
Demokratik hüquqi dövlət quruculuğu cəmiyyət və dövlət işlərinin idarə olunmasına, qərarların hazırlanması, müzakirəsi, qəbulu, icrası və qiymətləndirilməsi prosesinə gənclərin daha geniş hissəsinin cəlb olunmasını, vətəndaş fəallığının və təşəbbüskarlığının artırılmasını zəruri edir.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Tarixi nöqteyi-nəzərdən gənclər həmişə dövlətin və cəmiyyətin idarə olunmasında əsas hərəkətverici qüvvə olaraq qərarların qəbul olunmasına mühüm təsir göstərmişlər. Müasir dövrdə dünyada bu istiqamətdə gedən proseslər Azərbaycanın da ictimai-siyasi həyatına öz təsirini göstərir. Bütün bunların məntiqi nəticəsi olaraq, ölkəmizdə də gənclər dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafında ölkənin vacib qüvvələrindən biridir. Bu gün Azərbaycanda idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişməkdədir. Ekspetlərin fikrincə belə şəraitdə dövlət idarəçiliyinə gənclərin cəlb olunması və gənclər təşkilatları ilə sıx əməkdaşlıq vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Araşdırma və tədqiqatlara əsasən, ölkəmizdə gənclərin qərar qəbuletmə prosesində iştirakının başlıca yönlərindən biri gənclərin qərar qəbul edən dövlət orqanlarında bilavasitə rəsmən təmsil olunmasıdır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Son zamanlar dövlət başçısının verdiyi qərarlara əsasən gənclər təşkilatlarının bir neçə nümayəndəsinin dövlət qurumlarına mühüm vəzifələrə təyin olunması gənclərin idarəetmə prosesinə fəal cəlb olunmasının bir nümunəsidir.
Digər istiqamət isə gənclərin müxtəlif normativ-hüquqi aktların, qərarların, dövlət proqramlarının, konsepsiyaların, Milli fəaliyyət strategiyalarının və s. bu kimi sənədlərin hazırlanması və müzakirəsi prosesinə cəlb olunmasıdır.
Müşahidələrə əsasən Azərbaycan Respublikasının Milli Məclisində bir sıra qanun layihələrinin hazırlanmasında gənc millət vəkilləri fəal iştitak edirlər. Bununla yanaşı gənclər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)", "Yoxsulluğun Azaldılması və İqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər) və "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" nın hazırlanmasında iştirak etmişlər.
Cəmiyyətin müxtəlif sahələri ilə bağlı bu sənədlərin hazırlanması, icrası və qiymətləndirilməsində gənclərin də iştirakı aydın şəkildə hiss olunmaqdadır. Nümunə üçün deyək ki, "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması və müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak etmişlər. Bu proqramların qəbul olunması ilə dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Bu proses hal-hazırda da davam etməkdədir. Eyni zamanda 2011-ci ildə qəbul olunmuş dövlət gənclər proqramında gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması barədə xüsusi bənd mövcuddur. Qeyd edək ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının mühüm bir qismini gənclər təşkil edir.
Gənclərin təklifləri və təşəbbüslərinin müvafiq dövlət orqanları tərəfindən nəzərə alınması da vacib məsələdir.
"Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak edərək, bir sıra təkilf və təşəbbüslə çıxşlar etmişlər. Statistikaya görə ötən ildə qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının geniş ictimai müzakirəsi və hazırlanması üçün gənclər və onların təmsil etdikləri QHT-lər tərəfindən 2000 - dən artıq əhəmiyyətli təkliflər verilmişdir. Həmin təkliflərin əksəriyyəti proqramın işçi qrupu tərəfindən bəyənilmiş və proqramın qəbulunda öz əksini tapmışdır.
Başqa bir sahə isə icra hakimiyyəti orqanlarında gənclərin daxil olduğu müxtəlif ictimai qurumların yaradılmasıdır.
Azərbaycan Respublikası ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edilmiş "Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq yaradılmış İctimai Komitənin tərkibində gənclərin QHT-lərindən də nümayəndələr təmsil olunur. İctimai Komitə penitensiar müəssisələrdə saxlanma şəraiti, maddi-məişət, tibbi-sanitariya təminatı, məhkumların əməyə cəlb olunması, onlarla həyata keçirilən tərbiyə işi, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı işinin təşkili ilə tanış olmaq və sair bu kimi məsələlərlə məşğul olur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın tərkibinə də gənclərin bir neçə nümayəndəsi daxildir. İctimai Şurada təmsil olunan gənclər digər vətəndaş cəmiyyəti institutları ilə birgə sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin işlənib hazırlanması və digər istiqamətlərdə mühüm işlər həyata keçirirlər. Eyni zamanda gənclər təşkilatlarının nümayəndələri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın üzvü olaraq dövlət gənclər siyasətinin icrasında mühüm fəallıq göstərirlər.
Dövlət və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar gənclərin qərar qəbul etmə prosesində iştirakının artırılması məqsədi ilə bir sıra proqram və layihələr həyata keçirməkdədirlər. Hazırda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilən "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" adlı layihəni buna misal göstərmək olar. Layihənin məqsədi dövlət gənclər siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Artıq icrasına başlanılan layihənin əsas cəhətlərindən biri də gənclərin liderlik potensialını inkişaf etdirməklə onların idarəetmə sahəsində daha fəal iştirakını dəstəkləməkdir. Layihədə 2 il müddətində iştirak etmək üçün 50 nəfər gəncin seçilməsi və onların layihənin fəaliyyətlərinə fəal şəkildə cəlb olunması nəzərdə tutulmuşdur. Seçilmiş şəxslər şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək, dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcək və bu onların gələcəkdə dövlət qulluğunda çalışmalarına müsbət təsir göstərəcəkdir. Həmçinin layihə iştirakçıları Azərbaycanın dövlət nümayəndələri, ictimai-siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT və KİV rəhbərləri və digər tanınmış ictimai-siyasi şəxslərilə görüşmək və birbaşa fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər. Bununla yanaşı layihədə fəal iştirak edən gənclərin beynəlxalq tədbirlərdə və müxtəlif beynəlxalq təcrübə proqramlarında iştirak etmə müraciətlərinə layihə təşkilatçıları tərəfindən dəstək veriləcək. Layihə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.
Elməddin Hacılı Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri



