|
|
|
|

Son bir ildə kitab festivalı ənənəsinin vüsət alması cəmiyyətimizlə kitab arasındakı bağların möhkəmlənməsinə effektiv təsir göstərdi. Yaşından asılı olmayaraq, hər kəsdə, xüsusilə, gənc və azyaşlıların mütaliə vərdişlərinin artırılması baxımından kitab festivallarının keçirilməsi zəruridir. Texnologiyanın inkişafı, internetin həyat tərzinə çevrildiyi bir dönəmdə insanların kitaba qayıdış prosesi, sözsüz ki, qısa zaman çərçivəsində mümkün deyil. Kitabın təbliği mütəmadi zəhmət tələb edən məsələdir. Ölkədə fəaliyyət göstərən nəşriyyatların, bu işdə təşəbbüs göstərməyə potensialı olan qurumların birgə fəaliyyəti oxucu kütləsinin arealını genişləndirir və genişləndirəcək də.
Son həftə I Türk dünyası ədəbiyyatı və kitab festivalı barədə sosial şəbəkələrdə paylaşılan elanlar yeni bir kitab bayramı ab-havasından xəbər verirdi və festivalın ilk günü, həqiqətən də, gözləniləndən daha artıq səs-küyə səbəb oldu.
Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondu və s. təşkilati dəstəyi ilə həyata keçirilən kitab festivalında müxtəlif nəşriyyatlar və müəlliflər öz kitabları ilə oxucuların görüşünə gəliblər.
Məsələnin ən əhəmiyyətli tərəfi odur ki, festival Azərbaycan təhsilinin flaqmanı olan, yaşı bir əsri adlayan təhsil ocağımızda - Bakı Dövlət Universitetinin həyətində keçirilir. BDU-da təhsil alan tələbələrin sayca çoxluğu və geniş professor-müəllim heyəti kitabların satışına daha böyük töhfə verməklə yanaşı, festivalın universitetdə təşkil olunması tələbələr üçün kitabı əlçatan edir.
Festivalın ilk günündə saat 09:00-dan etibarən nəşriyyatların sərgiləri universitetin həyətində quruldu. Elə ilk dəqiqələrdən tələbələr kitablarla maraqlanmağa başladılar. Qeyd edək ki, festival müddətində BDU-da açıq qapı günləridir, yəni universitetdən kənar istənilən şəxsin festivalda iştirak imkanı var. Elə müşahidələrdən məlum olurdu ki, başqa universitetlərdən yüzlərlə tələbə, yaxud orta və yaşlı nəslin nümayəndələri də festivala qatılıblar.
BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla bir sıra qələm adamlarının iştirakı ilə festivalın təntənəli açılışı oldu.
Xalq yazıçısı Anar çıxış edərək BDU-nun həyətində kitab bayramı ab-havasının yaranmasına görə bütün təşkilatçılara minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu cür tədbirlərin həyata keçirilməsi həmişə vacibdir.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanın bütün türkdilli ölkələrlə siyasi bağlarının sarsılmazlığını vurğulayıb. Ümummilli liderimiz Heydər Əliyevin mütaliə ilə bağlı hikmətli sözlərini yada salan rektor belə bir tədbirin BDU-da keçirilməsininin əhəmiyyətindən söhbət açdı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva festivalın təkcə Azərbaycan yox, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un baş katibinin köməkçisi Bilal Çakıçı festivalla bağlı düşüncələrini bölüşdülər, Azərbaycan mədəniyyətinin türk dünyasındakı yeri və rolu barədə danışdılar.
AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, şair-nasir Əkbər Qoşalı və digər qələm adamları çıxış edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
26 may festivalda Şuşa günü elan olunduğundan Elçin Mirzəbəyli, Fərid Hüseyn, Ruslan Dostəli və digər şairlər Şuşaya ithaf etdikləri şeirləri səsləndiriblər.
Azərbaycan Respublikasının Əməkdar artisti Xumar Qədimova öz ifası ilə tədbirə rəng qatıb.
Qeyd edək ki, fetivalın ikinci günü "Türk Dünyası Günü", üçüncü günü isə "Dədə Qorqud Günü" adlandırılıb. Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.
Nadir YALÇIN











