Hörmətli Heydər Ələddinoğlu, şeirlərini diqqətlə oxudum. Sən şairsən, ona görə mənə şair dilində, şeirlə cavab yazıram. Özün başa düşərsən.
Fikrət Qoca
Dərdin çoxdu, çək azalsın, Dərd üstünə dərd yükləmə. Namərdlər dərd çəkən deyil, Mərd üstünə dərd yükləmə.
Torpaq qara, səma bəyaz, Nə “daş axtar”, nə “qəbir qaz”. Sən rəngləri qarışdır yaz! Şeirini yaz. Dərin-dayaz! Yeri! Yüyür! İməkləmə!
Heydər ƏLƏDDİNOĞLU
Kül olsun dünyanın yekə başına!
Məni hədələyir bu azğın dünya, Gözümdən süzülən yaşı da görmür. Mən əzab elmini elə bilirəm Ayağım biləni başı da bilmir. Dərd-qəmi sinəmdə elə yatır ki, Zəhəri şərbətə elə qatır ki, Həsrət sapandıyla elə atır ki Tökülür başıma daşı da bilmir.
Baxıb utanmayır ahıl yaşına, Nə gəldi eləyir elə huşuna, Kül olsun dünyanın yekə başına! Bir şair oğlunu yaşada bilmir!..
Qəbrimə Yer boyda daş bəsləyirəm
İçdiyim kədərdir, yediyim əzab İsti ürəyimdə qış bəsləyirəm. Yıxılmış yurd-yuvam boş qalmamaqçın Birtəhər bədəndə baş bəsləyirəm.
Fələkdir puç olmuş günləri sayan Qoruyan mələksən, sən nəsən dayan! Vüsalı dadmamış qırxa çatmayan Ölümçün şərəfli yaş bəsləyirəm.
Uçar üstünüzə çəkilin, qaçın! Torpağın qan olmuş ağzını açın, Bir də bu dünyaya qayıtmamaqçın Qəbrimə Yer boyda daş bəsləyirəm!..