|
|
|
|

Bugünlərdə Aran elinin sənət sevdalıları Gəncə incəsənət aləminin xüsusi bilgi və ustalıq tələb edən növlərinin üç tanınan isminin əsərlərini seyr etmək imkanı qazanıblar.
Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində "Ulu Gəncənin sənət inciləri" adlı yaradıcılıq sərgisində bədii metalişləmə mütəxəssisi, Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərovun, ağac oyma ustası, Azərbaycanın Əməkdar rəssamı Saləddin Məhərrəmovun və Azərbaycan Rəssamlar İttifaqının üzvü heykəltaraş Camaləddin Rüstəmovun əl işləri nümayiş olunub. İki gün davam edən sərgidə Mingəçevir ictimaiyyəti və şəhərin qonaqları sənətkarların əl işləri ilə tanış olub, həmçinin birbaşa müəlliflərlə təmasda onların çalışdıqları sahənin xüsusiyyətləri haqda bilgilər də əldə ediblər.
"Gəncə şəhərində yaşayıb-yaradan bu rəssamların paytaxtımızda, eləcə də bir sıra xarici ölkələrdə sərgiləri və master-klasları keçirilib. Mübariz Əkbərovun milli ornamentlərlə bəzədiyi işləri, xüsusən, millətimizə və dünya xalqlarına məxsus soyuq silah nümunələri, Saləddin Məhərrəmovun ağac materialları ilə işlədiyi nəfis kompozisiyaları, eləcə də Camaləddin Rüstəmovun güclü emosional heyəltəraşlıq əsərləri ən yüksək sərgilərin bəzəyidir" - deyə, Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli sərginin açılışında bildirib.
Sərgidə zəngin eksponatlar ilə təmsil olunan rəssam Mübariz Əkbərov hazırladığı və qiymətli metallarla nəfis ornamentlərlə bəzədiyi soyuq silahlar - qılınclar, xəncərlər, bıçaqlar, eləcə də kəmərlər, qəlyanlar, bəzək əşyaları və digər nümunələrin tarixçələri haqqında ətraflı danışıb. O, bildirib ki, onun əsərləri Türkiyə, Danimarka, İngiltərə, Rusiya və Almaniyada yüksək səviyyədə qarşılanıb.
"Bədii metalişləmə də rəssamlığın bir növüdür. Müəllimim, böyük rəssamımız Lətif Kərimovun tövsiyəsi və xüsusi diqqəti ilə bu sənəti seçmişəm. Məhz onun Azərbaycanda bu sənət növünün yaşadılmasının vacibliyi haqda dediklərini üzərimə düşən bir missiya kimi qəbul etmişəm"- deyə, Mübariz Əkbərov əlavə edib.
Əməkdar rəssam sərgidə sənət aləmində yeganə olan nüsxələri də xüsusi təqdim edib. Onlardan "Turan", eləcə də İslam dünyasının tarixi real şəxsiyyəti olan Əli ibn Əbu Talibin məşhur "Zülfüqar" qılıncı böyük maraq doğurub. Qeyd edək ki, bir neçə gün öncə, bu işlər haqda qəzetimizin "525-ci kanal" adlı YOUTUBE portalında geniş videosüjet yerləşdirilib.
Saləddin Məhərrəmovun ağac üzərində bədii oyma əsərləri də öz incəliyi və insanı düşüncələrə daldırmaq gücünə malik olması ilə diqqət çəkib. Rəssam qoz, çinar, fistıq və cökə ağacları lövhələrində yüksək zövqlü əsərlər yaradıb.
"Mənim məqsədim seyrçini düşündürməkdir. Hər əsər böyük bir hekayədir. Mənim əl işlərimi musiqiyə yaxşı qulaq asmağı bacaran, muğamı, simfoniyanı duyan adam daha aydın anlayır. Bu işlərin açarı musiqidir. Axı musiqinin də, təsviri sənətin də emosional kökü eynidir" - deyə, o, bildirir.
Sərgidə heykəltaraş Camaləddin Rüstəmovun da Şah ismayıl Xətai, memar Şeyx Bahaəddin, Nuru Paşa kimi tariximizdə əhəmiyyətli rol oynamış şəxsiyyətlərə aid heykəlləri və digər əsərləri böyük maraq doğurub.
Mingəçevir İcra Hakimiyyərinin başçısı İlham İsmayılov da sərgiyə baxıb və rəssamlara uğurlar diləyib.
Tədbir boyu yerli mədəniyyət işçilərinin ifalarında sərginin ruhuna uyğun musiqi əsərləri səsləndirilib. Həmçinin, tamaşaçıların çay süfrəsi ətrafında fikirlərini, təəssüratlarını bölüşməsi də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Zakir MURADOV,
Mingəçevir - Gəncə




