|
|
|
|

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Zahid Avşar Eloğlunun 70 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə AYB-in sədr müavini Rəşad Məcid açaraq yubilyarı təbrik edib və onun yaradıcılığından danışıb: "Zahid müəllim Ağcabədidə yaşayıb-yaradır və rayonun sayılıb-seçilən ziyalılarından biridir. Onun özünəməxsus təmkini, milli xüsusiyyətlərə sadiqliyi həyatda olduğu kimi, ədəbi fəaliyyətdə də Zahid müəllimi müsbət xarakterizə edən dəyərli cəhətlərdir". Sonra yubilyar şair AYB-in fəxri fərmanı ilə təltif edilib.
Tədbirin aparıcısı, "Azərbaycan" jurnalının poeziya şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə yubilyarla bağlı düşüncələrini bölüşüb: "Zahid Avşar özlüyündə bir düşüncə tərzidir. Onun yaradıcılığı qaynar bulaq kimidir. Xüsusən poeziyasında yer alan uşaq şeirləri günümüz üçün çox gərəkli ədəbiyyat nümunələridir".
Millət vəkili, şair Tahir Rza deyib ki, Şuşanı, Qarabağı görməyənlər Zahid Avşarın şeirlərini oxuyanda o yerləri göz önündə canlandıra bilərlər: "Onun yaradıcılığı çox zəngindir. Bir ziyalı və pedaqoq kimi Zahidin cəmiyyətlə töhfələri çoxdur. O, çox sədaqətli bir vətəndaşdır".
Əməkdar müəllim, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli redaktoru olduğu "Qoca palıdın dastanı" kitabından müəllifin bir neçə şeirini səsləndirib, daha sonra Zahid Avşarın pedaqoji fəaliyyətindən danışıb: "Zahid müəllim bütün ömrünü ədəbiyyata və təhsilə həsr edib və əsl ziyalının əyalətdə də yüksələrək cəmiyyət üçün faydalı ola biləcəyini sübuta yetirdi”.
Şair Fəxrəddin Teyyub bildirib ki, Zahid Avşar vətən-millət sevgisini, yüksək mədəniyyəti, insanlığı və bir sıra başqa müsbət keyfiyyətləri özündə cəm edən şəxsiyyətdir: "Zahid müəllim öz şeirlərində vətənə, millətə sevgini, Qarabağın gözəlliyini layiqincə tərənnüm edib".
Şair-tərcüməçi İlqar Türkoğlu da yubilyar haqqında düşüncələrini dilə gətirib və ona fəxri fərman təqdim edib.
Tədbirdə Zahid Avşar Eloğlunun nəvələri onun şeirlərini söyləyiblər.
Sonda yubilyar şair çıxış edərək AYB-in rəhbərliyinə və yubiley tədbirinin keçirilməsində əməyi olanlara, haqqında fikir söyləyənlərə təşəkkürünü bildirib, özünün "Şuşa" şeirini səsləndirib.
Əntiqə KƏRİMZADƏ



