|
|
|
|

Mayın 25-də Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "İlyas Əfəndiyev. Geriyə baxarkən" fotoalbomunun təqdimatı keçirilib. Fotoalbom Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşridir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq deyib: "Bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə - Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, yaşadığı illərdən klassikləşən, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin işığına toplaşmışıq. Təqdim etdiyimiz nəşrdə Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin uzun və şərəfli ömrünün ən yaddaqalan anları, görkəmli incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının sənətkar haqqında fikirləri, maraqlı xatirələri, tanınmış şairlərin yazıçıya həsr edilmiş şeirləri yer alıb. Sənətkarın müxtəlif illərdə yazdığı, tanınmış aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar verilib. Nəşrdə görkəmli yazıçıların öz müasirləri haqqında fikirləri də əksini tapıb. Biz İlyas Əfəndiyevin "Geriyə baxma, qoca", "Geriyə baxmağa dəyər" adlı əsərlərinin adından ilhamlanaraq fotoalbomun adını "Geriyə baxarkən" qoyduq".
K.Tahirov vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığına ən qiymətli dəyəri məhz Ulu öndər Heydər Əliyev verib və bu qiymətli fikirlər fotoalbomda da əks olunur.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixinin, məfkurəsinin, milli kimliyinin inkişafında müstəsna xidmətləri olan Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı anlarını fotoşəkillərin dili ilə canlandıran "İlyas Əfəndiyev. Geriyə baxarkən" fotoalbomunun təqdimatı əlamətdar hadisədir: "İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. Bu gün gənclərin milli mənlik - vətənpərvərlik ruhunda yetişməsində onun əsərlərinin mühüm rolu var”.
Nazir bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığını çox yüksək qiymətləndirib və dəfələrlə onun Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib.
A.Kərimov vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığı tək Azərbaycanda deyil, dünya səviyyəsində tanınır. Prezident İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər verib, onun 90 və 100 illik yubileylərinin UNESCO-da və ölkə səviyyəsində geniş qeyd olunması barədə sərəncamlar imzalayıb. İlyas Əfəndiyevin adının UNESCO-nun görkəmli şəxsiyyətlərinin siyahısına salınması çox qürurvericidir.
Heç təsadüfi deyil ki, hər il Milli Dram Teatrı yeni mövsümü məhz onun müəllifi olduğu "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası ilə açır.
Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatını tədqiqatçıların gözü ilə iki hissəyə - "Azərbaycan Sovet ədəbiyyatı" və "Sovet dövrü Azərbaycan ədəbiyyatı"na ayırmaq olar. Məhz İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm, realizm kimi ideyalar onun əsərlərinə yaddır. İlyas Əfəndiyev zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.
Yeni kitab haqqında fikirlərini bildirən akademik vurğulayıb ki, nəşrdə ilk dəfə İlyas Əfəndiyevin öz müasirlərinə yanaşması da əks olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov İ.Əfəndiyevin Azərbaycan ədəbiyyatına, eləcə də teatrına verdiyi töhfələrdən danışıb, ədibin xatirəsinin daima əziz tutulacağına inandıqlarını bildiriblər.
Təqdim olunan fotoalbom-kitabı bütünlükdə ədəbi həyatımıza hədiyyə, töhfə kimi dəryərləndirən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, İ.Əfəndiyev zamanın tələblərinə əyilməyib, öz dəsti-xətti ilə seçilib: "İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni cərəyan yaradıb. Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer verib".
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatı Vüqar İskəndərov, millət vəkili, yazıçı Aqil Abbas, akademik Teymur Kərimli, professor Rüstəm Kamal, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, yazıçı Seyran Səxavət, Əməkdar artist Məsmə Aslanqızı və başqaları görkəmli dramaturq İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığı barədə fikirlər söyləyiblər.
Kitabın hazırlanmasında xüsusi əməyi olan yazıçının nəvəsi Günay Əfəndiyeva deyib: "Bu kitabın ərsəyə gəlməsi o qədər də asan deyildi. Çünki materiallar çox idi. Qarşımızda nəhəng bir irs, yazıçının buraxdığı zəngin miras vardı. Kitabı hazırlayarkən biz sanki İlyas Əfəndiyevin həyatını, həm də o dövrü yenidən yaşayırdıq. Ona görə də, kitab "Geriyə baxarkən" adlanır. Qarabağla bağlı əsərləri biz daha çox təbliğ etməliyik. Çünki, bunlar ədəbi-bədii əsərlər olmaqla yanaşı, eyni zamanda tarixi faktlardır. İlyas Əfəndiyevin bütün yaradıcılığından Qarabağ mövzusu qırmızı xəttlə keçir".
Sonra AYB sədri, Xalq yazıçısı Anar yeni təsis olunan İlyas Əfəndiyev Mükafatını bu günlərdə həmin mükafata layiq görülmüş yazıçı Aqil Abbasa təqdim edib.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Bədii fikir tariximizin fenomeni - Xalq yazıçısı İlyas Əfəndiyev" adlı elektron məlumat bazası da təqdim olunub.
Tədbirin sonunda görkəmli dramaturqun ailəsi adından Xalq yazıçısı Elçin çıxış edərək ilk növbədə fotoalbomun nəşrinə, bu tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib, fotoalbomun işıq üzü görməsində önəmli əməyi olan "Şərq-Qərb" nəşriyyatının direktoru Sevil İsmayılovaya minnətdarlığını ünvanlayıb.
Sonda qonaqlar görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin əsərlərindən ibarət "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı geniş kitab sərgisi ilə tanış olublar.
ƏNTİQƏ



