyyəti təşkilatlar fəaliyyətlərində ciddi dönüş etməsələr, biz vətəndaş cəmiyyəti olaraq daha ciddi iş aparacağıq və Azərbaycan ictimaiyyəti məsələ ilə bağlı öz sözünü deyəcək. Artıq yetər. Bir xalq torpağını işğaldan azad etmək üçün daha neçə il gözləməlidir? Bu nə qədər ədalətsiz bir vəziyyətdir. Bu ədalətsizliyə dərhal son qoyulmalıdır.
– QHT-media münasibətlərini necə qiymətləndirirsiniz?
– Biz QHT-lər olaraq media ilə münasibətlərdən çox razıyıq. Əslində vətəndaş cəmiyyətinin bu yerə gəlib çatmasında, əldə etdiyi nailiyyətlərdə medianın xüsusi xidmətləri olub. Təbii ki, bu belə də olmalıdır. Çünki media ilə QHT-lərin hər biri vətəndaş cəmiyyəti institutunun üzvləri olaraq daha sıx əlaqədə olmalıdırlar. Ona görə də bu illər ərzində bizə təmənnasız xidmət göstərdiyinə görə media orqanlarına dərin minnətdarlığımı bildirirəm. Bütün bunlarla yanaşı media ilə əlaqələri daha da genişləndirməyi düşünürük. Ümidvaram ki, gələcəkdə media ilə əlaqələrimiz daha da gücləndiriləcək. Bizim ümumi fəaliyyətimizin qayəsini güclü, qüdrətli Azərbaycan dövlətinin qurulması təşkil edir. Sevindirici haldır ki, artıq güclü dövlətimiz təkcə burda deyil, xarici ölkələrdə də mühüm tədbirlər həyata keçirir. Təbii ki, güclü dövlətimiz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, daha böyük nailiyyətlər əldə edəcək.
Aqil LƏTİFOV



