Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında Avropa İttifaqı, Avropa Şurası və NATO üzrə mütəxəssis, nəşrlərin baş redaktoru Ansar Battinin “Azərbaycan: “47”-liyə başçılıq edən ölkə” adlı məqaləsi dərc edilib.
Məqalədə, cari ilin may ayından başlayaraq Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində rotasiya prinsipi əsasında sədrlik etdiyi bildirilib, bu sədrliyin həm Avropa Şurası həm də şuranın üzv ölkələri üçün çox mürəkkəb bir dövrə təsadüf etdiyi vurğulanıb.
Yazıda, mayın 20-23-də AŞ-nın Baş katibi Torbyorn Yaqland və AŞ Parlament Assambleyasının prezidenti Ann Brassör-in Azərbaycanda səfərdə olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri cənab Oqtay Əsədov və digər dövlət rəsmiləri tərəfındən qəbul edildiyi vurğulanıb.
Səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də AŞ Baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla bütün AŞ üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fıkir mübadiləsi aparılıb.
Məqalədə, səfər zamanı T. Yaqlandın iştirakı ilə qarşıdakı illərdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edəcək AŞ-nin Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının təqdimat tədbirinin keçirildiyi qeyd olunub.
Yazıda, eyni zamanda, baş katibin ASAN xidmət Mərkəzinə səfər edərək bu xidmətin fəaliyyətini yüksək qiymətləndirib və bunun digər AŞ ölkələri üçün müsbət nümunə ola biləcəyini bildirib.
Daha sonra məqalədə, Ann Brassörün sədrliyi ilə AŞPA Daimi komitəsinin AR-nın Milli Məclisində iclasının keçirildiyi bildirilib. Qeyd olunub ki, Ann Brassör öz çıxışına, üzv dövlətlərin ərazi bütövlüyünə hörmətin təşkilatın fundamental prinsipi olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan A. Brassör 2005-ci ildə qəbul edilmiş 1416 saylı (BMT TŞ-nın 4 qətnamələrinin icrasını tələb edən) AŞPA qətnaməsini xatırladaraq, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulayıb. Müəllif, Azərbaycan Milli Məclisinin Sədri Oktay Əsədovun isə AŞPA ilə əlaqələrdən, ölkəsinin AŞ Nazirlər Komitəsinə sədrliyindən danışdığını və Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunduğunu bildirib.
Məqalədə vurğulanıb ki, iclasda Xarici İşlər Naziri və AŞ-nın Nazirlər Komitəsinin sədri statusunda çıxış Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, ölkədə aparılan siyasi islahatlar və mövcud olan tolerantlıq mühiti, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında AŞPA üzvlərinə geniş məlumat verib. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin bu günədək həll olunmaması, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfındən işğalının davam etməsi və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına dönə bilməməsi AŞ-nın əsasını təşkil edən fundamental prinsiplərə və demokratik dəyərlərə zidd olaraq, regionun hərtərəfli inkişafın və demokratik proseslərə xələl yetirir.
Pakistanlı yazar, Xarici İşlər Naziri Elmar Məmmədyarov AŞ-nın Nazirlər Komitəsinin sədri statusunda AŞPA-nın üzvləri ilə müxtəlif beynəlxalq məsələlərə dair fıkir mübadiləsinin apardığını bildirib. Qeyd edib ki, fikir mübadiləsi əsnasında AŞ-nın bir üzv dövlətinin digər üzv dövlətin ərazisini işğal etməsinin qəbuledilməzliyi vurğulanıb.
http://dnanews.com.pk/?p=30587
http://centreline.com.pk/?p=3957



