Ermənilərin özgəsinin əmlakını mənimsəməsi, evini yandırması, dini abidələri, mədəni irsi məhv etməsi, ümumiyyətlə, barbar əməlləri yenilik deyil. Tarixən Ermənistan məhz Azərbaycana qarşı bu vandal əməlləri həyata keçirib. Həm İrəvanda Azərbaycan izini məhv edib, həm də 30 ilə yaxın işğalda saxladığı ərazilərimizdə misli görünməmiş cinayətlər törədib. 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də vəhşi xislətlərini bir daha nümayiş etdirərək evlərə od vurdular, ekoloji terrorra əl ataraq Kəlbəcərdə meşələri yandırdılar. İndi də Laçında eyni cinayətləri törədirlər. Özgəsinin torpağında qanunsuz yaşayırlar, sərvətlərini talayırlar, çıxanda isə daha bir cinayətə əl atıb, yandırırlar.
Qeyd edək ki, Azərbaycanın Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib. Bir neçə gün əvvəl Laçın rayonunun Zabux kəndində yaşayan və kəndi tərk etməyə hazırlaşan erməninin evinə yandırıcı maddə tökərək od vurmasına dair görüntülər sosial şəbəkələrdə yayılıb. O, evinin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib. Eyni zamanda, onların dini abidələrə də zərər vurduğuna dair görüntülər var.
Dövlət başçısı İlham Əliyev bu yaxınlarda AzTV-yə müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər müraciət edib, dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin: "Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".
Mövzu barədə "525"ə danışan Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, hələ bir müddət əvvəl ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməzdən əvvəl o ərazilərdə xidmət göstərən hərbi kontingentimizin bu cür vandal əməllərin qarşısını almaq üçün tədbirlər görməsinin məqsədəuyğun olduğunu söyləyib: "Orada xidmət aparan Azərbaycan hərbçiləri ərazini nəzarətə götürməlidirlər. İmkan verilməməlidir ki, Kəlbəcərdə və digər ərazilərimizdə törətdikləri vəhşiliyi yenidən təkrarlasınlar. Əgər kimsə fikirləşirsə, ermənilər başlarına gələnlərdən nəticə çıxarıb ağıllanacaqlar, vəhşi, murdar, vandal hərəkətlərindən əl çəkəcəklər, səhvə yol verir. Onlar islah olunan toplum deyillər. Kəlbəcərdən çıxan zaman cənab Prezident humanistlik göstərib onlara əlavə vaxt verdi. 10 gün ərzində onlar ərazini yandırıb taladılar, minalayıb çıxdılar. Bu gün də ermənilər Laçında, Zabuxda həmin əməlləri törətməkdə davam edirlər. Hətta özləri kadrları çəkib sosial şəbəkələrə yerləşdirirlər. Kimsə düşünürdüsə, rus hərbi kontingenti bunun qarşısını alacaq, səhv edir. Rus hərbi kontingenti əraziyə yerləşdiyi gündən onların törətdiyi hansı təxribatın, hansı vəhşiliyin qarşısını alıb? Əksinə, hələ şərait yaradıb ki, bir az da artıq dağıdıb, yandırsınlar. Ona görə mütləq Azərbaycan hərbçiləri əraziyə daxil olmalıdır, heç olmasa qalanların yandırılmasına imkan verilməməlidir. Ərazi bizimdir və Azərbaycan ərazisində bizim vətəndaşa, hərbçiyə hər hansı məhdudiyyət qoyulmamalıdır, qoyula da bilməz. Lakin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən müəyyən müddət müvəqqəti olaraq Rusiya hərbi kontingenti bu əraziyə nəzarət edəcək. Onların da artıq ömrünə az qalıb. Rus hərbçilər özləri də ermənilərlə birgə o ərazilərdən yeni tikilən yolun ətrafına kənarlaşırlar. Yəqin ki, bizimkilərin əraziyə daxil olması bununla paralel aparılacaq".
Deputat Laçın sakini olan yaşlı bir kişinin açıqlamasına da diqqət çəkib: "Axşam efirdən izlədiyim həmin şəxs dedi ki, biz heç o vəhşilərdən nəsə qalmasını istəmirik. Təki torpaqlarımızdan rədd olub çıxsınlar. Öz doğma yurd-yuvamıza qayıdıb özümüz yenidən tikib quracağıq. Həqiqətən də müharibədən sonrakı dövrdə Azərbaycan sübut etdi ki, biz ermənilərin 30 il ərzində viran qoyduqları ərazilərimizi tikib, bərpa edib abadlaşdırırıq. Yəni iki millətin xarakterindəki fərq budur. Ermənilər dağıdıcı, vəhşi, vandal, azərbaycanlılar qurucu, yaradıcıdır. Qoy dünya buna qiymət versin".
E.Məmmədov bildirib ki, bu barbarlıq bütün dünyanın gözü qarşısında baş verir: "Azərbaycan məsələni ən yüksək səviyyədə qaldırıb. Həm işğal müddətində, həm də 2020-ci il 10 noyabr tarixindən bu günə qədər öz etirazlarını dəfələrlə bildirib. Bütün dünya azad edilmiş ərazilərdə ermənilərin cinayətlərinə, vandal əməllərinə şahid olub. Lakin rus hərbi kontingenti erməniyə nəyisə qadağan etməyəcək. Hər şey özümüzün nəzarətimizdə olmalıdır, heç kimə arxayın olub, etibar etmək olmaz".