|
|
|
|

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”. Bu fikir ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı, 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında oxunan məktubunda əksini tapıb.
Amerika liderinin məktubunun hər cümləsində Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə verdiyi önəm, tərəfdaşlığın daha da gücləndirilməsi və dərinləşdirilməsi niyyəti açıq şəkildə ifadə olunur. Prezident Bayden ABŞ-ın Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam etdiyini vurğulayıb. Eyni zamanda, iki ölkənin 30 illik diplomatik münasibətləri dövründə bir sıra sahələrdə güclü tərəfdaşlığın qurulduğuna diqqət çəkib. Bu sırada transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələləri qeyd olunub.
Prezident Baydenin bundan əvvəl Azərbaycanın Müstəqillik Günü münasibətilə dövlət başçısı İham Əliyevə ünvanladığı məktubda da Vaşinqtonun ölkəmizlə əməkdaşığa verdiyi önəm vurğulanmışdır. Qeyd etmək lazımdır ki, xüsusilə, ikinci Qarabağ müharibəsindən sonra, həmçinin ölkəmizin qlobal problemlərlə bağlı tutduğu mövqe və onların həllinə öz töhfəsini verməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Ölkəmiz heç bir dəstək olmadan öz haqlı mübarizəsini apararaq torpaqlarının 30 illik işğalına son qoydu. Bununla da təkcə siyasət meydanında deyil, hərbi müstəvidə də qalib ölkə statusunu qazandı. Bu gün 44 günlük müharibənin nəticələri bütün dünya tərəfindən qəbul edilir və Azərbaycanın davamlı sülh səyləri dəstəklənir. Çünki münaqişənin bitməsi Cənubi Qafqaz regionunun inkişafı, bölgədə yeni əməkdaşlıq mühütinin yaranması, onun potensialından, resurslarından daha səmərəli istifadə üçün yeni imkanlar ortaya qoyub.
Hazırda isə rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün öz təkliflərini irəli sürüb. Bütün bu proseslərdən sonra təbii ki, regionda ölkəmizin mövqeləri daha da güclənib, Azərbaycan lider ölkə kimi qlobal nəzərləri öz üzərinə cəlb edib. Dünyanın aparıcı ölkələrinin Azərbaycana marağının artması, ölkəmizlə əməkdaşlığı dərinləşdirmək niyyətləri təkcə enerji imkanları ilə bağlı deyil. Cənubi Qafqazda söz sahibinə çevrilən Azərbaycan həm də özünün nəqliyyat-logistik imkanları, zəngin təbii resursları, malik olduğu potensialı, həyata keçirdiyi xarici siyasət xətti ilə diqqət çəkməkdədir. Prezident İlham Əliyevin Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar, aparılan fəaliyyət beynəlxalq aləmdə təqdir olunmaqdadır. ABŞ lideri də bu məqamları, o cümlədən Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımları xüsusilə alqışlayıb.
Qeyd ediləcək başqa bir vacib məsələ isə Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyi, bu ölkəyə davamlı humanitar yardım göstərməsidir. Azərbaycan bölgədə Ukraynaya ən çox humanitar yardım göstərən ölkədir. Həmçinin, Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı və qətiyyətli mövqedən çıxış edir. Qərb tərəfindən bu, yüksək qiymətləndirilir. Bayden öz məktubunda qeyd edib: “Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan hər zaman ABŞ-la münasibətlərin inkişafında və qorunmasında maraqlı olub. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə də xarici siyasətdə Birləşmiş Ştatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilib. Baydenin məktubu Birləşmiş Ştatlarla yaxın gələcəkdə Azərbaycanla tərəfdaşlığı daha yüksək səviyyə qaldıracağına, əməkdaşlığın bütün sahələrdə uğurla davam etdiriləcəyini söyləməyə əsas verir.
Pərvanə



