|
|
|
|

XX əsrin sonlarından başlayaraq dövlət müstəqilliyinin ilk, kövrək addımlarını atan əksər ölkələrdə, o cümlədən Azərbaycanda da, bu tanınma bilavasitə ali dövlət struktur və qurumlarının QHT-lərə münasibətdə pozitivə doğru dəyişmiş mövqeyi sayəsində formalaşa bilib. Bu proses təsadüfən baş verməyib: burada ölkənin gələcək inkişafını ictimai sektorsuz təsəvvür edə bilməyən ilkin QHT-çilər dəstəsinin təşəbbüskarlığı və inadı ilə bərabər Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, eləcə də ölkədə siyasi sabitliyin bərqərar edilməsinə çətinliklə nail olmuş Azərbaycan hakimiyyətinin konstruktiv modelçi düşüncəsini qeyd etmək yerinə düşərdi.
QHT fəaliyyətinin özünəməxsus unikallığı onun çox funksionallığındadır. Doğrudan da, cəmiyyətin o sahəsi yoxdur ki, ona aid QHT fəaliyyətini nəzərdə tutmaq mümkün olmasın.
Azərbaycan QHT-lərinin fəaliyyət yönümü ölkənin ümumi siyasi-iqtisadi, sosial-mənəvi durumu ilə diktə olunur.
QHT-lər fəaliyyət göstərdikləri müddətdə tədricən təkmilləşib və müxtəlif sahələrdə ixtisaslaşmaqla yanaşı birləşməyə, fəaliyyətlərini əlaqələndirməyə, müxtəlif koalisiya və ittifaqlar yaratmağa başlayıb. Ölkəmizdə QHT-lərin sayı artdıqca, onların fəaliyyəti cəmiyyətin müxtəlif sahələrini əhatə etdiyinə görə qanunvericilik bazası da bu inkişafa uyğun olaraq təkmilləşib. 1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlar qəbul edilib. Bu qanunların qəbulu vətəndaş cəmiyyəti sektorunun dövlət nəzarəti altında tənzimlənməsinə, onların daha yaxşı və qanunlara əsaslanan fəaliyyət göstərmələrinə şərait yaradıb. Qeyd etdiyimiz kimi gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin Milli Şura ətrafında birləşməsi digər sahələrdə fəaliyyət göstərən QHT-lərin də oxşar strukturlarda birləşməsinə belə demək mümkündürsə, stimul olub.
Diqqətəlayiq haldır ki, ölkə QHT-lərinin böyük bir hissəsi, az qala dördə biri, bilavasitə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı nəticə və fəsadların aradan qaldırılmasına yardım etmək üçün çalışır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş QHT-lərə dövlət dəstəyi Konsepsiyasında dövlətin ilk növbədə maliyyə dəstəyi göstərəcəyi on beş əsas fəaliyyət istiqamətindən ilk üçü məhz münaqişədən zərər çəkmiş insanlara bu və ya digər hüquqi, maddi və mənəvi yardımın göstərilməsini nəzərdə tutur.
Bununla yanaşı, Azərbaycan formalaşmaqda olan gənc bir dövlət kimi, ölkənin dünya birliyinə inteqrasiya olunmasına, cəmiyyətdə siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılmasına, insan, hüquq və azadlıqlarının təmin edilməsinə, söz, fikir və iradə azadlığının genişlənməsinə, habelə regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsinə, əhalinin sağlamlığının və ətraf mühitin qorunmasına, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafına ciddi diqqət yetirməyə bilməz.
Azərbaycan dünyanın siyasi-geostrateji baxımdan çox həssas nöqtəsində yerləşdiyi və şərqlə qərbin ciddi maraqlarının qarşılaşdığı nöqtədə olduğu üçün burada bütün növ fəaliyyət istiqamətləri üzrə çalışmaq istəyən QHT-lərin ortaya çıxması təəccüblü görünmür. Hakimiyyət orqanlarını və QHT birlikləri cəmiyyətə sağlam təşkilatlanma üçün verilən azadlıqlardan sui-istifadə hallarına qarşı çıxmağa həmişə özündə təpər tapmalıdırlar. Ancaq bütövlükdə götürəndə, ölkənin QHT sektoru istər-istəməz cəmiyyətin sağlam meyllərinə tərəfdar çıxmağa və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir. Belə fəaliyyət QHT-ni vətəndaşla dövlət arasında mühüm və əvəzedilməz bir vəsiləyə çevirməklə yanaşı, yeri gəldikdə, ona vətəndaşı və ayrı-ayrı toplumları inzibati aqressiyadan qoruya bilən bufer mütəhərrikliyi verir. Mütəxəssislərin fikrincə, Azərbaycanda güclü hüquq müdafiəsi sisteminin yaranması bu gün reallığın diktə etdiyi zərurətdən doğur. Təkcə Ombudsman aparatının formalaşdırılması QHT fəaliyyətində insan haqları və azadlıqlarının müdafiə edən neçə-neçə yeni təşkilatın yaranmasına səbəb oldu: belə ki, cəmiyyət dövlət inzibatçılığının bəzən özünü doğrultmayan sərtliklərinə və amansızlıqlarına qarşı mübarizədə bir növ, dövlətin özünün də maraqlı olmasını hiss etdilər və ümumi mübarizə həmrəyliyindən ruhlanaraq, yeni-yeni təşkilatlarda birləşməyə başladılar. Heç kim bu gün həmin prosesin sona çatmaqda olduğunu təsdiq edə bilməz, yəni proses davam etməkdədir.
Azərbaycanda QHT fəaliyyətinin vacib sahələrindən biri də media, söz və fikir azadlıqlarını əhatə edir. Mətbuatımız ad və çeşid baxımından çox rəngarəng görünsə də, burada mütəmadilik və obyektivlik qanunlarına dəqiq riayət edən ciddi informasiya vasitələri çox deyil. Media sahəsində QHT-lərin həyata keçirdiyi həm jurnalist hüquqlarının qorunması sahəsində, həm də bütövlükdə media fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsində bəzi QHT-lər fəallıq göstərir. Qeyd etmək lazımdır ki, ölkədə KİV qeydiyyatının son dərəcə sadələşdirilməsində, faktiki olaraq arzu edən hər kəsin informasiya vasitəsi təsis etmək hüququnun reallaşdırılmasında QHT-lərin rolu böyük olub. Azad informasiya yayımına malik olan ölkədə heç bir avtoritarizm və tarixin səhnəsindən silinmiş digər növ antidemokratik meylli idarəçilik formaları tətbiq oluna bilməz.
QHT fəaliyyətinin önəmli sahələrindən biri kimi uşaq, gənclər və qadın təşkilatlarının yerinə yetirdiyi missiya qeyd edilməlidir. Müvafiq dövlət strukturları və beynəlxalq təşkilatlarla sıx əlaqədə çalışan bu yönlü QHT-lərin mövcudluğu öz-özlüyündə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edir. Ayrı-ayrı vətəndaşlarla və lokal toplumlarla işləyən bu QHT-lər dövlət orqanlarından fərqli olaraq, cəmiyyətdə məhz vətəndaş həmrəyliyini və vətəndaş fəallığını artırır, insanların qayğı və problemlərinin başqaları ilə bölüşməsinə şərait yaradır.
QHT-lərin bir institut olaraq Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmasını analiz edərkən bəlli olur ki, onların ölkənin ictimai-siyasi həyatında hər-tərəfli iştirakı üçün kifayət qədər hüquqi baza mövcuddur. Belə ki, yuxarıda qeyd olunan qanunlarla yanaşı, qeyri-hökumət təşkilatları seçki qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasında keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərini müşahidə edə bilərlər.
Bundan başqa qeyri-hökumət təşkilatları prezident və bələdiyyə seçkiləri haqqında qanunlara uyğun olaraq seçki komissiyalarının formalaşmasında da iştirak edə, həmçinin müvafiq qanuna əsasən, yığıncaqlar, toplantılar keçirə bilərlər.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən qeyri-hökumət təşkilatları kütləvi informasiya vasitələri təsis etmək hüququna malikdirlər. Elə Azərbaycanın bugünkü gerçəkliyi də QHT-lərin qanunun bu müddəasından fəal istifadə etmələrini sübuta yetirir.
“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əsasən dövlət orqanları və təsərrüfat təşkilatları qanunvericilikdə nəzərdə tutulan hallarda əlillərin ictimai təşkilatlarının mənafeyinə toxunan məsələləri əlillərin müvafiq ictimai təşkilatlarının iştirak və ya razılığı ilə həll edirlər.
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna görə qeyri-hökumət təşkilatları ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq, özlərinin ekoloji proqramlarını işləyə və təbliğ edə, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə edə, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirə, ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak edə, inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsinin, o cümlədən ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti və daimi dayandırılmasını tələb edə, müvafiq orqanlar və məhkəmələr qarşısında iddia qaldıra bilərlər və s.
Azərbaycan dünyanın siyasi-geostrateji baxımdan çox həssas nöqtəsində yerləşdiyi və şərqlə qərbin ciddi maraqlarının qarşılaşdığı nöqtədə olduğu üçün burada bütün növ fəaliyyət istiqamətləri üzrə çalışmaq istəyən QHT-lərin ortaya çıxması təəccüblü görünmür. Hakimiyyət orqanlarını və QHT birlikləri cəmiyyətə sağlam təşkilatlanma üçün verilən azadlıqlardan sui-istifadə hallarına qarşı çıxmağa həmişə özündə təpər tapmalıdırlar. Ancaq bütövlükdə götürəndə, ölkənin QHT sektoru istər-istəməz cəmiyyətin sağlam meyllərinə tərəfdar çıxmağa və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir.
Bütün qeyd olunanları yekunlaşdıraraq demək olar ki, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün bütün qanuni prosedurlar nəzərdə tutulub. Qanunlara edilən əlavə və dəyişikliklərlə zaman-zaman mövcud boşluqlar, qüsurlar da öz müsbət həllini tapır. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə yeni tələblər ortaya çıxır və bu da öz növbəsində ölkəmizdə qeyri-hökumət təşkilatlarının qanunvericilik bazasının təkmilləşdirilmsini zəruri edir. Şübhəsiz ki, Azərbaycan dövləti cəmiyyətin rifahı üçün müəyyənləşdirdiyi vəzifələri yerinə yetirdikcə QHT-lərin də fəaliyyətini nəzərə alacaq və qarşılıqlı anlaşma səviyyəsində qurulan belə əməkdaşlıq getdikcə daha böyük sahələri əhatə edəcək.
AQİL



